“Tağıyev nəslinin
Bakıda yaşayan ən yaşlı nümayəndəsi
anamdır...”
İnessa Kərimova: “Fərqli ölkələrdə
yaşadığımız üçün bir-birimizi tez-tez
görmürük”
Artıq bir neçə ildir ki, böyük xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyevin anım mərasimi (1 sentyabr)
onun qohumları ilə birlikdə Mərdəkan qəsəbəsindəki
məzarı başında qeyd edilir. 2-3 il əvvəl belə
bir mərasimdə bu nəslin nümayəndələrindən
İnessa Kərimova ilə tanış olmuşdum. Hər dəfə
də tədbirdən sonra əlaqəmiz kəsilir, bir də
növbəti anım tədbirində görüşməli
olurduq. Bu dəfə, nəhayət, İnessa xanımla
görüşüb söhbətləşə bildik.
– İnessa xanım, özünüzü bir qədər
oxucularımıza tanıdın. Sizin Hacı Zeynalabdin
Tağıyev və onun həyat yoldaşı Sona xanımla
qohumluğunuz necədir?
– Sara xanım mənim ulu nənəmdir. Bilirsiniz ki,
Tağıyev iki dəfə nikahda olub. İlk nikahda olduğu
Zeynəb xanımdan iki oğlu və bir qızı –
İsmayıl, Sadiq və Xanım dünyaya gəlib.
İkinci dəfə isə general-leytenant Balakişi bəy
Ərəblinskinin qızı Sona xanımla ailə həyatı
qurub. Bu nikahdan onun iki oğlu və üç qızı – Məhəmməd,
İlyas, Leyla, Sara və Sürəyya dünyaya gəlib. Sara
xanım da iki dəfə ailə həyatı qurub. İlk həyat
yoldaşı Bakının sayılıb-seçilən
şəxslərindən Zeynal bəy Səlimxanov olub. Bu
evlilikdən Sara xanımın yeganə qız övladı Səfiyyə
dünyaya gəlib. Səfiyyə mənim nənəmdir.
Özümə gəlincə isə, demək istərdim
ki, ixtisasca həkim-stomatoloqam. Son dövrlərdə inteqrativ
təbabətlə maraqlanıram. İnteqrativ təbabət
müasir diaqnostika ilə yanaşı, tibbin ən effektiv və
qalıcı müalicə metodlarını özündə
birləşdirir. Təbabətin müxtəlif sahələri
üzrə diplom və sertifikatlarım var. Bir sözlə,
tibb sahəsinin stomatoloji tərəfini inkişaf etdirməklə
yanaşı, müxtəlif sahələrinə də bələd
olmağa çalışıram.
– Artıq bir neçə ildir ki, Tağıyevin
anım günü bir qədər fərqli qeyd edilir. Bu ideya
necə yarandı?
– Bu ideya mənim nənəm Səfiyyə xanıma məxsusdur.
Bilirsiniz ki, nənəm Azərbaycana yalnız 1990-cı ildən
sonra qayıda bilib. Pir Həsən ziyarətgahı XV əsrə
aiddir və Axund Abuturab burada dəfn ediləndən sonra məqbərə
ucaldılıb. Sözümü ona gətirirəm ki, nənəm,
ilk növbədə, şəhərdəki öz evlərini
(hazırkı Milli Azərbaycan Tarixi Muzeyi – red.) ziyarət
edirdi, bir də Mərdəkandakı bağ evlərini. O
burada babasının qucağında oynadığı
zamanları gözəl xatırlayırdı. Hacı
Zeynalabdin Tağıyevin dəfn olunduğu yer o illərdə
heç də yaxşı vəziyyətdə deyildi. Məqbərə
təbii təsirlərdən yararsız vəziyyətə
düşmüşdü. Yalnız 1989-cu ildə A.Mansurovun
öz vəsaiti hesabına qoydurduğu bürünc büst
yaxşı vəziyyətdə idi. Nənəm bu abidəni
və ərazini abadlaşdırmaq üçün aidiyyəti
üzrə müraciət edir və bərpa işləri
aparılır. Ərazi tam təmir olunaraq normal vəziyyətə
salınır. Burada həmçinin Zeynal bəy Səlimxanovun
da məzar daşı var.
1990-cı illərin sonlarından nənəm
Tağıyevin anım gününü qeyd etməyə
başladı. O zaman da bura hökumət nümayəndələri,
yaradıcı insanlar, elm xadimləri, Tağıyevin
yaratdığı (indiki 123 nömrəli) məktəbin
müəllimləri, bir sözlə, çox adam
yığışardı. Anım mərasiminin sonunda isə
ehsan verilirdi. Bu gün də bu ənənə davam edir.
