Onu “isidə” bilməyən
kino...
Sürəyya Qasımova-90
Məncə, o, milli kinomuzda sənət
bioqrafiyasını daha da zənginləşdirə bilərdi.
Amma gənclik cilvəsi, sevgi ilə qurulan ailə və
rejissorların daha çox peşəkar kino təhsillilərinə
üstünlük verməsi onun da kino taleyini məhz ilk mərhələdə,
özü də uğurun başlanğıcında bitirib.
Buna baxmayaraq, o, “Qızmar günəş altında”,
“Kölgələr sürünür”, “Aygün”
tammetrajlı və “Yeni il gecəsində”
qısametrajlı bədii filmləri ilə şaqraq səsini,
saf təbəssümünü, gözəl çöhrəsini
yaddaşımıza yaza bilib.
Bəli, söhbət Lətif Səfərovun
“Qızmar günəş altında” və İsmayıl
Əfəndiyevlə Şua Şeyxovun “Kölgələr
sürünür” bədii filmlərinin bir-birindən fərqli
qəhrəmanları – Gülpəri və Afəti
canlandıran Sürəyya Qasımovadan gedir. Bu il anadan olmasının 90 ili tamam olan,
kino tariximizdən fraqment kimi keçən bu tiflisli alman dili
müəllimi özü haqqında söz yeri qoyub.
Görkəmli kinoşünas Aydın Kazımzadənin
“Bizim “Azərbaycanfilm” kitabında aktrisa haqqında yer alan məlumatlar
və Dövlət Film Fondunun fotoarxivi işığında
onun ömür və yaradıcılıq yoluna nəzər
salırıq.
Sürəyya Məcid qızı Qasımova
1934-cü ilin 28 sentyabrında qədim Tiflis şəhərində
dünyaya göz açıb. 1953-cü ildə şəhərdəki
qadın rus orta məktəbini əla qiymətlərlə
bitirib, eyni ildə Azərbaycan Xarici Dillər İnstitutunun
(indiki ADU) Alman dili fakültəsinə daxil olub.
Uşaqlıqdan təşkilatçılıq
bacarığı, idmana marağı ilə seçilib.
Beş ilə yaxın Gürcüstan SSR-in gənclərdən
ibarət yığma basketbol komandasının ən fəal
oyunçusu, sonra isə kapitanı olub. Sevimli məşğuliyyətini
tələbəlik illərində də davam etdirən
Sürəyyanın gələcək həyat yoldaşı –
“Neftçi” futbol komandasının üzvü Kamil Eynullayevlə
(1932-1988) tanışlığı da bu dövrə təsadüf
edib.
Tələbəlik dövründə Bakıda
keçirilən bir sıra elmi-praktik konfranslarda iştirak
edib, alman və Azərbaycan ədəbiyyatının ali və
orta məktəblərdə tədrisi ilə bağlı məruzələr
hazırlayıb.
Sürəyya Qasımovanın yaxşı muğam boğazı
da varmış. Düzdür, o bunu peşəkar səviyyədə
davam etdirməsə də, tələbələrin
olimpiadasında ifa etdiyi xalq mahnıları dahi
Bülbülün diqqətini cəlb edir və ona “Balaca
Şövkət” (Şövkət Ələkbərova – red.)
deyə xitabına səbəb olur.
Xatirələrində bu məqama toxunan aktrisa
demişdi: “Böyük vokalçıdan bu sözləri
eşidəndən sonra elə zənn etdim ki, hər şeyi
atıb musiqi ilə məşğul ola bilərəm. Amma
sonradan ailəmizin, xüsusən anamın məndən “Səndən
yaxşı müəllim olacaq. Oxuyub bura qayıdarsan,
uşaqlara təhsil verərsən” sözünü göz
önümə gətirərək “Yox, Sürəyya” deyib bu
bacarığımı elə həvəskar kimi də
başa vurdum...”.
Amma bəzən istedadın qarşısına sədd
çəkmək mümkün olmur. 1958-ci ildə Moskvada təşkil
edilən VI Ümumdünya Mahnı və Rəqs
Olimpiadasına yollanan istedadlı azərbaycanlı tələblər
sırasında onun da adı vardı. Ora bir solist kimi dəvət
olunan Sürəyya başda olmaqla Azərbaycandan gedən digər
ifaçıların çıxışları yüksək
qiymətləndirilmiş, Azərbaycan Ali Soveti Rəyasət
Heyətinin fəxri fərmanı ilə təltif edilmişdi.
