Bolqarıstanda mədəniyyət
paytaxtımızla bağlı sərgi
“Şuşa – Azərbaycanın tarixi və mədəni
incisi”
Oktyabrın 8-dən 10-dək Bolqarıstanın Veliko
Tırnovo şəhərində keçirilən XIX Beynəlxalq
Mədəni Turizm Sərgisində “Şuşa – Azərbaycanın
tarixi və mədəni incisi” adlı fotosərgi
nümayiş olunub.
Bu barədə ölkəmizin Bolqarıstandakı səfirliyindən
məlumat verilib. Bildirilib ki, sərgidə səfirliyin təşəbbüsü
və Bakı Media Mərkəzinin dəstəyi ilə
Şuşanın füsunkar təbiətini, tarixi abidələrini
və özünəməxsus rəngarəng
arxitekturasını əks etdirən fotoşəkillər
nümayiş etdirilib.
Səfir Hüseyn Hüseynov Şuşanın Azərbaycanın
tarixində və mədəniyyətində tutduğu əvəzsiz
yeri, zamanında Qafqazın ticari və iqtisadi mərkəzlərindən
biri olması, Şərq ədəbiyyatına və incəsənətinə
verdiyi töhfələr barədə danışıb.
Otuz ilə yaxın sürən erməni
işğalından sonra Şuşanın 2020-ci ildə azad
edildiyini və 2021-ci ildə Azərbaycanın mədəniyyət
paytaxtı elan olunduğunu deyən səfir vurğulayıb
ki, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində
bərpa edilən şəhər yenidən təkcə Azərbaycanın
deyil, bütün Qafqazın parlaq incisinə çevrilməkdədir.
Veliko Tırnovo şəhərində keçirilən
beynəlxalq sərginin turizm bölümündə Azərbaycanın
mədəni turizm potensialını təşviq edən milli
stend yer alıb, ölkəmizin gözəl təbiətini, qədim
tarixini və adət-ənənələrini əks etdirən
fotoşəkillər, suvenirlər və xalılar
nümayiş etdirilib, qonaqlara onlar barədə ətraflı
məlumat verilib, eyni zamanda milli mətbəx nümunələri
təqdim olunub.
Xatırladaq ki, Bolqarıstanda ənənəvi olaraq
keçirilən Beynəlxalq Mədəni Turizm sərgisi
Balkan regionunda bu sahədə ixtisaslaşmış yeganə
sərgi platformasıdır.
Mədəniyyət.- 2024.- 11 oktyabr(¹76).- S.2.