“Ah, bu könül nəğmələri...”
Türkiyə-Azərbaycan dostluq konserti
Oktyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində
“Ah, bu könül nəğmələri” adlı Türkiyə
- Azərbaycan dostluq konserti təqdim olundu. Konsert Türkiyə
Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin
tabeliyində fəaliyyət göstərən Musiqi Təhsili
Vəqfi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı
ilə keçirildi.
Konsertdən əvvəl tədbirin
aparıcısı Kamilə Babayeva musiqi layihəsi
haqqında məlumat verdi.
Yunus Əmrə İnstitutu Bakı Mərkəzinin rəhbəri
Selçuk Karakılıç bildirdi ki, türk musiqisi
türk mədəniyyətinin geniş sərhədlərini,
mədəniyyətlərarası müxtəlifliyini və
tolerantlığını əks etdirən yüksək sənət
nümunəsi olaraq təbliğ edilir. Bu sənət
Türkiyənin böyük sivilizasiyasını quran ruhun, nəfəsin
səsidir. Konsertdə təqdim olunan
mahnıların hər birinin maraqlı tarixçəsi
var. Bu hekayələrin cəmi Türkiyənin mədəni
müxtəlifliyini, zəngin və seçkin
sivilizasiyasını və sənət dünyasını təmsil
edir.
Tanınmış televiziya aparıcısı Nur
Tuğba Aktay türk musiqi mədəniyyətini onları fərqli
və xüsusi edən dəyərləri, eyni zamanda ortaq məxrəcləri
olan bir xəzinə kimi səciyyələndirdi.
Musiqi Təhsili Vəqfinin rəhbəri Fikret Erkaya
dedi: “Konsertdə səsləndiriləcək mahnılar
sevgimizin, birliyimizin məhsuludur və bu mahnıları sizinlə
bölüşməkdən məmnunluq duyuruq”.
Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət
və tanıtma işləri üzrə müşaviri
Muhittin Macit isə “Bu gün biz bu köklü dostluğu,
qardaşlığı və həmrəyliyi universal musiqi
dili ilə bir daha ifadə edirik” deyə
tamaşaçılara xoş seyrlər arzuladı.
Sonra söz musiqiyə verildi.
Solist Burcu Göktürk instrumental
ifaçıların müşayiəti ilə türk klassik
musiqisinin ustadlarından olan Səlahəddin Pınar, Sadettin
Kaynak, Münir Nurəddin Selçuk və Avni Anıl kimi bəstəkarların
əsərlərini oxudu.
Konsertdə “Nihavənd” məqamında Azərbaycan
xalq mahnıları da ifa olundu. Xüsusilə Rəşid
Behbudovun ölməz repertuarından “Nazəndə sevgilim”,
“Aman ovçu”, “Bu qala, daşlı qala” və s. mahnılar
sürəkli alqışlarla qarşılandı.
Arzu Yücebıyık, Ayça Bingöl, Uğur
Gökdemir və Ahmet Yağmur Kucur (vokal), Ahmet Furkan Duyar
(qanun), Emre Elifoğlu (violonçel), İlayda Uçar (ritm),
İremnur Yaşar (kamança), Məhəmməd Ceylan (ney)
və Murat Büyükkaya (ud) kimi usta ifaçıların
çıxışları alqışlarla
qarşılandı.
Türkiyə və Azərbaycan tarixi, mədəni və
emosional bağlarla sıx bağlı olan iki ölkə olaraq
bu qardaşlığı sənət vasitəsilə daha da
dərinləşdirir. “Ah, bu könül nəğmələri”
konserti sənət dostluğumuzun ən gözəl nümunələrindən
biri olaraq yaddaşlarda iz qoydu.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 16 oktyabr(¹77).- S.8.