Bitən festivaldan
qalan təəssürat
Oktyabrın birinci ongünlüyü ölkəmizdə
kino sahəsinin inkişafına dəstək, dünya kino
bazarına çıxışı təşviq etmək məqsədilə
bir neçə mövcud festivalı (bədii, sənədli,
animasiya filmləri üzrə) öz çətiri altında
bir araya gətirən “Baku Cinema Breeze” (BCB) adlı beynəlxalq
festivalla yadda qaldı.
2-8 oktyabr tarixlərini əhatə edən, Mədəniyyət
Nazirliyinin təşkilatçılığı və Kino
Agentliyinin (ARKA) dəstəyi ilə reallaşan kino həftəsi
bu sahəyə bağlı insanlarda müəyyən
ümidverici təəssürat doğurdu. Bütün hallarda
bizim üçün ilk olan bu formatda tədbir sözsüz
ki, böyük əhəmiyyətə malikdir. Bunu beynəlxalq
təcrübəyə malik kino mütəxəssisləri də
deyir.
Azərbaycan Prodüserlər Gildiyasının sədri
Fikrin Bektaşi hesab edir ki, BCB vahid kinematoqrafiya festivalı
konsepsiyası olaraq çox qiymətlidir: “Bu gün dünya
kino istehsalı və onun festival ənənəsi çoxdan
oturuşmuş bir sistem üzərindən idarə olunur.
Statistikaya görə, dünyada ümumilikdə 1500-ə qədər
film festivalı var. Bu mənada ölkə festivallarını
bir çətir altında birləşdirən və
festivallar festivalı funksiyasını daşıyan bu tədbir
fərqli cəhətləri ilə də maraqlıdır”.
Fikrin bəy deyir ki, ümumiyyətlə, festivallar
kateqoriyalarla seçilir və bu kateqoriyalar Beynəlxalq
Prodüserlər Assosiasiyası (FİAPF) tərəfindən
verilir. Bu xüsusda festivalın
davamlılığının təminatı, müəllif
hüquqlarının olması, kinomarketin olması və s.
mühüm şərtlərdir. “A” kateqoriyalı festivallarda əsasən
filmlərin istehsalı və distribusiyası üçün
beynəlxalq əməkdaşlıq imkanları xüsusi yer
tutur. Belə festivallar çərçivəsində bir
qayda olaraq pitçinq yolu ilə filmlərə dəstək/maliyyə
imkanları, birgə istehsal (koproduksiya), beynəlxalq
satış və distribusiya kimi ayrıca platformalar təşkil
olunur. Belə platformaların beynəlxalq əhəmiyyəti
onların məcmu kino sənayesinə verdikləri töhfədədir.
Bakıda keçirilən BCB festivalına gəlincə,
F.Bektaşi təşkilat komitəsinin irimiqyaslı bir tədbirin
keçirilməsinə nail olduğunu deyir: “Nümayiş
olunan filmlərin bir çoxu premyera idi və öz
tamaşaçı kütləsini toplaya bildi. Yerli lokasiya və
xidmətlərin, bir çox istehsalçı şirkətin
də tədbirdə iştirakı, xarici ekspert və
prodüserlərin BCB-yə qatılması müsbət təcrübədir.
Təbii ki, ilk dəfə belə geniş tədbirin
keçirilməsində müəyyən problemlər də
ola bilər. Bunlar təhlil olunmalı və növbəti illərdə
nəzərə alınmalıdır. Prodüserlər
Gildiyasının dəvəti ilə ölkəmizə gələn
Berlin Film Festivalının keçmiş direktoru Diter Kosslikin
fikrini bu yerdə diqqətə çatdırmaq istərdim:
“Azərbaycan yeni məkan olaraq dünya kinosu üçün
çox maraqlı yerdir, burada imkanlar genişlənməkdədir,
“Breeze” də ad olaraq çox cəlbedicidir”.
BCB-də film komissiyalarına aid paneldə moderator olan
F.Bektaşidən ölkəmizdə bu sahədəki təcrübə
barədə də soruşdum. Mütəxəssis deyir ki, Azərbaycanda
hazırda bir neçə prodüser şirkəti xarici
istehsalçılara təşkilati xidmətlər göstərir.
