“Arada yuxuma
ağıllı adamlar girir”
Bu “Palata”da xəstə yoxdur?!
“6 nömrəli palata” böyük rus
yazıçısı Anton Çexovun əsərləri
içərisində sarsılaraq oxuduğum nümunədir.
Hekayədə, əslində, hamı özündən nə
isə tapır. Sözsüz ki, qəhrəmanların
arasında ola biləcəkləri (bəlkə də
olduqları) ehtimalından başqa. Bu, psixologiyada inkaretmə
refleksi kimi qiymətləndirilsə də, bədii mətn
kimi hekayə özü fərd olaraq hamımızın nə
zamansa baş vurmalı olduğumuz gerçəkliyə dar dəhlizdir.
O dəhliz ki, keçməmək üçün
ömür yolumuzu dolayı yollardan salırıq.
Əsərə bir neçə il əvvəl yaranan
və fəaliyyəti indi gözə dəyməyən
müstəqil “Sıfır” teatrındakı gənclərin
təqdimatında baxmışdım və bəyənmişdim.
Məhdud texniki imkanlar və məkan kasadlığında
absurd üslubda qurulan tamaşada ən çox cəlb edən
bir heçlik vurğusu idi. Orada istifadə edilən rekvizitlər
ekoloji böhranın “tərənnümü” olaraq tullantı
məhsullarından hazırlanmış və bizi qəhrəmanlarının
verdiyi “dəlidən doğru xəbər”in atmosferinə
salmışdı.
Akademik Musiqili Teatrın çoxdan hazırlamağa
başladığı və bu mövsümdə ilk premyera
kimi (3 oktyabr) təqdim etdiyi “Palata” özündən əvvəlki
nümunədən heç də geri qalmır. Amma akademik
teatr səhnəsi üçün vacib tələblər var
ki, onların pozulmasının üzərindən keçmək
olmur...
Tamaşa Əməkdar incəsənət xadimi Bəhram
Osmanovun səhnələşdirməsi əsasında hazırlanıb.
Janrı “tragikomik düşüncə” kimi müəyyən
olunan səhnə əsərinin quruluşçu rejissoru
Ər-toğrul Kamal, rejissoru Zaur Əliyev, quruluşçu rəssamı
Vüsal Rəhimdir.
Obrazları Ərtoğrul Kamal (Dilənçi), Zaur
Əliyev (Yevgeni Xobotov), Nicat Əli (Xəstə), Türkel
Tariqpeyma (Professor), Hüseyn Əlili (Andrey Yefimiç), Fərid
Rzayev (Nikita), Cəbrayıl Cəbrayılov (Şizofren), eləcə
də xor artistləri Rəşad Rüstəmli, Orxan Mirzəyev,
balet artisti Hüseyn Heydərli canlandırırlar.
Burada bir haşiyə çıxaraq deyim ki, Bəhram
Osmanov özü bu əsərə hələ 1994-cü ildə televiziya tamaşası (AzTV-nin
“Sabah” eksperimental yaradıcılıq emalatxanası) kimi
quruluş verib.
Bu “Palata”da hadisələr ətrafı köhnə
xarabalıqlarla əhatələnmiş xəstəxana
küncündə baş verir. Buradakılar unudulmuş, tərk
edilmiş xəstələrdir. Onlara kimsə baş çəkmir.
Hərəsinin bir ayrı xəstəliyi var: biri gecə-gündüz
qüssə içində olur, biri səhərdən-axşama
kimi küçələrdə dilənir, hamıya qulluq
edir, yoldaşlarına su verir. Özü də bu xidmətləri
yazığı gəldiyi üçün və ya
humanistliklə etmir. Sadəcə, özünü belə
xilas edir.
Gənc xəstə İvan (aktyor N.Əli) bura təqibolunma
xəstəliyindən əziyyət çəkdiyi
üçün salınıb. Üsyankar, savadlı,
mühakimə qabiliyyəti olduğundan barışmaz
mövqeyinə görə tez-tez əziyyət çəkir.
Hətta cəza olaraq saçları da qırxılır. Nəzarətçi
Nikitanın (F.Rzayev) qəzəbinə düçar olur.
Biz onu sonra daha yaxşı tanıyırıq:
universitetdə oxuyarkən atasını, sonra isə
anasını itirib. Bir gün küçə ilə gedərkən
ona elə gəlir ki, kimsə onu təqib edir. Beləcə,
onda bu fobiya yaranır və nəticədə bu palatanın
sakininə çevrilir.
Hər şeyə laqeyd yanaşan, öz
dünyasından xoşbəxt gülüşlər
saçaraq “Stanislav ordeni” gözləyən Şizofren (C.Cəbrayılov),
digər xəstələr də ətraflı təsvir
olunub.
Sözsüz ki, tamaşanın müəyyən mesajları,
dərin qatlardan şaxələnən fikir axını da
var: cəmiyyətdə dəli-ağıllı
anlayışları arasındakı ani keçiddə
özünü itirsən, aqibətin bu palatadır.
Məsələn, Yevgeni Xobotov (Z.Əliyev)
açıq beyinlə düşünə bilən, daha
doğrusu, vəziyyətə etiraz etmək istəyən,
düşüncələrini dürüst ifadə edib, hisslərinin
sözə çevirən həkimi Andrey Raqini (H.Əlili) dəlixanaya
salır.
