“Nəsillərin
görüşü”
Görkəmli bərpaçı-rəssamın xatirəsi
əsasını qoyduğu sənət ocağında yad
olundu
Onları mədəni sərvətlərin
ömrünü uzadanlar, mədəni sərvətləri
xilas edənlər, muzey eksponatlarına ikinci həyat verənlər,
yaxud da tarixin şahidlərini yaşadanlar da
adlandırırlar. Onlar mədəni irsimizi qorumaq uğrunda
çalışırlar.
Bu il ölkəmizdə bərpa rəssamlığının
əsasını qoyan tanınmış mütəxəssis
Fərhad Hacıyevin 95 illik yubileyidir. Onun yubiley mərasimi də
elə qurub-yaratdığı Muzey Sərvətləri və
Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində
qeyd edildi.
Fərhad İbrahim oğlu Hacıyev 1929-cu ildə
Şamaxı şəhərində anadan olub. 1949-cu ildə
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbini bitirib. 1950–1955-ci illərdə V.İ.Surikov
adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil
alıb, bərpaçılıq sənətinin sirlərinə
dərindən yiyələnib.
Bu gün məhz onun rəhbərliyi ilə
yaradılan mərkəz Azərbaycan muzeylərində bərpa
və konservasiyaya ehtiyacı olan minlərlə eksponata ikinci həyat
verib. Xalqımızın zəngin bədii-tarixi irsi, dəyərli
maddi-mənəvi sərvətləri bu mərkəzdə
peşəkar bərpaçı-rəssamların
qayğıkeş əllərinin nəvazişi nəticəsində
xilas olunub.
Fərhad Hacıyev 1957-ci ildə Azərbaycan Dövlət
İncəsənət Muzeyində ilk bərpa
emalatxanasını açıb. 80-ci illərdə emalatxanaya
mərkəz statusu verilib və bədii irsin gələcək
nəsillərə çatdırılmasında mühüm
rol oynayan bərpaçılar burada bir araya gəliblər.
Təsadüfi deyil ki, Elmi Bərpa Mərkəzi ənənəyə
sadiq qalaraq bu dəfə də “Nəsillərin
görüşü” adı altında bərpaçıları
bir araya gətirdi. Bu görüş təkcə yubiley tədbiri
deyil, eyni zamanda işıqlı, xatirələrlə dolu
keçmişin ən xoş anlarını yada salmaq
üçün mühüm bir səbəb idi.
Elmi Bərpa Mərkəzinin direktoru Əməkdar mədəniyyət
işçisi Zərifə Məlikova giriş sözündə
ölkəmizin ilk ali dərəcəli bərpaçı-rəssamı
Fərhad Hacıyev haqqında danışdı, onun fəaliyyətinin
dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini
dedi.
Mədəniyyət Nazirliyi Muzey və daşınar mədəni
irs sektorunun müdiri Könül Cəfərova mərkəzin
işinin əhəmiyyətini qeyd etdi. Burada Fərhad
Hacıyevin yaratdığı ənənələrin layiqincə
davam etdirildiyini təqdirəlayiq hal kimi qiymətləndirdi,
kollektivə uğurlar arzuladı.
Mərkəzin Elmi-tədqiqat şöbəsinin
müdiri Ülviyyə Şirinovanın Fərhad Hacıyevin
həyat və yaradıcılığına həsr olunan məruzəsi
dinlənildi. Məruzədə Fərhad Hacıyevin ilk bərpa
etdiyi Qərbi Avropa rəssamlıq məktəbinin nümunəsi
olan “Monastr apteki” tablosu və İ.Brodskinin çəkdiyi
“Hacı Zeynalabdin Tağıyevin portreti” əsəri
xüsusi qeyd olundu.
1970–1980-ci illərdə mərkəzdə
çalışmış, F.Hacıyevdən bərpaçılığın
sirlərini öyrənmiş Əməkdar rəssam Natiq Səfərov,
Ələsgər Əliyev, Ruhəngiz Əliyeva, Zemfira
Əhmədova və Təranə Həsənova, hazırda mərkəzdə
çalışan tikmə üzrə bərpaçı-rəssam
Bəstixanım Əliyeva, Qrafika şöbəsinin müdiri
Xatirə Tağıyeva, xalça üzrə bərpaçı-rəssam
Xatirə Əmirova, rəngkarlıq üzrə bərpaçı-rəssam
Elmira Səfərova və digər əməkdaşlar
kövrək xatirələrini bölüşdülər.
