Daha bir kitab bayramı tarixə
qovuşdu
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi
oktyabrın 8-də başa çatıb. Bakı Ekspo Mərkəzində
18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya
və kitab sənəti ilə əlaqəli müəssisənin
iştirak etdiyi sərgi bu il daha zəngin proqramla kitabsevərlərin
görüşünə gəlmişdi.
Bir həftə ərzində sərgi məkanında
uşaqlar və böyüklər üçün ustad dərsləri,
kitab təqdimatları, imza günləri, konfranslar,
simpoziumlar, müsabiqələr, qiraət və musiqi
saatları, imza mərasimləri – ümumilikdə 320-dən
artıq tədbir keçirildi.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı
– ICESCO sərginin “fəxri qonaq qurum”u idi. Sərginin “fəxri
qonaqları” irlandiyalı yazıçı Con Boyn, alman yazar
Vulf Dorn və Azərbaycan əsilli İran
yazıçısı Fəriba Vəfi ilə keçirilən
görüşlər isə xüsusilə yaddaqalan oldu. Sərgi
məkanında oxucuların, naşirlərin, müəlliflərin
– bütün maraqlı tərəflərin
rahatlığı üçün hər cür şərait
yaradılmışdı.
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.1.