“Vətənimizi,
torpağımızı heç nəyə dəyişmərik...”
Şəhidlərin həyatı, əslində,
ülvi bir idealla bağlıdır. Onlar Vətəni hər
şeydən uca tuturlar. Candan şirin, əziz heç nə
yoxdur, deyirlər. Amma onlar Vətənin dar günündə
canını və qanını ali amal uğrunda əsirgəmirlər.
“Vətən fədailəri” rubrikasında bu dəfə
şəhid çavuş Nurəddin Rəsulovdan söz
açacağıq.
Nurəddin Akif oğlu Rəsulov 1991-ci il oktyabrın
31-də Füzuli şəhərində anadan olub. Doğma
yurdu ermənilər tərəfindən işğal edilən
zaman Nurəddinin hələ 2 yaşı tamam
olmamışdı. Ailəsi Beyləqan rayonunun Mil qəsəbəsinə
pənah gətirir. Nurəddin Beyləqan rayon İlham Quliyev
adına tam orta məktəbində təhsil alır.
Məktəbi bitirdikdən sonra hərbi xidmətə
yollanır. Hələ uşaqlıqdan düşmənə
nifrət bəsləyən Nurəddin ermənilərdən
qisas almağı gözləyirdi. 2010-cu ildə həqiqi hərbi
xidmət hərbi qulluqçusu kimi yenidən öz xidmətini
davam etdirir. Xidməti dövründə hərbi hissədə
komandirlərinin hörmətini qazanır.
Nurəddinin ilk döyüş yolu 2016-cı ilin Aprel
zəfərindən başlayıb. Aprel döyüşləri
zamanı mənfur düşmənin Ordumuza qarşı təxribatının
qarşısının almasında və Lələtəpə
yüksəkliyinin azad olunmasında iştirak edib. Ancaq daha
böyük hünər meydanı qarşıda idi...
44 günlük Vətən müharibəsi... Bu
müharibədən əvvəl də hər bir azərbaycanlının
qəlbində Vətən sevgisi, torpağa
bağlılıq hissləri mövcud idi. Ancaq dörd il
öncə sentyabrın 27-də müharibə başlanan
zaman xalqımıza tamamilə fərqli ruh hakim kəsilmişdi.
Gənc, yaşlı, kişi, qadın – hər kəs
torpaqları üçün mübarizəyə
qalxmışdı. O günlərdə qurduğumuz cümlələrin
əvvəli də Vətən idi, sonu da.
Nurəddinin də gözlədiyi qisas günü gəlib
çatmışdı. 44 günlük Vətən
müharibəsinin ilk günündən böyük ruh
yüksəkliyi ilə döyüşlərə
qatılır, şücaət göstərir. “Cəsur
döyüşçü”, “Vətən müharibəsi
iştirakçısı”, “Cəbrayılın azad
olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə
görə” medalları ilə təltif edilir.
Vətən müharibəsindən sonra Nurəddin
öz istəyi ilə Türkiyədə keçirilən
dağçılıq komando kurslarına yollanır. Kursu
yüksək nailiyyətlərlə başa vurduqdan sonra
qayıdıb komando birliyində baş kəşfiyyatçı
kimi xidmətini davam etdirir. Müzəffər Ordumuzun
qarşısında düşməni doğma yurdumuzdan tamamilə
təmizləmək, uzun illərdir Qarabağda kök
salmış erməni separatizminin kökünü birdəfəlik
kəsmək missiyası vardı. O da 2023-cü ilin 19-20
sentyabr tarixlərində Qarabağda həyata keçirilən
lokal xarakterli antiterror əməliyyatında iştirak edir.
Xocalı rayonu ərazisində Dağyurdu istiqamətində
gedən döyüşlərdə düşmən gülləsinə
tuş gələrək şəhidlik zirvəsinə
yüksəlir.
N.Rəsulov Füzuli rayonunun Araz Zərgər kənd
qəbiristanlığında torpağa
tapşırılır.
Ölkə başçısının müvafiq sərəncamları
ilə ölümündən sonra 3-cü dərəcəli
“Vətənə xidmətə görə” ordeni və “Vətən
uğrunda” medalı ilə təltif edilir.
Şəhidin atası Akif Rəsulov oğul itkisinə
dözə bilmir. Nurəddin şəhid olduqdan sonra cəmi
altı ay yaşaya bilir.
Şəhidin qardaşı Fəxrəddin Rəsulov
Nurəddinin uşaqlıqdan cəsur olduğunu deyir:
“Qardaşımla sonuncu dəfə ötən ilin 19
sentyabrında əlaqə saxladım. Söhbətimiz zamanı
məndən halallıq istədi. Dedi ki, buradan o tərəfə
yol yoxdur. Biz düşməni öz torpaqlarımızdan
tamamilə təmizləməliyik. Vətənimizi,
torpağımızı heç nəyə dəyişmərik,
bu yolda canımızdan keçməyə hazırıq. O bu
sözləri deyib mənimlə sağollaşdı.
Sentyabrın 19-dan 20-nə keçən gecə saat 5-də
qardaşımın şəhid xəbərini aldım. O
anı təsəvvür etmək, danışmaq
mümkün deyil... Nə deyə bilərəm. Allah
bütün şəhidlərimizə rəhmət eləsin...”.
Şəhidin anası Reyhan Rəsulova oğlu
haqqında fəxrlə danışır: “Oğlum çox vətənpərvər
idi. Bizə hər zaman layiqli övlad olub. Uşaqlıqdan
özünə taxtadan avtomat düzəldirdi, hərbçi
olmaq arzusu ilə yaşayırdı. O, arzusuna çatdı.
Sevdiyi şanlı əsgər forması ilə şəhadət
şərbətini içdi...”.
Nurəddin Rəsulov 2014-cü ildə Ayşən
xanımla ailə həyatı qurmuşdu. Nihad, Murad və
Nuray adlı övladları Vətənə əmanət
qalıb.
Ruhu şad olsun.
Nurəddin Məmmədli
Mədəniyyət .- 2024.- 16 oktyabr(¹77).- S.6.