Məqsəd sirk sənətini
inkişaf etdirmək və əməkdaşlıq əlaqələri
qurmaqdır
Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin
rəhbərləri və mütəxəssisləri Azərbaycan
tərəfinin dəvəti ilə ölkəmizə gəliblər.
Səfərin məqsədi Bakı Dövlət Sirki ilə əməkdaşlıq
əlaqələrinin qurulması, ölkəmizdə sirk sənətinin
inkişaf etdirilməsidir.
Mədəniyyət Nazirliyində üç ölkənin
sirk rəhbərləri ilə görüş
Oktyabrın 14-də Mədəniyyət Nazirliyində
qonaqlarla görüş keçirilib. Görüşdə
Budapeşt Sirkinin baş direktoru, Mərkəzi Avropa Sirk Sənəti
Assosiasiyasının prezidenti, Macarıstanın
keçmış mədəniyyət naziri Peter Fekete, “Svetnoy
bulvarda” Moskva Nikulin Sirkinin bədii rəhbəri və baş
direktoru Maksim Nikulin, Belarus Dövlət Sirkinin direktoru Vladimir
Şaban, Kazan Sirkinin
(Tatarıstan Respublikası – RF) direktoru Elmira Bulatova,
Rusiyanın ən böyük tematik parkı – “Soçi
Park”ın baş direktoru Lyudmila Kuznetsova iştirak ediblər.
Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli
ölkəmizdə sirk sənətinin zəngin ənənələri
olduğunu bildirib. Qeyd edilib ki, Bakı Dövlət Sirki uzun
inkişaf yolu keçib və kollektiv Azərbaycandan kənarda
da yaxşı tanınır.
Söhbət zamanı sirk rəhbərləri öz təcrübələrini
bölüşüblər. Bakı Dövlət Sirki ilə əməkdaşlığın
qurulması və qarşılıqlı birgə layihələrin
icrası müzakirə olunub. Eyni zamanda Bakı Dövlət
Sirkində aparılan təmir dövründə şəhərdə
yüngül konstruksiya tipli sirkin – şapitonun qurulması ilə
bağlı müzakirə aparılıb.
Görüşdə Bakı Dövlət Sirki
yaradıcı heyətinin xarici ölkələrin müvafiq
təhsil ocaqlarında ixtisaslaşması məsələləri
barədə də fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Mətbuat konfransı: “Əməkdaşlıqda
maraqlıyıq”
Macarıstan, Rusiya və Belarusdan gələn
qonaqların iştirakı ilə Bakıdakı Rus Evində
mətbuat konfransı keçirilib. Tədbirdə Azərbaycanda
müasir sirk sənətinin inkişafı, Bakı Sirkinin
yenidən qurulması və şəhərə ən
yaxşı beynəlxalq şou-proqramların cəlb edilməsi
barədə söhbət açılıb.
“Həmkarlarla müzakirə zamanı qərara gəldik
ki, Bakı Dövlət Sirki müasir və regionun ən
yaxşısı olmalıdır. Hazırda vəziyyət
qiymətləndirilir, hesablamalar aparılır, yeni sirk
konsepsiyası müzakirə olunur. Bildiyiniz kimi, bütün
bunlar müəyyən vaxt tələb edir. Sözügedən
mərhələlər başa çatdıqdan sonra sirkimizin
yeni dövrü başlayacaq”, – deyə Bakı Dövlət
Sirkinin direktor vəzifəsini icra edən Nahid Ağayev
bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda
paytaxtda sirk çadırı açılacaq: “Budapeşt
Sirki bu işdə bizə köməklik göstərəcək,
lazımi şəraiti təmin edəcək”.
Moskva Sirkinin baş direktoru Maksim Nikulin Azərbaycanda
sirk sənətinin inkişafında azərbaycanlı həmkarlarına
dəstəyini ifadə edib. O, Bakı Dövlət Sirki ilə
sıx əməkdaşlığa toxunaraq qeyd edib ki,
kommersiya, nəqliyyat və yaradıcılıq sahələrində
razılığa gəlmək və ortaq məxrəcə gəlmək
imkanı var. İlkin mərhələdə məsləhətləşmələrin
başladığını vurğulayan Maksim Nikulin deyib:
“Bizim əsas məqsədimiz postsovet məkanında
bütün sirklərin fəaliyyət göstərməsidir.
Bakı Dövlət Sirki ilə əməkdaşlıq davam
edir və biz onun gələcək inkişafına ümid
edirik”.
Budapeşt Sirkinin baş direktoru Peter Fekete Azərbaycan
və Macarıstanın bir çox ortaq cəhətləri
olduğunu bildirib. O əlavə edib ki, Bakı Dövlət
Sirkində təmirdən sonra mübadilə proqramı
çərçivəsində macar sənətçiləri
yerli tamaşaçılar qarşısında
çıxış edə biləcəklər.
Tatarıstanlı qonaq Elmira Bulatova isə diqqətə
çatdırıb ki, Bakıda Kazan Dövlət Sirki nəzdində
sirk məktəbinin iş prinsiplərinin əsas
götürüləcəyi analoji məktəbin
yaradılması məsələsi müzakirə olunur.
Mədəniyyət .- 2024.- 16 oktyabr(№77).- S.3.