Həyatda heç nə təsadüfi olmur. Hətta
olmuşsa da, burada bir İlahi yönləndirmə, hansısa
qüvvənin iradəsi ön plana çıxır. Lap
tiflisli qızın kolxozçulardan bəhs edən filmin təsadüfən
seçilən qəhrəmanı olması kimi.
“Bu ki anadangəlmə Gülpəridir”
Bəli, onun kinoya gəlişi təsadüf nəticəsində
baş verib. İnstitutun III kurs yekun imtahanından da “əla”
qiymət alıb sevincini kurs yoldaşları ilə
bölüşən bu çılğın gənc film
üçün yeni simalar axtarışına çıxan
rejissor köməkçisinin diqqətini cəlb edir. Sürəyya
xanımın xatirələrinə baş vurduqda bu məqamı
necə sevinclə xatırladığını
görürük: “Yenə qızlarla sevinc gülüşləri
saçırdıq. Əlaçı
çıxacağım “5”i almışdım. Bu zaman bir
qadın mənə yaxınlaşıb mehriban səslə
“Qızım, kinoya çəkilmək istəyirsən?”
sualını verdi. Bir az duruxdum. Qızlarımız mənim əvəzimə
sevincək “hə” dedilər. Sözsüz ki, mən də
razılaşdım. Amma bunu evimizdə deyə bilməzdim.
Düzdür, valideynlərim müasir düşüncəli
insanlar idilər. Amma incəsənətdə
olmağımı istəmirdilər. Amma gec idi. Mən ürəyimin
səsinə qulaq asaraq artıq razılıq vermişdim.
Sonradan bildim ki, bu xanım “Qızmar günəş
altında” filminin rejissor köməkçisi Lida Berladir
imiş.
Vədələşdiyimiz kimi ertəsi gün filmin
quruluşçu rejissoru Lətif Səfərovla görüşdüm.
O, çəkiliş haqqında söhbət etdi. Çox
sakit, nəzakətli və hər zaman fikirli bir insan kimi,
sözsüz ki, sevgi ilə xatırladığım Lətif
müəllimlə tanışlığım həyatımı
tamamilə dəyişdi...”.
“Qızmar günəş altında” filmi Həsən
Seyidbəylinin “Kənd həkimi” povesti əsasında 1957-ci
ildə lentə alınıb. Ekran əsərində əsas
obrazlar gənc kadrlar üçün nəzərdə
tutulduğu üçün sınaq çəkilişlərinə
qatılan gənclərin oyun tərzləri müəlliflər
tərəfindən xüsusilə saf-çürük
edilirdi. Bu gənclərin çoxunu – əsərin qəhrəmanı
gənc həkim Aydın rolunu ifa edən Əkbər Fərzəliyevi,
komsomolçu qızlardan Gülpərini oynayan Sürəyya
Qasımovanı, Nərminəni canlandıran Tofilə Ələsgərovanı
(filmə çəkilən il orta məktəbi bitirib),
Gülnaz rolunu oynayan Sara Manafovanı (televiziya studiyasında
diktor), Fatma rolunda çıxış edən Z.Gəraybəyovanı
(filmə çəkilən il 10-cu sinifdə təhsil
alırmış) tamaşaçılar ilk dəfə olaraq
ekranda görüblər.
Müəyyən çəkilişlərdən sonra
Həsən Seyidbəyli Sürəyyanın debütü
haqqında “Bu ki anadangəlmə Gülpəridir” deyir.
“Qızmar günəş altında” Sürəyyanın
kinoda ilk işi idi və sözsüz ki, qısa zamanda
uğur qazanmasına, tanınmasına səbəb oldu.
Sürəyya xanımın xatirələrindən oxuyuruq:
“Filmin çəkilişlərinə gedirdim, amma bunu anamdan
gizlədirdim. Bir dəfə anam dayımla Moskvaya gedir. Birdən
afişada şəklimi görür. Dayıma deyir ki, ay Cəfər,
bir bax, bizim Sürəyyaya necə oxşayır? Dayım
gülür, sonra anama hər şeyi açıb
danışır. Bax, kino belədir, hamı tanıyır,
bilir, sevir... Tək Gülpəri rolundan sonra mənə nə
qədər şeir həsr ediblər. Düşünürəm
ki, ikinci rolum da uğurlu oldu. Ən əsası, mən sevgi
ilə, var qüvvəmlə oynadım. Rejissorun tələblərini
olduğu kimi icra etdim”.
