Xanlıqlar
zamanında pul dövriyyəsi
Bakı Mühəndislik Universitetində (BMU) Ümumi
fənlər kafedrasının professoru Abbas Seyidovun “Azərbaycan
xanlıqları: dövlətçilik rəmzləri,
hüquq sistemi, pul dövriyyəsi və sikkə zərbi”
monoqrafiyasının təqdimatı keçirilib.
BMU-dan bildirilib ki, tədbirdə çıxış
edən kafedranın müdiri Hümeyra Mustafayeva Azərbaycanın
dövlətçilik tarixinin mühüm hissəsini təşkil
edən xanlıqlar dövrünün daha dərindən
araşdırılmasının vacibliyindən
danışıb. Qeyd edib ki, xüsusilə də uzun illər
erməni işğalçıları tərəfindən
dağıdılmış tarixi abidələrimizlə
bağlı yeni tədqiqatlara ehtiyac var.
Müəllif Abbas Seyidov monoqrafiya haqqında məlumat
verib, Azərbaycan xanlıqları dövrünü əhatə
edən tarixi faktları diqqətə çatdırıb.
XVIII əsrin ikinci yarısı, XIX əsrin əvvəllərində
Azərbaycan ərazisində 20-dən artıq
xanlığın olduğunu deyən alim xanlıqların
dövlətçilik rəmzləri, inzibati idarəçilik
və hüquqi sistemi, pul dövriyyəsi və sikkə zərbinə
dair yeni, eləcə də ümumiləşdirilmiş
materialların monoqrafiyada əksini tapdığını
bildirib.
Çıxış edənlər Azərbaycan
dövlətçilik tarixinin öyrənilməsi
baxımından nəşrin tələbələr, tədqiqatçılar
üçün dəyərli mənbə olduğunu
vurğulayıblar. Bildirilib ki, Azərbaycan, rus və ingilis
dillərində nəşr edilən kitaba müxtəlif
muzeylərdə nümayiş olunan bayraq, şeşpər və
digər əşyalarla yanaşı, kolleksiyaçı
R.Rzayevin uzun illər topladığı, xanlıqlar
dövrünə aid gümüş və misdən
hazırlanmış numizmatik materiallar da daxil edilib.
Mədəniyyət .- 2024.- 23 oktyabr(№78).- S.7.