“İlahi, sən mənə quş
dili öyrət...”
Deyən şairlə görüşə həyəcansız
getmək olardı? Üstəlik, əgər onun şeirləri
hər misranı duyaraq tamaşaçı ilə
görüşdürən səhnəmizin bənzərsiz
aktyorunun ifasında səslənəcəkdisə...
Yağışlı payız axşamı (13 oktyabr)
“Bu payız gecəsi boş küçələri, Gəzirəm
kimsəsiz bir uşaq kimi” (“Qəfil zəng”)
çağırışlı şairlə görüşə
həsrətini vüsala çevirən xeyli oxucu
axışmışdı. Özü də adama elə gəlirdi
ki, onlar da mənim kimi dilində ilişən “Kimisi nəğməli-sazlı,
Kimisi başıqapazlı, Kimisi paltar-palazlı, Kimisi
çılpaq boğulur” deyə-deyə (“Boğulur”) gəlmişdi...
Bakı Musiqi Akademiyası nəzdində Opera
studiyasının qapısı önündəki izdiham bir
bilsəniz necə xoş mənzərə idi. Deməli, hələ
də ümid var. Heç bilirsən nəyə, kimə?!
“Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa”...
arzulu, etiraflı, ehtimallı, nisgilli adamlara.
Heç şübhəsiz, Xalq şairi Ramiz
Rövşənlə görüş başdan-başa
şeir axşamı idi.Xalq artisti Nurəddin Mehdixanlı
kükrəyişində, arabir ona qoşulan Ramiz Rövşən
sevdalılarının titrək səsindən qopan sevgi
etiraflarında, sevdikləri şairin seçkin misralarına
bələnən duyğu izharında qanad açdı
bütün hisslər.
Müəllif özü də onlara qoşulub şeir
dedi, ünvanladığımız suallara təbəssümünü
qatdığı müdrik cavabları inci dənələri kimi
düzdü qaranlıq zaldan sevgi ilə ona baxan gözlərə.
Beləcə, dünyaya üsyanını anasına gileylə
başlayan,
“Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların qucağından
Bu dünyaya atdı bizi”
deyən şair taleyinə gülümsəməkdən
başqa çarəsi olmayan adamların görünməyən
alovuna sanki su səpdi.
Nurəddin Mehdixanlı dostu Ramiz Rövşən
haqqında özünəməxsus oxucu-tamaşaçı rəyini
də bölüşdü. Bildirdi ki, zəmanəmizin
böyük şairi özünəməxsus poetikası ilə
cəmiyyətin, həyatın, Yaradanın “xəritə”sini
ustalıqla çəkərək ilahi bir rabitəyə nail
olub. Ramiz Rövşəni daha çox məhəbbət
şairi, insan hisslərinin mahir ifadəçisi kimi
tanıdığını dedi, dərin fəlsəfi
şeirlərindən ibarət bir çələng təqdim
etdi, onun poetik ifadələrinin rəngarəngliyinə, bənzərsizliyinə
heyranlığını dilə gətirdi.
Söz-sənət gecəsi üçün “Ramiz
Rövşənin poeziya dünyası” adı təsadüfən
seçilməmişdi. Adının haqqını verən
şeir axşamında, özünə də dediyim kimi,
“statistika aparılsa, bəlkə də ən çox
qadınların sevdiyi” və özünün də dediyi kimi
“qadın ruhundan yaxşı anlayan” şairin poeziya gecəsində
məhəbbət, ayrılıq, həsrət, vüsal...
şeirləri səsləndi.
Beləcə, dinləyicilər gah
“Bölünsəm, dərdim də bölündü
bəlkə,
Hər dərdim yüz tikə, min tikə oldu.
Bir dərdim qalmadı özümdən yekə,
Bütün dərdlərimdən mən yekə oldum”
deyən şairə qoşulub “Gəl, əl-ələ
tutub gedək, Gedək biz olmayan yerə” getmək
üçün səf tutdular, gah da “Yenə də lənət
şeytana, Yenə də Allaha şükür” deyib kiridilər,
barışdılar.
Görüş boyu hərdən “Bağışla”,
“Mən küsüb gedirəm”
çağırışları boy verdi, hərdən də
payıza inad ovqatımız “Çiçəklər
doğulur bu yaz gecəsi, Bu yaz gecəsində ölməyə
nə var?”a kökləndi.
Sükuta qərq olaraq ona dikilən nəzərlərdən,
sonra o sükutu pozan sürəkli alqışlardan xoşhal
olan şair “Bu təkcə mənə yox, poeziyamıza olan
bir sevgi, diqqətdir. Əgər burada müəyyən rolum
varsa, çox xoşbəxtəm. Nurəddin bəyin də
dediyi kimi, biz ədəbiyyatımızı, dilimizi, mədəniyyətimizi,
mənəviyyatımızı qoruyub saxlamalıyıq. Arada
cavan şairlər mənə “Niyə kiminsə haqqında tənqid
demirsiniz” sualını verirlər. Bilirsiniz də, gənclik
döyüşkənlik, mübarizədir. Mən də deyirəm
şairlə, şeirlə döyüşənlərlə
mübarizə aparmışam, ona mane olanlarla
döyüşmüşəm. Amma şairlərlə yox. Həmişə
demişəm, mən özümə qədərki
bütün şairlərə borcluyam. Kağız
dövrü bitsə də, geniş virtual aləm var. Deməli,
meydan da, təbliğat üçün vasitələr də
genişdir. Gərək istedadlı gənclər
dayanmasınlar. Bu sevgi, bu münasibət göstərdi ki,
yazmağa hələ də səbəb var” deyib təşəkkür
etdi.
Sonra bir neçə saniyəlik zala göz gəzdirən
şair
“Gündən-günə, get-gedə
Azalmaqdır qocalmaq.
Daha çöldə, küçədə,
Adamların içində
Az olmaqdır qocalmaq”
deyib köks ötürdü, sonra ucadan güldü.
Sanki öz-özlüyündə qocalıqla söz
davasına çıxdı. Sonunda qalibin özü
olacağı söz davasına.
Yerdən tamaşaçıların “Yox, siz
qocalmamısınız. Elə deməyin” etirazına cavab
olaraq şeriyyət dolu payız axşamına
“Sevənlər tutdu dünyanı,
Sevdi, unutdu dünyanı,
Mən də sevdim, bu dünyanın
Ən gözəl sözünü aldım.
Aldım sözün ağrısını,
Yavanını, yağlısını,
Neçə sözün əyrisini
Düzəldib, düzünü aldım.
Məni də yola saldı söz,
Mən getdim, sizə qaldı söz,
Yenə təptəzə qaldı söz,
Mən sözün tozunu aldım”la nöqtə qoydu.
Həmidə
Mədəniyyət .- 2024.- 16 oktyabr(№77).- S.5.