Teatrlar içində
bir dənə “yaşıl gözəl”...
“Teatr binaları” silsiləsindən
Köhnə əyyamlarda teatr tamaşasını,
bizim bugünkü düşüncəmizlə konsert
proqramlarını daha çox insan eşidib görsün deyə,
ilk teatr-konsert səhnələri elə açıq havada
qurulub. Tarixi bizim eradan öncə başlayan neçə-neçə
qədim açıq hava teatrını misal çəkə
bilərik. Azərbaycanda Aspendos (Türkiyə), Dionis
(Yunanıstan), Taormina (İtaliya), Merid (İspaniya) kimi qədim
şəhər teatrları olmasa da, ölkəmiz son
yüzilliklərdə dəbə minən
yaşıllıqlar içində açıq hava
teatrından xali deyil.
Söhbət Bakı buxtasının təbii
amfiteatrını bir qədər də gözəlləşdirən
Yaşıl teatrdan gedir. Düzdür, Yaşıl teatradək
də yaxın-uzaq ölkələrdə belə teatr-konsert
müəssisələri qurulmuşdu… Rusiyanın Moskva,
Soçi, Latviyanın Yurmala şəhərlərindəki
yaşıl teatrlar, Polşanın Sopot şəhərindəki
“Meşə operası” adlı açıq hava konsert salonu
kimi teatrlar da yaşca bizim Yaşıl teatrdan
böyükdür. Lakin formaca, ideyaca oxşarlıq
mühüm deyil, əsas olan məzmundur.
Bakının gözəli Yaşıl teatr ötən
əsrin altmışıncı illərinin məhsuludur.
1959-cu ildə şəhərin Xalq Deputatları Soveti
İcraiyyə Komitəsinin sədri, indiki dillə desək,
meri seçilən Əliş Ləmbəranski paytaxtın
simasını yeniləyən maraqlı ideyaları, həmin
ideyaları israr və ardıcıllıqla həyata
keçirən dövlət xadimi idi. Dağüstü
parkın aşağı hissəsində Bakı buxtasına ən
gözəl mənzərənin açıldığı
yerdə Yaşıl teatr adlı açıq hava konsert
salonunun inşası da onun, Bakını qəlbən sevən
dövlət xadiminin ideyası idi. Beləliklə,
Yaşıl teatrın və onun böyründəcə
funikulyorun tikintisini çox gözləmək lazım gəlmədi.
1962-ci ildə hər iki obyekt istifadəyə verildi.
Düzdür, o vaxtadək də Bakıda konsertlərin
verildiyi yay kinoteatrlarını çıxmaqla üç
açıq səhnə var idi: filarmoniyanın yay salonu, Sahil
bulvarındakı səhnə, bir də hələ 1930-cu illərdə
Kirov (indiki Dağüstü park) parkının təməli
qoyulanda tikilmiş yığcam səhnə. Yaşıl
teatrın ən vacib üstünlüyü o idi ki, burada səhnənin
arxa divarı yox idi və dənizlə qovuşan şəhər
mənzərəsi arxa dekorasiyanı əvəz edirdi.
Landşaft pozulmadan tamaşaçı salonunun nal şəklində
həlli isə həm yaxşı səslənməni, həm
də yaxşı görüntünü, həm də
güclü küləyin təsirindən qorunmağı təmin
edir.
Üstəlik, teatr tikilərkən ətrafdakı
parka zərər dəyməmiş, onu əhatə edən
ağaclar kəsilməmişdi. Beləcə, unikal
landşaft memarlığı nümunəsi
yaranmışdı. Səhnə rampası bir tərəfdən
metal dayaqlara, digər tərəfdən də daş
sütunlara bərkidilmiş şəbəkə
naxışlı yüngül metal formalarla əhatələnmişdi.
