İzmirdə və İstanbulda “Azərbaycan
mədəniyyəti və sənəti günləri”
15–17 oktyabr tarixlərində Türkiyənin İzmir
və İstanbul şəhərlərində “Azərbaycan mədəniyyəti
və sənəti günləri” keçirilir. Layihə
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan
Mədəniyyət Mərkəzinin təşkilatçılığı
və Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin dəstəyi ilə reallaşır.
Silsilə tədbirlərin ilk günü İzmirdəki
Ege Universitetində “Türk dünyasının modernləşməsi:
Türk dünyasında mətbuat” mövzusunda beynəlxalq
simpozium təşkil olunub.
Ege Universiteti Ədəbiyyat fakültəsinin türk
dili və ədəbiyyatı bölümü, Yunus Əmrə
İnstitutu, Azərbaycan Mədəniyyət Mərkəzi,
Avrasiya Yazarlar Birliyi və digər qurumların birgə təşkilatçılığı
ilə keçirilən simpozium Azərbaycan milli mətbuatının
banisi Həsən bəy Zərdabiyə həsr olunub.
Tədbirə Türkiyə, Azərbaycan, Özbəkistan,
Qazaxıstan, Qırğızıstandan ədəbiyyatşünaslar,
milli mətbuat tarixinin tədqiqatçıları
qatılıb.
Ege Universiteti Ədəbiyyat fakültəsinin dosenti
Yılmaz Özkaya, universitetin rektorunun müavini professor Mehmet
Ersan və başqa çıxış edənlər
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal
Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri
kədərimizdir” və Ümummilli lider Heydər Əliyevin
“Bir millət, iki dövlət” kəlamlarının
işığında möhkəmlənən
qardaşlıq əlaqələrindən söz
açıblar. Natiqlər ölkələrimiz
arasındakı mədəni-ədəbi əlaqələrdən
danışıb, ortaq miraslarımız arasında ədəbiyyatımızın
xüsusi yeri olduğunu qeyd ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov Türk dünyasında mədəni-ədəbi
əlaqələrdə maarifçi
ziyalılarımızın rolundan danışıb,
simpoziumun bu istiqamətdə töhfə olduğunu bildirib.
Sonra panel iclasda mövzu üzrə məruzələr
dinlənilib.
***
İzmirdə “Azərbaycan mədəniyyəti və
sənəti günü” çərçivəsində
Mötbe Mədəniyyət Mərkəzində sərgi
açılıb. Sərgidə milli suvenirlərimiz, rəsm
əsərləri, milli geyimlər təqdim olunub. Bakı
Milli Geyim Evinin kolleksiyasından tarixi Azərbaycan geyimlərinin
nümayişi də olub.
Sonra Mötbe Mədəniyyət Mərkəzində
konsert proqramı təqdim edilib.
“Azərbaycan mədəniyyəti və sənəti
günləri” oktyabrın 17-də İstanbulda davam edəcək.
İstanbulun Atatürk Mədəniyyət Mərkəzində
Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından muzeyin
mütəxəssisi, Azərbaycan Rəssamlar
İttifaqının üzvü Elnarə Rəsulovanın əl
işi olan xalçaların sərgisi açılacaq.
Atatürk Mədəniyyət Mərkəzinin sərgi
zalında Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya şöbəsinin
müdiri dosent Gülzadə Abdulovanın kolleksiyasına aid
geyimlər sərgilənəcək, Azərbaycan
xanımlarının tarixi geyimləri podiumda təqdim
olunacaq.
Tədbir çərçivəsində azərbaycanlı
sənətçilərinin iştirakı ilə konsert
proqramı da nəzərdə tutulur.
Mədəniyyət .- 2024.- 16 oktyabr(№77).- S.3.