Bölgələrdən
müxtəlif səpkili xəbərlər
Lənkəran-Astara Regional Mədəniyyət
İdarəsinin (RMİ) rəisi Bəxtiyar Qılıncov, rəis
müavini Dadaş Muxtarlı və idarə aparatının əməkdaşları
şəhidlər Zabil İbadzadə, İmaməli Əhədzadə,
Mehman Şirvanov və Araz İbadlının ailələrini
ziyarət ediblər.
Görüşlər zamanı şəhidlərin
döyüş yolundan söhbət açılıb, ailələrin
problemləri dinlənilib. Şəhid ailələrinin
üzvləri göstərilən diqqətə görə
minnətdarlıqlarını bildiriblər.
***
Astara rayon Mərkəzi Kitabxanasında Uşaq
şöbəsinin təşkilatçılığı ilə
ekologiyanın qorunmasına dair “Ekologiya sağlam həyat tərzidir”
mövzusunda tədbir keçirilib. Ziya Bünyadov adına
şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri
və VI sinif şagirdlərinin iştirak etdiyi tədbirdə
ekologiyanın və ətraf mühitin təmiz
saxlanılmasının sağlam yaşamaq üçün
vacib olduğu vurğulanıb. Mövzu ilə bağlı sərgiyə
baxış olub.
***
Masallı rayon Mərkəzi Kitabxanası Uşaq
şöbəsinin təşkilatçılığı ilə
“Şəkərbala” uşaq bağçasında
kiçikyaşlı oxucular üçün “nağıl
saatı” keçirilib. Uşaq şöbəsinin əməkdaşı
Esmira Ağarzayevanın təqdimatında oxunan “Tülkü və
çəpiş” adlı nağıl uşaqlar tərəfindən
maraqla qarşılanıb. Balacaların nağıl
personajları haqqında sualları cavablandırılıb.
***
Yardımlı rayon Heydər Əliyev Mərkəzində
“Vətən müharibəsinin 15-ci günü” adlı tədbir
təşkil edilib. Çıxışlarda Zəfər
tariximizdən söz açılıb. Tədbir
iştirakçıları Vətən müharibəsinin
ildönümünə həsr edilən “Yaşayan qəhrəmanlar”
adlı sərgi və Ulu öndər Heydər Əliyevin həyat
və fəaliyyəti ilə bağlı eksponatlarla
tanış olublar.
***
Lerik Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin
İnkişaf və Karyera Mərkəzi Lənkəran-Astara
regional nümayəndəliyinin birgə əməkdaşlığı
ilə Valeh İbrahimov adına İnteqrasiya təlimli internat
tipli gimnaziyasında “Beynəlxalq qızlar günü” (11
oktyabr) münasibətilə maarifləndirici görüş
keçirilib.
Əvvəlcə qısametrajlı film nümayiş
etdirilib. Əlamətdar günün tarixi haqqında məlumat
verilib. Bildirilib ki, Türkiyənin təklifi ilə BMT tərəfindən
11 oktyabr tarixi “Beynəlxalq qızlar günü” elan edilib. BMT
Baş Assambleyasında qəbul edilən qərar Türkiyə,
Kanada və Peru tərəfindən hazırlanan qətnamə
əsasında verilib. 2012-ci ildən qeyd edilən günün
məqsədi qız uşaqlarının
hüquqlarının qorunmasına diqqət çəkmək,
gender bərabərliyini təşviq etmək və
qızların üzləşdiyi problemlərə diqqət
yetirməkdir.
Sonda məktəbli qızlar məqsəd və hədəflərindən
danışaraq müzakirələr aparıblar.
***
Salyan Dövlət Rəsm Qalereyası nəzdində
fəaliyyət göstərən “İncə Art” rəsm dərnəyi
və “Nuray” art-studiyasının üzvləri
üçün etüd günü təşkil edilib. Rəssamlar
Coşqun Məmmədov və Aynur Art etüd və eskizlərin
hazırlanması barədə dərnək üzvlərinə
məlumat veriblər. Sonra uşaqlar Salyan şəhərinin
mərkəzindəki XIX əsr abidəsi olan Cümə məscidinin
etüd və eskizini çəkiblər.
Hazırladı: N.Məmmədli
Mədəniyyət .- 2024.- 16 oktyabr(№77).- S.4.