2005-ci ildə nənəmin vəfatından sonra ailəm – mən
və həyat yoldaşım anım gününü təşkil
edirik. Həmçinin ənənəyə uyğun olaraq, hər
il sentyabrın 1-də saat 11:00-da biz hamımız Pir Həsən
ziyarətgahına toplaşaraq Tağıyevin xatirəsini
ehtiramla yad edirik.
– Bir maraqlı məsələni də sizdən
öyrənmək istərdik – Zeynal bəy Səlimxanov
haqqında. Onun məzarı niyə boşdur?
– Məzar daşı Sara xanımın istəyi ilə
qoyulub. Səlimxanovlar Bakının tanınmış və
köklü nəsillərindən olub. Onların çox
sayda neft quyuları varmış. Zeynal bəy yaxşı təhsil
almış, Moskva Dövlət Universitetinin Hüquq fakültəsini
bitirmişdi. Sara xanımla ailə qurduqdan sonra o, hüquq və
maliyyə işlərində Tağıyevin, necə deyərlər,
“sağ əli”, yəni müşaviri olub. Antisovet təbliğatında
ittiham edilən Zeynal bəy 1941-ci ilin 28 iyun tarixində həbs
olunur. Bir gün sonra isə qızı Səfiyyə
xanımı da aparırlar. O zaman onun üç
uşağı var idi. Böyüyü 5 yaşında, mənim
anam Kamilə 4 yaşında, ən kiçik oğlu isə
yaşyarımlıq idi. Səfiyyə xanım 24 saat ərzində
şəhəri tərk etməli olur. Onları paroxodla
Krasnovodskdan Başqırdıstana sürgün edirlər.
Özləri ilə heç nə götürməyə icazə
verilmir. Zeynal Səlimxanova ilkin olaraq 8 il iş verildiyi və Həştərxana
düşərgəyə göndərildiyi deyilir. Onun həyat
hekayəsi həbsxanada başa çatıb. Bu barədə
çox az şey məlumdur. KQB arxivi xahişimizlə onun həbsdən
sonra Özbəkistana necə köçürülməsi və
bir neçə aydan sonra vəfat etməsi barədə foto və
qısa məlumat təqdim edib. Ölüm səbəbi və
dəfn yeri barədə məlumat qorunmayıb. Deyilənə
görə, ağır işgəncələrdən sonra onu
dənizə atıblar. 1989-cu ildən sonra isə Səfiyyə
xanım və uşaqları bəraət alıblar.
– Sizin nəslin nümayəndələri və
qohumlarınızın bir qismi Rusiyada yaşayır.
Tağıyevin digər nəticə və kötücələri
ilə münasibətləriniz varmı?
– Sara xanımın ikinci nikahdan olan uşaqları
Rusiyada yaşayırlar. İki oğlu Lev və Oleqin
övladları, nəvələri var. Bu gün Hacı
Zeynalabdin Tağıyevin ən yaxın qohumları Lev və
Oleqdir. Onlar onun nəvələridir. Lev uzun müddət
Bakıda yaşayıb. Sonra ailəsi ilə Moskvaya
köçdü. Oleq və ailəsi isə həmişə
Sankt-Peterburqda yaşayıb. Bu il anım mərasiminə
Oleqin qızı Yuliana gəlmişdi. O, Sara xanımın nəvəsidir.
Hazırda Yuliananın oğlu Rixard da Bakıdadır. Rixard
Sankt-Peterburq Universitetini mühəndislik ixtisası üzrə
bitirib. Azərbaycanı çox sevir. Təbii ki,
hamımız bir-birimizlə ünsiyyət qururuq. Axı biz o
qədər də çox deyilik. Sadəcə, fərqli
ölkələrdə yaşadığımız
üçün bir-birimizi tez-tez görmürük. İmkan
daxilində Bakıya gəlib qohumları ziyarət edir, ilk
növbədə, məzarlara baş çəkirlər.
– Bəs bu gün Tağıyevin nəslindən ən
yaşlı nümayəndə olaraq Bakıda yaşayan
kimdir?
– Bu gün Tağıyev nəslinin Bakıda
yaşayan ən yaşlı nümayəndəsi mənim
anamdır. Səfiyyə xanımın qızı – Sara
xanımın nəvəsi Kamilə Abdullayeva. Noyabr ayında
anamın 87 yaşı tamam olacaq. Anam Tağıyevin nəticəsi
olaraq 4 yaşında öz
anasının qucağında sürgün olunub.
– Maraqlı söhbətə görə təşəkkür
edirəm.
– Mən də fürsətdən istifadə edib qədirbilən
xalqımıza, Tağıyevin xatirəsini əziz tutan
dövlətimizə və onun irsini araşdıran
bütün insanlara təşəkkür edirəm.
Lalə Azəri
Mədəniyyət.- 2024.- 11 oktyabr(¹76).- S.5.