Afət-Şəfiqə-Fəridə və son...
1958-ci ildə böyük ekrana çıxan “Kölgələr
sürünür” filmində də Sürəyya Qasımova
rol alır. Macəra janrlı dramatik filmdə arxeoloqların
həyatından bəhs olunur. Ekran əsərində elmdə
həqiqətlərin üzə çıxarılması
naminə aparılan mübarizədən
danışılır, müxtəlif yollarla alimlik adı
almış, cəmiyyətimizə yad olan adamlar ifşa
edilir.
Filmdə Afət rolu ilə tamaşaçı
qarşısına çıxan Sürəyya Qasımova
nikbin, əzmkar və səmimiyyət dolu gənc tədqiqatçı
obrazı ilə dövrünün gənclərini mübarizəyə
səsləyir. Həvəskar aktrisanın tələbəlik
dövrünə təsadüf edən gərgin çəkilişlər,
müxtəlif səhnələrin ölkənin fərqli
bölgələrində çəkilməsi onun təhsilinə
mane olmur və əsas məramı əlaçılıqla
diplom almaq olan Sürəyya Qasımova 1958-ci ildə institutu
yüksək göstəricilərlə bitirib elə orada da
laborant vəzifəsində işə başlayır. Bir
müddətdən sonra onu həmin kafedrada alman dilinin
qrammatikası və leksikası üzrə müəllim təyin
edirlər.
Sürəyya xanımı biz sonradan tammetrajlı
“Aygün” film-poemasında Şəfiqə rolunda
görürük. Rejissor Kamil Rüstəmbəyov tərəfindən
1960-cı ildə ekranlaşdırılan bu filmdə hadisələr
təzəcə ailə qurmuş iki gəncin münasibəti
və taleyi ətrafında cərəyan edir.
Bəstəkarlıq fakültəsinin tələbələri
Aygünlə (Nəcibə Məlikova) Şəfiqənin
(S.Qasımova) dostluğu, xoş münasibəti, ən əsası
da qadın kimi həmrəyliyi film boyu tamaşaçıda səmimi
dostluğa inam ifadə edir.
Sürəyya xanım “Yeni il gecəsində” adlı
qısametrajlı bədii filmdə də çəkilib. 1958-ci ildə
ekranlaşdırılan bu nümunə bəstəkar Rüstəmin
evində baş verən yanğın hadisəsini ekrana
daşıyır. Ssenari müəllifi və rejissoru Mirzə
Mustafayev olan filmdə Sürəyya xanım bəstəkar
Rüstəmin (L.Məmmədbəyov) həyat yoldaşı
Fəridə obrazındadır. Maarifləndirmə xarakterli
film Dövlət Yanğından Mühafizə İdarəsinin
sifarişi ilə çəkilib. Dövrün sevilən
aktyorları Münəvvər Kələntərli, Lütfi Məmmədbəyov,
Barat Şəkinskayanın rol aldığı film irihəcmli
musiqi əsəri sifarişi alan və bütün həyatını,
parlaq gələcəyini o musiqi nümunəsindən
alacağı qonorara bağlayan gənc ailənin ümid və
həyəcan dolu Yeni il axşamı yanğından xilas edilən
musiqi partituralarından bəhs edir.
Yəqin ki, yuxarıdakı xronologiya sizin də diqqətinizi
cəlb etdi. 4 film və bir-birinə yaxın illər. Vəssalam.
Beləcə, parlaq aktrisa ola biləcəyinə
şübhə edilməyən Sürəyya, sevgi ilə
bağlandığı həyat yoldaşının istəyi
ilə bir daha kinoya çəkilmir, bütün enerjisini tədrisə
və gözünün ağı-qarası bircə
oğlunun böyüməsinə həsr edir. Amma
ömrünün sonunadək nə çəkildiyi filmlərin
həyəcan dolu xoş xatirələri, nə də
heç kimə etiraf edə bilmədiyi kinoaktrisa olmaq həsrəti
onu tərk etmir.
Sürəyya Qasımova 2005-ci ilin qızmar yay
günündə, 23 iyul tarixində dünyasını dəyişir.
Həmidə Nizamiqızı
Mədəniyyət .- 2024.- 23 oktyabr(№78).- S.7.