Bu, bir qayda olaraq çətin, amma müəyyən həddə
gəlirli biznes sahəsi hesab edilir. Burada gəlirlə
yanaşı risklər də mövcuddur, amma dövlətin dəstəyi
olduqda, bir çox riskləri azaltmaq olar. Digər tərəfdən,
Avropa təcrübəsində çəkiliş məkanlarının
cəlbediciliyi ilə yanaşı, dövlət tərəfdən
müəyyən güzəştlərin verilməsi xarici
kino istehsalçılarının ölkəyə gəlməsini
stimullaşdırır.
Ölkədəki mövcud film komissiyalarının
rentabelliyi və standartlara uyğunluğuna gəlincə,
gildiya rəhbəri qeyd edir ki, bir çox ölkələrdə
olduğu kimi, bizdə də bəzi problemlər var və
onları film komissiyaları vasitəsilə həll etmək
olar: “Bunlar yerli çəkiliş və aktyor heyətinin
xarici dili bilməsi, digər tərəfdən, kino çəkilişi
heyətinin ilboyu istehsalatda iştirak etməsi və təcrübə
mübadiləsinin aparılması, çəkiliş
texnikasının müasirləşdirilməsi kimi məsələlərdir.
Eyni zamanda nəzərə alınmalıdır ki, film
istehsalında iştirak edən çəkiliş heyəti
yataqxana, qida və nəqliyyat, yerli dəstək və s. xidmətlərdən
də istifadə edir, bu da film komissiyalarına və
ümumiyyətlə, kino istehsalına yeni dayanaqlı tərəfdaşlar
cəlb edir”.
Nəzərə alaq ki, bir çox xarici ölkələrdə
çəkilən filmlər məhz müəyyən
lokasiyaların, tarixi abidələrin, arxitektura nümunələrinin
və s. ekrana düşməsi turizm sektoruna, yeni xidmətlərin
yaradılmasına və regionların inkişafına da
öz töhfəsini verir. Bu mənada yerli şirkətlərin
sayı və rəqabət imkanları
artırılmalıdır.
***
“Film Bridge Azerbaijan” şirkətinin direktoru, rejissor,
prodüser Emin Quliyev də BCB barədə nikbin təəssüratdadır.
Festivalın gələn il öz coğrafiyasını daha da
genişləndirəcəyinə ümidvar olduğunu deyən
E.Quliyev burada kinomarketin, görüşlərin təşkilini,
mütəxəssislərin cəlbini yaxşı ideya kimi dəyərləndirir.
Kinoprodüserdən dünya kino istehsalatı və
marketinqi prosesi üçün işlək mexanizmlərin
çoxdan formalaşdığını nəzərə
alaraq bu mənada bizim hazırkı durumumuzu da xəbər
aldım. “Azərbaycanda son illər aktiv olaraq xarici şirkətlər
gəlir və çəkilişlər aparır. Bunlar əsasən
Rusiya, Ukrayna, Serbiya, ən çox isə Pakistan və
Hindistan şirkətləridir. Təkcə bizim şirkətin
vasitəçiliyi ilə 50-dən çox xarici layihə
olub ki, onların da çoxu filmlə bağlıdır.
Konkret vəziyyətə gəlincə, deyim ki, biz irəliyə
doğru gedirik və layihələr artır. Bu tempi
aşağı salmasaq, ölkəmizə kino çəkmək
üçün ABŞ-dən, Avropadan gələnlər də
olacaq. Düzdür, Avropadan işlər var, amma azdır” deyən
həmsöhbətim əlavə edir ki, bu xüsusda dünya
təcrübəsindən çox şey öyrənməliyik.
Müxtəlif ölkələrdə təşkil
olunan bu formatlı layihələrdə davamlı iştirak edən
E.Quliyev bu mənada əsas təcrübəsini də xarici
layihələr sayəsində qazandığını deyir.
Təəssürat və rəylərdən də
göründüyü kimi, BCB festivalı xüsusilə əcnəbi
tərəfdaşlarla işləyən prodüser
üçün böyük əhəmiyyət kəsb edir.
Üstəlik, bu festival çətirinin gələcəkdə
say və coğrafiya baxımından daha geniş
olacağına ümid də yaranır. Təki müstəqil
şirkətlər də bu işdə maraqlı tərəf
kimi çıxış edərək rəqabət hissini
aydın formalaşdıra bilsinlər.
Həmidə Nizamiqızı
Mədəniyyət .- 2024.- 23 oktyabr(¹78).- S.6.