“İrəvanda yanan çıraq” sönməsin...

 

Azərbaycançılıq məfkurəsi, tarixi yurd yerimizə – Qərbi Azərbaycana qayıdış konsepsiyası kimi vacib məqamları özündə əks etdirən daha bir səhnə işi tamaşaçı ilə görüşdü. Yenə də İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında.

Oktyabrın 14-də İrəvan teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında özünün 143-cü mövsümünün açılışını etdi.

Nümayişdən öncə teatrın direktoru Əməkdar mədəniyyət işçisi İftixar Piriyev zəngin sənət yolu keçən İrəvan teatrı, onun keçmişi və bu günü barədə qısa məlumat verdi.

Bildirdi ki, milli-mənəvi dəyərlərimizi, maddi mədəni kimliyimizi, eləcə də bütöv Azərbaycan ideallarını daim rəhbər tutan, repertuarında daha çox bu mövzuda əsərlərə yer verən İrəvan teatrı bundan sonra da öz ənənəsinə sadiq qalacaq.

O daha sonra teatr kollektivinin müraciət mətnini oxuyaraq ömrünü İrəvan teatrına həsr edən görkəmli yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Hidayətin 80 illik yubileyi şərəfinə bu mövsümü rəmzi olaraq “Hidayət mövsümü” elan etdiklərini dilə gətirdi.

Sonra zala toplaşanlar Hidayətin “İrəvanda yanan çıraq” birhissəli mistik tarixi dramını izlədilər.

Tamaşada Səfəvi hökmdarı Şah İsmayıl Xətainin Rəvanqulu xanı İrəvan qalasının hakimi təyin edərkən, ona bağışladığı çırağın əbədi işığa çevrilməsi ilə bağlı əmanət sözləri yazıçı Sultan Oğuzun xəyalında canlanır. Qara qüvvələrə qarşı qətiyyətlə mübarizəsi ilə erməni millətçilərinin ona qarşı düşmənçiliyinin cavabını sərt şəkildə verir, məkrli niyyətlərini rüsvay edir. Amma bütün bunlar asan başa gəlmir və yazıçı düşmən toruna düşsə də, mətanətini itirmədən məqsədinə nail olur. Birlik-bütövlük rəmzi olan İrəvanda yandırılmış çırağı sönməyə qoymur. Sözsüz ki, bu işdə ona dili, irqi, düşüncəsi, amalı bir həmvətənləri də kömək edir.

Müəllifin bir əsər vasitəsilə irəli sürdüyü mətləblər tamaşada təsvirin gücü ilə seyrçiyə çatdırılır. Məsələn, əsərin qəhrəmanı yazıçı Sultan Oğuz “İrəvan ulu əcdadlarımızın əzəldən binələnmiş olduğu tarixi yurd yeridir” həqiqətini öz əsərində əks etdirdiyindən ermənilər qisas almaq üçün onu gözdən salmağa başlayırlar. Onu erməni yazıçı kimi qələmə verərək əsərini SSRİ dövlət mükafatına təqdim edirlər. Yazıçı bir azərbaycanlı kimi buna etiraz edəndə də min cür hiyləyə əl ataraq onun əl-qolunu bağlamağa, fiziki və mənəvi məngənədə saxlamağa çalışırlar.

Səhnə əsəri milli-strateji düşüncəmizi, vətən yolunda apardığımız mübarizələrin əzmini, əzəli torpaqlarımıza – Qərbi Azərbaycana qayıdış konsepsiyasının məqsədini, Turan sərhədlərini tamaşaçıya çatdırır.

Səhnə işində aktyorlar Natiq Həziyev, Zəki Fətəliyev, Müdvər Nemətova, Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Elnarə Heydərova, Samir Əliyev, Naibə Nemətova, Güney Əliyeva, Xədicə Məmmədova, Pərvin Dadaşova, Sevinc Bəxtiyar, Rövşən Cəfərov, Ramil Məmmədov rol alıblar.

Modern üslubda dinamik ritmdə – musiqi, hərəkət və rəqs üzərində qurulan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissor assistenti İmaməli İmaməliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Boş məkanın dolğunluğu konsepsiyası ilə dekorasiyasız qurulan tamaşanın əsas konsepsiyasına uyğun rituallığın səhnəyə konservasiyası – xüsusən finalda şamlarla qurulan mizan maraqlı, ana ideyaya əsaslanan təsirli və çoxmənalı təsvir idi.

Tamaşa boyu sürətli keçidlər, aktyorların fərqli planlarda fərdi və kollektiv oyunundakı dinamika da yaxşı təsir bağışlayırdı.

 

Həmidə

Mədəniyyət .- 2024.- 16 oktyabr(¹77).- S.3.