Əməkdar rəssam
Rza Avşarın yubiley sərgisi
Əməkdar rəssam Rza Avşarın 75 illiyi
münasibətilə yaradıcılıq sərgisi
keçirilib. “Payız rəngləri” adlı ekspozisiya
oktyabrın 4-dən 9-dək Azərbaycan Rəssamlar
İttifaqının Vəcihə Səmədova adına sərgi
salonunda nümayiş olunub.
Sərginin açılış mərasimində
çıxış edən Xalq rəssamı Fərhad Xəlilov
Rza Avşarın əsərlərini yüksək qiymətləndirib.
Qeyd edib ki, onun yaratdığı əsərlərdə həyat
realizminin bədii məcmusu aydın nəzərə
çarpır. Fərhad Xəlilov yubilyarın həyat
yoldaşı İradə Avşarovanın da
tanınmış rəssam olduğunu və onların birgə
çalışaraq gözəl sənət əsərləri
yaratdıqlarını diqqətə çatdırıb.
Qərbi Azərbaycan İcması idarə heyətinin
sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli
rəssamın Vətənimizin təbiətini və
insanlarını vəsf edən əsərlərindən
söz açıb, onun icmaya hədiyyə etdiyi Rəvanqulu
xanın portretinin də dəyərli sənət nümunəsi
olduğunu vurğulayıb.
Prezident Administrasiyasının şöbə
müdiri sənətşünaslıq üzrə elmlər
doktoru, professor Ədalət Vəliyev Rza Avşarın Azərbaycanın
tanınmış teatr və kino aktyoru, Xalq artisti Muxtar
Avşarovun ailəsində dünyaya göz
açdığını bildirərək əlavə edib
ki, Avşarlar ailəsinin xəmiri mədəniyyətdən
yoğurulub. Bildirib ki, Rza Avşarın yaratdığı mənzərə
və natürmortlar ətraf mühitlə, təbiətlə
təmasdan doğan hədsiz sevinc və nikbinlik
duyğularını ifadə edir, yüksək zövq və
böyük sənətkarlıqla çəkdiyi portretlərdə
isə görkəmli şəxsiyyətlərimizin xarakterini
rənglərin dili ilə məharətlə nümayiş
etdirir.
Tədbirdə digər
çıxışçılar da Rza Avşarın
yaradıcılığından bəhs ediblər. Vurğulanıb
ki, müxtəlif janrlarda fırçasını sınayan rəssam
hər bir əsərini kövrək, həssas qəlbinin
hökmü ilə yaradaraq tamaşaçıya təqdim
edir.
Açılışdan sonra sənətsevərlər
rəssamın əl işləri ilə yaxından
tanış olublar.
Qeyd edək ki, sərginin Bakıdan sonra rəssamın
doğulduğu Gəncə şəhərində
nümayişi də nəzərdə tutulub.
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.5.