“Mən Arazda şaxələnən
çinardım...”
Məmməd Arazın xatirəsi ev-muzeyində
anılıb
Xalq şairi Məmməd Arazın (1933–2004) anadan
olmasının 91 illiyi münasibətilə şairin Şahbuz rayonunun Nursu kəndində
yerləşən ev-muzeyində tədbir keçirilib.
Muzeyin direktoru Əzizə Süleymanova bildirib ki, Məmməd
Araz Azərbaycan poeziyasında məxsusi yeri olan söz
ustadıdır. Şairin yaradıcılıq nümunələri
bütün dövrlərdə öz dəyərini qoruyub
saxlayacaq, yeni nəsillərə vətənsevərlik ruhu
aşılayacaq.
Naxçıvan Dövlət Universiteti Tarix-filologiya
fakültəsinin dekanı dosent Arif Ağalarov diqqətə
çatdırıb ki, Məmməd Araz
yaradıcılığında ana dilimizin zənginliyi, dərinliyi,
əlvanlığı öz təzahürünü
tapır.
Digər çıxışlarda vurğulanıb ki,
Məmməd Araz müasir dövr Azərbaycan
lirikasının poetik zirvəsini fəth edən və bu zirvədə
əbədi yaşamaq haqqı qazanan qüdrətli şair,
publisist, mütəfəkkirdir.
Məmməd Arazın yaxın qohumları Cavanşir
Məmmədov və Namiq Abbasov şairlə bağlı xatirələrini
bölüşüblər.
Bədii hissədə Naxçıvan Dövlət
Universiteti Tarix-filologiya fakültəsi tələbələrinin
və Nursu kənd tam orta məktəbi şagirdlərinin
ifasında şairin şeirləri qiraət olunub.
Sonda tədbir iştirakçıları muzeyin
ekspozisiyası ilə tanış olublar.
Mədəniyyət .- 2024.- 16 oktyabr(№77).- S.4.