Ölkəmiz Dünya Səyahət
və Turizm Şurasının sammitində təmsil olunub
Dövlət Turizm Agentliyinin (DTA) nümayəndə
heyəti Avstraliyanın Pert şəhərində
keçirilən Dünya Səyahət və Turizm
Şurasının (WTTC 2024) Qlobal Sammitində iştirak edib.
DTA-nın Aparat rəhbəri Kənan Qasımov və
Azərbaycan Turizm Bürosu idarə heyətinin sədri Florian
Zenqstşmid Dünya Səyahət və Turizm
Şurasının baş icraçı direktoru Culia Simpson və
“Trip.com Group”un baş direktoru Ceyn San ilə görüş
keçiriblər.
Sammit zamanı keçirilən müzakirələrdə
Azərbaycan nümayəndə heyəti tərəfindən
UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən (2023)
“Xınalıq və Köç yolu mədəni
landşaftı”nın qorunub saxlanılması, turizm üzrə
biomüxtəlifliyin mühafizəsi və icma əsaslı
turizmin inkişafı haqqında məlumat verilib.
Həmçinin diqqətə
çatdırılıb ki, noyabrda Bakıda keçiriləcək
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyası Tərəflər Konfransının 29-cu
sessiyasında (COP 29) ilk dəfə turizm mövzusunun fəaliyyət
gündəliyinə salınması turizmin iqlim dəyişikliyinə
qarşı mübarizədə rolunu artırmağa, eləcə
də iqlim dəyişikliyinin bu sektor üzərində mənfi
təsirlərinin azaldılmasına töhfə verəcək.
Qeyd edək ki, WTTC hər il səyahət və turizm
sənayesi liderləri ilə dövlət nümayəndələrini
bir araya gətirən platformadır. Azərbaycan tərəfdaş
ölkə kimi WTTC-nin hotellər üçün nəzərdə
tutulan 12 əsas fəaliyyət istiqamətini özündə
birləşdirən “Dayanıqlı Əsaslar”
proqramının üzvüdür.
Mədəniyyət .- 2024.- 16 oktyabr(¹77).- S.8.