İrəvan Azərbaycanlı
Pedaqoji Məktəbinin 100 illik yubileyi qeyd olunub
Bu il milli maarifçilik tariximizdə məxsus yeri və
rolu olan İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin
100 illik yubileyidir.
Oktyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji
Universitetində (ADPU) beynəlxalq əlaqələr üzrə
prorektor professor Mahirə Hüseynovanın təşəbbüsü
ilə İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin
100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Bu
barədə universitetdən məlumat verilib.
Qonaqlar əvvəlcə foyedə Qərbi Azərbaycan
ictimai-siyasi mühitini və İrəvan Azərbaycanlı
Pedaqoji Məktəbinin fəaliyyət dövrünü əks
etdirən fotosərgi ilə tanış olub, Filologiya
fakültəsi tələbələrinin ifasında rəqslərə
tamaşa edib, şeirlər dinləyiblər.
Tədbiri açan ADPU-nun prorektoru, Qərbi Azərbaycan
İcmasının Dərələyəz mahalı Keşkənd
rayonu üzrə icma rəhbəri professor Mahirə
Hüseynova İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin
fəaliyyəti, keçdiyi şərəfli inkişaf yolu
haqqında danışıb, məktəbin görkəmli məzunlarının
adlarını xatırladıb.
Diqqətə çatdırılıb ki, 1924-cü
il oktyabrın 15-də İrəvanda azərbaycanlı maarifpərvər
ziyalıların, qeyrətli alim və müəllimlərin səyləri
ilə yaradılan tədris ocağı erməni şovinizmi əhatəsində
milli məktəblərimizin pedaqoji kadrlarla təmin edilməsində
müstəsna rol oynayıb.
ADPU-nun rektoru professor Cəfər Cəfərov və
Qərbi Azərbaycan İcması idarə heyətinin sədri,
Milli Məclisin deputatı Əziz Ələkbərli
milli-tarixi irsimizin tədqiqi və təbliği, xüsusən
Qərbi Azərbaycan həqiqətlərinin təbliği
baxımından bu kimi tədbirlərin əhəmiyyətini
vurğulayıblar. Bu istiqamətdə ADPU-da bir çox layihələrin
həyata keçirildiyi, Qərbi Azərbaycan
Araşdırmalar Mərkəzinin uğurla fəaliyyət
göstərdiyi qeyd olunub.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal
Allahverdiyev, Qərbi Azərbaycan İcması üzvlərindən
professorlar Vahid Novruzov, Əvəz Ələkbərov, akademik
Abel Məhərrəmov, Milli Məclisin deputatları Hikmət
Babaoğlu, Səyyad Aran, Ramil Həsən, Məlahət
İbrahimqızı və başqaları
çıxış edərək İrəvan Azərbaycanlı
Pedaqoji Məktəbinin Qərbi Azərbaycanda milli
maarifçilik mühitinin inkişafında rolu, görkəmli
məzunlarının elm, təhsil, mədəniyyət,
dövlət quruculuğu sahələrindəki fəaliyyətləri
barədə söz açıblar.
Tədbirdə həmçinin ADPU-nun Filologiya
fakültəsinin dekanı filologiya üzrə fəlsəfə
doktoru Könül Həsənova və dosent Cəlal
Allahverdiyevin müəllifi olduqları “Tarixi təhsil
ocağı: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi”
kitabı təqdim olunub. Kitabda 1924–1948-ci illərdə fəaliyyət
göstərən və Qərbi Azərbaycandakı milli məktəblərimizin
pedaqoji kadrlarla təmin olunmasında müstəsna rolu
olmuş məktəbin yaranması, inkişafı və məzunlarından
bəhs edilir.
ADPU tələbələrinin hazırladıqları
İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi
haqqında slayd-film də maraqla qarşılanıb.
Mədəniyyət .- 2024.- 23 oktyabr(¹78).- S.6.