Yaşıl teatr həm də nadir və bahalı materiallardan
istifadə etmədən yüksək peşəkarlığa
nail olmağın mümkünlüyünə sübut kimi
memarlıq tarixinə düşdü. Bakı Dövlət
Layihə İnstitutunda çalışan bir qrup memar,
konstruktor, landşaft dizayneri və digər mütəxəssislərin
fantaziyası və biliyi, Bakı Baş Tikinti Trestinin 3
nömrəli idarəsinin mühəndis və
inşaatçılarının əməyi sayəsində
Azərbaycan paytaxtı unikal memarlıq nümunəsi
qazandı.
Uzun illər boyu Yaşıl teatrı əhatə edən
ağaclar bu səhnədə baş tutan yüzlərlə
konsert proqramını öz budaqlarını əsdirməklə
alqışladı. Lakin bütün tamaşa-konsert müəssisələri
kimi, Yaşıl teatr da köhnəlir, onun da təmirə, hətta
sanballı rekonstruksiyaya ehtiyacı yaranırdı. Üstəlik,
ölkənin siyasi həyatında baş verənlər,
bütün Azərbaycan ərazisindəki mövcud
siyasi-psixoloji durum 1993-cü ildə Yaşıl teatrın
öz fəaliyyətini dayandırmasına gətirib
çıxartdı.
2005-ci ildə Yaşıl teatrın təmir və bərpa
edilməsi barədə qərar qəbul edildi. Bu iş Şərq
Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının,
Rusiya Beynəlxalq Memarlıq və İnşaat
Akademiyasının üzvü, memarlıq doktoru, professor, Azərbaycan
Dövlət mükafatı laureatı və Prezidentin fərdi
təqaüdçüsü Ramiz Əbdülrəhmanova həvalə
edildi.
Biz də Yaşıl teatra ikinci həyat bəxş
edən qocaman memarla onun layihəsi barədə söhbət
edirik.
– Ramiz müəllim, Yaşıl teatrın bərpası
bu tip müəssisələrin bərpa layihələri
arasında ən uğurlu nümunələrdən sayılır.
Mütəxəssislər sizin layihəni həm də
teatrın ilkin simasını qoruduğuna görə bəyənirlər.
– Əslində, salonun və səhnənin
formasını kəskin dəyişdirilməsinə ehtiyac
yox idi. Sadəcə, Yaşıl teatrı daha mükəmməl
və rahat tamaşa-konsert müəssisəsinə
keçirmək əsas məqsədimiz idi. Bəzi
ağacları budayıb yığcamlaşdırdıq ki,
tamaşaçı həm səhnəni, həm də parkdan
Xəzərədək gözəl təbiət mənzərəsini
seyr edə bilsin. Hazırda Yaşıl teatrın səhnəsində
hər janrda tamaşalar oynamaq, konsertlər qurmaq imkanı var.
Səhnədə düzəldilmiş lük döşəmənin
altında yerləşdirilmiş xüsusi otaq-anbardan
dekorasiyaları bir neçə dəqiqə ərzində səhnəyə
qaldırıb endirmək imkanı yaradır. Dekorasiyanı
tez yığıb tez də quraşdırmaq
mümkündür ki, bu prosesi də səhnənin
arxasında gizlədilmiş məkandan idarə etmək olur.
Səs, işıq və səhnənin transformasiya işləri
də oradan idarə edilir. Səhnənin altında
üç mərtəbə tikilib. Dekorasiyaları saxlamaq
üçün anbar, qrim və istirahət otaqları,
sanitariya qovşağı yerləşdirilib.
– Səhnə ilə yanaşı,
yardımçı otaqlar da ifaçılar üçün
rahat olmalıdır ki, sənətçi öz
çıxışına hazırlaşanda fikri
dağılmasın…
– Elədir. Yeniliklərdən biri də budur ki, səhnənin
altında məşq üçün böyük salon var.
