Tiflis Müəllimlər
İnstitutunun tanınmış məzunu
Həbib bəy Mahmudbəyov-160
XIX əsrin axırlarında çar Rusiyasında
maarif və mədəniyyət yeni inkişaf mərhələsinə
qədəm qoyur. Bu sahələrdə yeniliklərə Azərbaycan
ziyalıları da maraq göstərirlər. Həmin dövrdə
ölkəmizdə maarifçilik hərəkatının
öndə gedən nümayəndələrindən biri də
pedaqoq, təhsil təşkilatçısı Həbib bəy
Mahmudbəyov idi. O, Bakıda yeni tipli təhsil
ocaqlarının yaradılmasında fəal iştirak edib. Bu
il görkəmli maarif xadiminin anadan olmasının 160
illiyidir.
Həbib bəy Hacı İbrahimxəlil oğlu
Mahmudbəyov 29 iyul 1864-cü ildə Şamaxı şəhərində
dünyaya göz açıb. İlk təhsilini molla məktəbində
alır. Sonra Bakıda realnı məktəbdə təhsilini
davam etdirir. 1883-cü ildə Sultanməcid Qənizadə ilə
birlikdə sənədlərini Tiflisdə Aleksandr Müəllimlər
İnstitutuna verirlər. Hər iki gənc təhsili başa
vurduqdan sonra Bakıya dönür. Burada ilk özəl
rus-müsəlman məktəbinin əsasını qoyurlar.
İki siniflə fəaliyyət göstərən məktəb
tez bir zamanda böyük şöhrət qazanır. Görkəmli
maarifçi və ədəbiyyatşünas Firidun bəy
Köçərli bu məktəb haqqında yazıb: “Bu
vaxtlarda (1891) Qafqazda maarif müdiri olan Yanovski Sultanməcid Qənizadə
ilə Həbib bəy Mahmudbəyovun təzə qayda ilə
açdıqları məktəbləri ziyarət edir.
Şagirdlərin oxumasından, həm də cavan müəllimlərin səy
və hümmətindən artıq dərəcədə
razı qalır. O, sonralar bu məktəbi hər yerdə vəsf
edib”.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Nərmin
Bağırova araşdırmasında qeyd edir ki, məktəbdə
təlimin yüksək keyfiyyəti, nümunəvi nizam-intizam
və səliqəlilik tezliklə əhalinin diqqətini
çəkir. 1891-ci ildə 150 nəfər sakin Bakı Şəhər
Dumasına ərizə ilə müraciət edərək belə
məktəblərin sayının artırılması və
dövlət xərcinə keçirilməsini xahiş edirlər.
Həmin il iki məktəb açılır. Birinci məktəbə
35, ikinci məktəbə isə 45 şagird qəbul olunur.
H.Mahmudbəyov birinci, S.Qənizadə isə ikinci məktəbə
müdir təyin olunur. Sonralar rus-Azərbaycan məktəblərində
S.S.Axundov, A.Şaiq, Ə.Cəfərov, A.Atakişiyev,
H.Behbudova və başqa müəllimlər dərs deyirlər.
Qeyd edək ki, 1897-ci ildə S.Qənizadə, H.Mahmudbəyov
və Ə.Axundovun rəhbərliyi altında Bakıda nəşriyyat
şirkəti də yaradılır. Burada əsasən rus və
Azərbaycan dillərində bədii ədəbiyyat, dərsliklər
və s. nəşr olunur.
Görkəmli maarif xadimi həm də geniş ictimai maarifləndirmə
fəaliyyəti ilə də məşğul olur. Şəhər
Dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan
müəllimlərinin birinci qurultayının (1906)
keçirilməsində mühüm xidmətləri olur.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan (1920) sonra
H.Mahmudbəyov xalq təhsilinin inkişafında yeni istiqamətlərin
işlənib hazırlanmasının fəal
iştirakçılarından biri kimi fəaliyyət göstərir.
Hökumətin tapşırığı ilə qabaqcıl
maarif xadimləri F.Rzabəyli və Ə.Cəfərovla
birlikdə Azərbaycan Ali Pedaqoji İnstitutunun yaradılmasında
yaxından iştirak edir. Həmin institutda uzun illər direktor
müavini olur, eyni zamanda rus dili və ədəbiyyatı
müəllimi işləyir.
Folklorşünas Əbülqasım Hüseynzadə
xatirələrində H.Mahmudbəyovun maarif işi ilə
yanaşı, teatr sənətinə də həssas
yanaşdığını yazır: “Həbib bəy Mahmudbəyovu
15 yaşımdan tanıyırdım. Mən o vaxt rus-tatar məktəbində
oxuyurdum. Məktəbin direktoru Həbib bəy Mahmudbəyov
idi. Bir gün Həbib bəyin təşəbbüsü ilə
məktəbdə yaradılmış teatr truppasına
üzv yazıldıq. Mən ədəbiyyata və teatra
çox həvəs göstərirdim. Bunu Həbib bəy
Mahmudbəyov hiss etmişdi. Ona görə də mənə
müxtəlif rollar verirdi”.
Mənbələrdə bildirilir ki, H.Mahmudbəyov
qayğıkeş və xeyirxah bir insan kimi çətin məqamlarda
bir çoxlarına yardım göstərib. Məlumdur ki,
Hüseyn Ərəblinskinin uşaqlıq illəri ehtiyac və
sıxıntı içində keçib. O, kiçik
yaşlarından atasını itirir, təhsil xərcini
ödəyə bilmədiyi üçün məktəbi
buraxmalı olur. Lakin H.Mahmudbəyov onu da rus-tatar məktəbinə
qəbul edir...
Milli ziyalı nəslinin yetişməsində böyük
əməyi olan maarif və mədəniyyət xadimi Həbib
bəy Mahmudbəyov 1928-ci ildə vəfat edib. Təəssüf
ki, görkəmli maarif fədaisinin harada dəfn olunduğu məlum
deyil.
Savalan Fərəcov
Mədəniyyət .- 2024.- 16 oktyabr(¹77).- S.6.