Fərman onun fərmanıdır...
Şah İsmayıl Xətainin möhürü olan
516 yaşlı sənəd Tarix Muzeyinə hədiyyə
edilib
Oktyabrın 15-də Milli Azərbaycan Tarixi Muzeyində
maraqlı bir təqdimat oldu. Səfəvilər dövlətinin
banisi, böyük sərkərdə və şair Şah
İsmayıl Xətainin (1487–1524) möhürü olan tarixi sənədin
– 1508-ci ilə aid fərmanın muzeyin fonduna daxil edilməsi
ilə bağlı mərasim keçirildi.
Fərman bu il İngiltərədə, “Christie’s” hərracında
Azərbaycan vətəndaşı tərəfindən
satın alınaraq Tarix Muzeyinə hədiyyə edilib. Sənəd
Şah İsmayıl Xətai tərəfindən 1508-ci il
iyulun 4-də (hicri-qəməri təqvimi ilə 914-cü il səfər
ayının 25-i) imzalanıb. Fərman fars dilində, “qara
şikəstə” üslubu ilə yazılıb və Xətainin
möhürü ilə təsdiqlənib. Səfəvi
hökmdarının mülkiyyət məsələlərinə
dair fərmanlarından biri olan sənəd bütöv və
möhürlü vəziyyətdə olması ilə
xüsusi əhəmiyyət daşıyır.
Təqdimat mərasimində Milli Məclisin sədr
müavini akademik Rafael Hüseynov, Mədəniyyət komitəsinin
sədri Polad Bülbüloğlu, millət vəkilləri, mədəniyyət
və elm xadimləri iştirak edirdilər.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov
çıxış edərək bildirdi ki, xalqımıza məxsus
tarixi və mədəni irs nümunələrinin Azərbaycana
qaytarılması və qorunub saxlanılması dövlətimizin
daim diqqət mərkəzindədir. Bu həm də mədəniyyət
siyasətimizin əsas istiqamətlərindən biridir:
“Dövlət qurumlarının bu sahədə
apardığı işlərə vətəndaşlarımızın
da dəstək verməsi təqdirəlayiq haldır və bu
cür təşəbbüslər cəmiyyətimizin həmrəyliyini
və milli dəyərlərə bağlılığını
nümayiş etdirir. Səfəvilər imperiyasının ilk
illərinə məxsus bu nadir sənəd Azərbaycanın
dövlətçilik ənənələrinə dair dəyərli
eksponat olmaqla yanaşı, gələcək nəsillər
üçün tarixi mənbədir”.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
Şah İsmayıl Xətai imzalı bir sənədin
ölkəmizə gətirilməsini böyük tarixi və
siyasi əhəmiyyətli hadisə kimi dəyərləndirdi.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə
Vəlixanlı qeyd etdi ki, Azərbaycanın tarixi və mədəni
irs nümunələrinin ölkəyə qaytarılması
artıq ənənəyə çevrilib: “Vətəndaşımızın
şəxsi təşəbbüsü ilə Azərbaycan
xalqının böyük oğlu, sərkərdə və
şair Şah İsmayıl Xətainin fərmanının
satın alınaraq muzeyimizə hədiyyə edilməsi əsl
vətənpərvərlik nümunəsidir. Bu həm də
xalqımızın öz tarixini yaşatmaq və ona sahib
çıxmaq əzmini göstərir”.
Fərmanın muzeyin daimi ekspozisiyasında sərgilənəcəyini
bildirən Nailə Vəlixanlı Şah İsmayıl Xətainin
vəfatının 500-cü ildönümünün tamam
olduğu vaxtda belə bir tarixi sənədin Azərbaycana gətirilməsinin
simvolik məna daşıdığını dedi.
AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru
professor Kərim Şükürov Xətainin dövlətçilik
fəaliyyəti, institutun elmi işlər üzrə direktor
müavini Tofiq Nəcəfli sənədin mətni, məzmunu, Azərbaycan Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi isə Xətainin
yaradıcılığı ilə bağlı fikirlərini
bölüşdülər.
Tədbirin sonunda Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyi Qədim musiqi alətləri
ansamblının (bədii rəhbər Xalq artisti Munis Şərifov,
solist Əməkdar artist Nuriyyə Hüseynova) ifasında bədii-musiqili
kompozisiya təqdim olundu.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 16 oktyabr(№77).- S.1;2.