Orada çox yaxşı səs izolyasiyası qurulduğu
üçün hətta xor kollektivi belə məşq edə
bilər. Bu zaman yuxarıda, salonda tamaşaçılar
onların səsini eşitmir, səhnədə
çıxış edən ifaçının da səsinə
başqa səs qarışmır. Böyük kollektiv, yəni
rəqs ansamblı üçün ayrıca geyinib-soyunma
otağı, tək ifaçılar üçün fərdi
qrim otaqları da var. İfaçı rahat
çıxışa hazırlaşa, antraktda dincələ
bilər.
– Yaşıl teatr kifayət qədər
tamaşaçı tutur. Onların da tam komfort şəraitdə
səhnədə göstərilənlərdən zövq
almağa haqqı çatır.
– Tamaşaçı yerinin sayı 2 mindən 3 minə
çatdırıldı. Həm də teatrın
rekonstruksiyasında əsas məqsəd
tamaşaçılara rahat seyr etmək imkanı yaratmaq idi. Təsəvvür
edin, əvvəllər Yaşıl teatrın tamaşa
salonunun ərazisində nə bufet, nə də sanitar
qovşaq nəzərə tutulmuşdu. Mən layihəmdə
bu boşluğu da aradan qaldırdım. O cümlədən qəlyanaltı
üçün rahat məkan – bufet yaradıldı.
Əvvəllər bu teatrda ali qonaqlar
üçün, belə deyək ki, hökumət lojası
yox idi. Yeni layihədə bu da nəzərə alındı,
salonun ortasında xüsusi loja quraşdırıldı. Həmin
lojaya oturacaqların arasından da keçib çatmaq olar.
Yuxarıda avtomobildən düşüb yeraltı koridorla da
düz həmin lojaya qalxmaq üçün şərait yaradılıb.
Bilet kassasını teatrdan kənara
çıxartdıq ki, bilet növbəsi salona daxil olanlara
mane olmasın. Üstəlik, tamaşa salonunun üstündə
bilet almağa pulu çatmayanların (əsasən tələbələr
üçün) ayaq üstə səhnəni seyr etməsindən
ötrü terras da qurduq.
– Ramiz müəllim, Yaşıl teatr rekonstruksiyadan
sonra 2007-ci ilin mayında açıldı. O vaxtdan 14 il
keçib. Sizin layihənizdəki bütün yeniliklər
indi də işləkdir? Hansısa dəyişiklik edilməyib?
– Mənim layihəmdə belə bir özəllik nəzərdə
tutulmuşdu. Salondan baxanda səhnənin hər iki tərəfində
pilləli (terrasla) şəlalə
quraşdırmışdım. Su, səhnənin bir tərəfində
təxminən otaq hündürluyündən şəlalə
kimi axaraq hovuza dolurdu, səhnənin qarşısı ilə
axaraq o biri tərəfədək qalxırdı. Konsert
vaxtı şəlalə işıqlandırılırdı.
Mən bilən, baxımsızlıq üzündən həmin
şəlalə daha işləmir.
***
Təəssüf ki, Yaşıl teatrın səhnə
fəaliyyəti ilin fəsillərinə bağlıdır.
Açıq havada vaxt keçirmək imkanı verən
xoş havalı günlərdə Yaşıl teatrdakı
konsertlər, tədbirlər ətrafı daha da işıqlandırır,
bayram ovqatı ətrafı öz xoş aurasına
bürüyür. Dağüstü parkda gəzintiyə
çıxanlar da qaranlıq səmanı yaran musiqi sədaları
altında mənalı istirahətə şərik olurlar. Yəqin
ki, onlar belə məqamda “gərək bir dəfə də
burada konsertə gələk” deyə düşünürlər.
Elə şəhərin, teatrın, bulvarın sayrışan
işıqlarının fonunda suları mirvari kimi parlayan Xəzər
də bu məkandan yayılan musiqiyə qulaq kəsilir.
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2024.- 16 oktyabr(№77).- S.6.