Bu məqamda Professor (T.Tariqpeyma) ön plana
çıxır. O, sevdiyi kişinin xəstələndiyi qənaətinə
gəlir və onu palataya salmaq üçün əlindən
gələni edir.
Tamaşadakı hadisələr bu məqamdan sonra fərqli
məcraya köklənir və biz bir zamanlar xoşbəxt ola
bilməyən, illərini bu xəstəxanada keçirməkdən
bezən həkimin üsyanını görürük. O, nəzarətçi
Nikitaya “Bura çox qaranlıqdır, soyuqdur, qorxuram,
işıqları yandır” əmri versə də, səsini
xırp kəsəcəyi münasibəti görür və
anlayır: Nikita onu da digər xəstələr kimi
qamçılayacaq, keçəl edəcək, söyəcək...
Yuxarıda da dediyim kimi, hekayət vahiməli,
sarsıdıcıdır. Mürəkkəb xarakterlər, fəlsəfi
dialoqlar, ağıllı insanın yalqızlığı bu
hekayənin əsas motivləri olduğundan rejissor da
müvafiq quruluş həllinə çalışıb. Amma
özünün və aktyorlarının gücü
çatdığı qədər.
Məsələn, xəstəxananın baş həkimi
Raqin aktyor gücünə adekvat deyildi. Hətta bir səhnədə
bu elə aydın görünürdü ki,
tamaşaçı kimi aktyor özü də o anda orada nə
etdiyini tam kəsdirə bilmirdi. Səhnə belədir: həkim
bir gün dəliləri ziyarət etməyə gəlir. Xəstə
İvanla arasında yaşanan söhbət onu sarsıdır.
Ağıl ilə dəlilik arasındakı sərhəd,
yaşantı və elm, əzab haqqında düşüncələr,
fərqli prizmalarda baxış aktyorun ifasında
özünü ifadə edə bilmir. Bəlkə də,
rejissorun tragikomik-düşüncə kimi təqdim etdiyi
nümunədə biz o kədərli komediyanın
işartılarını məhz həkimin obrazı vasitəsilə
gözlədiyimizdən (və görə bilmədiyimizdən)
xəyal qırıqlığı yaşayırıq.
Başqa bir detal. “Xəstələndirilərək”
palata sakininə çevrilən həkim səhnənin
ortasında dayanır və dəli köynəyini geyinmək
üçün qurşağadək soyunur və
tamaşaçı aktyorun xüsusi kremlə
bronzlaşdırılmış bədənini görür.
Rejissor əsərdən irəli gələn daha təsirli
detallar qala-qala bu səhnə ilə nə demək istəyir?
Amma xəstə İvanın saçının
qırxılması səhnəsi inanılmaz təsirli idi.
Ümumiyyətlə, N.Əli, Z.Əliyev, F.Rzayev, C.Cəbrayılov
yaddaqalan oyun sərgilədilər. Xüsusilə C.Cəbrayılov
öz planında uğurlu seçim idi.
Amma tamaşanın cütlüyü H.Əlili və
T.Tariqpeyma üçün bunu deməyə çətinlik
çəkirəm. Onların oyunun alınması
üçün əlavə bir neçə “proqon”a ehtiyac
var.
Əslində, tamaşanın bitkin
alınmamasının bir səbəbi də rejissorun vahid
dramaturji xətti düzgün müəyyən etmədən
quruluşa qaçmasıdır. Məsələn, musiqi tərtibatından
söhbət belə gedə bilməz və bu mənada teatrda
musiqi məsələlərinə cavabdeh şəxsi
qınamaq olar. Teatr qaydalarına görə, tamaşaların
afişasında olmasa da, proqramında musiqi tərtibatçısı
mütləq qeyd edilməlidir ki, bu tamaşanın
proqramında biz onu tapa bilmədik.
Mümkündür ki, bundan sonrakı abzas emosional təyin
təsiri bağışlayacaq, amma onu da deyim. Bu teatrda
tamaşa quran yeni nəsil rejissorlar mövcud geniş
imkanlardan – xor, balet, orkestr – niyə
istifadə edib, tamaşanın ifadə texnikalarını zənginləşdirmirlər?
Düzdür, müəyyən əsərlər var ki, hər
üçünü bir anda tələb eləmir. Amma nəzərə
alaq ki, musiqisi primitiv tərtibat
olan tamaşalarda üslub və janr ilə həmahəngliyin
pozulması səhnə təfsiri və aktyor ifası
baxımından ciddi qüsurdur. Ümid edirik ki, bundan sonra ən
azı psixoloji qatlarında dərin düşüncə tələb
edən əsərlərin musiqi tərtibatında “qorodok”lar
dolanbaclarında azmayacağımız işıqlı
nümunələr bizi gözləyir.
İşıqlı dedim, yadıma tamaşanın ən
yaddaqalan, ürəkaçan iki məqamı
düşdü: işıq və səhnə tərtibatı.
Bunda Vüsal Rəhimin əməyi və fərqli
yanaşması göz oxşayırdı. Məsələn, fırlanan səhnədə
əks istiqamətə gediş, eləcə də “Ədalət
nə vaxt gələcək?” sualına “Qırmızı qar
yağanda” (balaca qırmızı top yağışı)
kimi cavab-təsviri bəyaz dəli köynəklərini və
çarmıx, qəfəs anlamlarına eyham olan döşəmə
və çarpayını daha ifadəli edir...
Həmidə Nizamiqız
Mədəniyyət.- 2024.- 11 oktyabr(¹76).- S.5.