Qocaman bərpaçılar, bir vaxtlar F.Hacıyevlə
dostluq edənlər onun bir rəhbər və sənətkar
kimi müsbət keyfiyyətlərindən söz
açdılar, həyat və yaradıcılığı
haqqında mühüm məlumatları diqqətə
çatdırdılar.
Bildirildi ki, F.Hacıyev hələ tələbə ikən
bu sahədə özünü sınayıb və
ömrünün sonunadək 400-dən çox əsəri bərpa
edib. O, Azərbaycan rəssamlarından M.Nəvvab, B.Kəngərli,
Ə.Əzimzadə, M.Abbasov, M.Cavadov, T.Nərimanbəyov,
T.Salahov, M.Abdullayev, rusiyalı rəssamlar Tropin, Korovin,
Borovikovski, Kandinski, Vereşşagin, Maşkov, Avropa sənətkarlarından
Sarto, Düpre, Stık və başqalarının əsərlərinə
yeni həyat verib. 1961-ci ildə SSRİ Rəssamlar
İttifaqının üzvü seçilən bərpaçı-rəssam
1970-ci ildə UNESCO-nun nəzdindəki Beynəlxalq Muzeylər
Şurasına (ICOM) da üzv olub.
1971-ci ildə rəssamın bərpa emalatxanası
İçərişəhərdəki “Bəylər” məscidinə
köçürülür və yeni avadanlıqlarla təmin
edilir. 1981-ci ildə isə bu emalatxana rəsmi şəkildə
ayrıca bir quruma – Respublika Muzey Sərvətləri və
Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə
çevrilir. F.Hacıyev mərkəzin ilk rəhbəri olur və
ömrünün sonunadək orada çalışı.
Vaxtilə onunla birlikdə ölkə daxilində
çox məşhur panno və abidələri bərpa edən
Natiq Səfərov aparılan tədqiqatlar, günlərlə
çəkilən əziyyət nəticəsində ərsəyə
gələn bərpaların mədəni irsimizə
böyük töhfə olduğunu qeyd etdi. Onun həm də
boyakar kimi çalışdığı, hər iki işə
necə böyük həvəslə yanaşdığı
dilə gətirildi. “Şamaxı rəsədxanasının
tikintisində”, “Sakitlik”, “Görüş. Neft Daşları”,
“Bakı ritmləri”, “Metronun “Gənclik” stansiyasının
inşası”, “Mayaklar”, “Dostluq körpüsü”, “Muğam,
Vaqif, caz” və başqa əsərlərinin bədii dəyəri
vurğulandı.
Bildirildi ki, F.Hacıyev
yaradıcılığının coşqun
çağlarında, 17 dekabr 1987-ci ildə, 58 yaşında
vəfat edib.
Qonaqlar F.Hacıyevin fəaliyyəti illərində
çəkilmiş arxiv filmi və Elmi Bərpa Mərkəzinin
tarixinin dünəni və bu gününə həsr
olunmuş videoçarxı da izlədilər.
Sevindirici haldır ki, gənc kadrların işlərinə
sevgi ilə yanaşması, peşəkarların səbirlə
öz təcrübələrini bölüşməsi bu
kollektivdə uğurlu işlərin ərsəyə gəlməsinin
əsas səbəbidir. Hətta təqaüdə
çıxan əməkdaşlar belə tez-tez mərkəzə
baş çəkir və öz tövsiyələrini əsirgəmirlər.
Məhz bu səbəbdən də görüşdə
iştirak edən veteran bərpaçılar özlərini
sanki iş başındakı kimi hiss edir, kollektivlə
söhbətarası fikir və təcrübələrini də
bölüşərək səmimi bir ortam
yaratmışdılar. Bu ortamda “Nəsillərin
görüşü” eyniadlı fotosərgiyə baxış
zamanı qarlı-qışlı, qızmar yaylı iş
günlərinin neçə-neçə şirin xatirələri
yada salındı.
Onu da qeyd etmək yerinə düşər ki,
hazırda Elmi Bərpa Mərkəzi hazırda bir sıra
ölkələrdəki bənzər qurumlarla və bu sahədə
çalışan sənətkarlarla əlaqələr qurub,
təcrübə mübadiləsi aparır. Mərkəz
ICOM və ICCROM (Mədəni Sərvətlərin
Mühafizəsi və Qorunması üzrə Beynəlxalq Mərkəz)
kimi beynəlxalq təşkilatlarla da əməkdaşlıq
edir.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 16 oktyabr(¹77).- S.1;5.