Şuşada Azərbaycan
Bəstəkarlar İttifaqının səyyar plenumu
Azərbaycan Bəstəkarlar İttifaqı 90 illik zəngin
tarixə malikdir. Bu tarix milli bəstəkarlıq məktəbimizin
banisi dahi Üzeyir Hacıbəylinin adı və fəaliyyəti
ilə bağlıdır. Bu mənada ittifaqın hər bir
üzvü dünən olduğu kimi, bu gün də
Üzeyir bəyin ruhuna minnətdardır.
90 illik yubileyini qeyd edən Bəstəkarlar
İttifaqı Üzeyir bəyin doğma yurdu Şuşada səyyar
plenum keçirməklə sanki öz bayramlarını qeyd
etdilər. Bəli, bu əsl bayram idi. Azad, firavan, xoşbəxt
Şuşada. Şuşa da, elə biz də xoşbəxtik.
Tanrı bizə belə müqəddəs və gözəl
bir məkan bəxş edib. Şuşaya isə onun uğrunda
canından keçən mərd, cəsur Vətən
övladları.
Gözəllikləri bir çox şairlərin
misralarına, bəstəkarların mahnılarına bəzək
olan Şuşanın yeni tarixi 2020-ci ilin 8 noyabrından –
otuzillik işğaldan azad edildiyi gündən başlanır.
Ali Baş Komandan İlham Əliyev və onun rəhbərliyi
altında rəşadətli Ordumuzun igidləri
xalqımıza bu Zəfər tarixini bəxş etməklə
Şuşaya da yeni həyat verdilər.
İndi hər bir azərbaycanlı öz sevincini azad
Şuşa ilə bölüşməyə can atır. Azərbaycan
Bəstəkarlar İttifaqının üzvləri də 90
illik yubileylərini Şuşada qeyd etməklə həm
özləri sevindilər, həm də Şuşanı yeni əsərləri
ilə sevindirdilər.
14-15 oktyabr tarixlərində Şuşada Azərbaycan
Bəstəkarlar İttifaqının səyyar plenumu
keçirildi.
***
Plenumun ilk günü “Şuşa” hotelinin Üzeyir
Hacıbəyli salonunda konfransla başladı.
Şuşa rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov
çıxış edərək qonaqları salamladı,
onlara Şuşada aparılan yeni quruculuq işləri barədə
məlumat verdi və başda ittifaqın sədri Xalq artisti,
professor Firəngiz Əlizadə olmaqla bütün üzvləri
90 illik yubiley münasibətilə təbrik etdi.
Professor Firəngiz Əlizadə çıxış
edərək əvvəlcə dahi Üzeyir bəyin
boya-başa çatdığı bu müqəddəs diyarda
olmağın nə qədər şərəfli olduğunu
qeyd etdi. Bu qüruru bizə yaşadan Ali Baş Komandana və
onun rəhbərliyi ilə Şuşanı eləcə də,
işğal altındakı digər torpaqlarımızı
azad edən rəşadətli Silahlı Qüvvələrimizə
minnətdarlığını ifadə edən Firəngiz
Əlizadə Bəstəkarlar İttifaqının
keçdiyi 90 illik tarixdən də öz açdı.
Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin müşayiəti və dirijor,
Xalq artisti Fəxrəddin Kərimovun idarəsilə kişi
xorunun ifasında səslənən, sözləri və
musiqisi Firəngiz Əlizadəyə aid olan “Zəfər
marşı” videoformatda təqdim olundu.
Qələbə müjdəli musiqidən sonra konfrans
digər çıxışlarla davam etdi.
Xalq artisti, bəstəkar Sərdar Fərəcov
“Şuşanın musiqi salnaməsi”, Əməkdar incəsənət
xadimi, professor Gülnaz Abdullazadə “Üzeyir Hacıbəyli
və Azərbaycan Bəstəkarlar İttifaqı”, Əməkdar
incəsənət xadimi, professor Akif Quliyev “Şanlı Qələbəyə
həsr olunan musiqi əsərləri” mövzuları ilə
çıxış etdilər.
İttifaqın katibi Əməkdar incəsənət
xadimi, professor Zemfira Qafarova, Xalq artisti Aygün Səmədzadə,
Əməkdar incəsənət xadimi, professor Həcər
Babayeva, professor Mina Hacıyeva, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Güllü
İsmayılova, Əməkdar artist, dosent Vüqar Camalzadə,
Əməkdar incəsənət xadimi, professor Məmmədağa
Umudov, bəstəkar İlham Azmanlı və digər üzvlər
fikir və mülahizələrini bölüşdülər.
Bu sətirlərin müəllifi isə yeni ərsəyə
gətirdiyi “Şuşa professional musiqidə” kitabı
haqqında məlumat verdi. Məcmuəyə bəstəkarlarımızın
Şuşaya həsr etdikləri müxtəlif janrda əsərləri
daxildir. İdeya müəllifi Xalq artisti Firəngiz Əlizadə,
redaktoru Əməkdar incəsənət xadimi Gülnaz
Abdullazadə olan kitabda toplanan əsərlər üç
dövrü əhatə edir: Şuşanın
çal-çağırlı ilkin dövrü, işğal
altında olan dövrü və 44 günlük müharibədən
sonrakı azad Şuşanın musiqidə tərənnümü.
Bu mənada A.Rzayeva, S.Ələsgərov, Ə.Abbasov,
E.Sabitoğlu, V.Adıgözəlov, S.İbrahimova, F.Əlizadə,
C.Abbasov və digər bəstəkarların əsərləri
kitabda əksini tapıb. Əsərlərin not yazıları
ilə bərabər, onların təhlilləri də verilib.
Maraqlı çıxışlarla yaddaqalan konfransdan
sonra Nəzrin Aslanlının rəhbərliyi ilə Dövlət
Simli Kvartetinin konserti oldu. Onların ifasında Ü.Hacıbəyli,
Q.Qarayev, F.Əmirov və F.Əlizadənin əsərləri
səsləndi. İttifaqın üzvlərindən sənətşünaslıq
üzrə fəlsəfə doktorları Pikə Axundova
“Salam, Şuşa” və Sevda Məmmədli isə
“Laçın balladası” əsərlərini ifa etdilər.
***
Plenumun 2-ci günü də unudulmaz, sevinc dolu hisslərlə
yadda qaldı.
Əvvəlcə Şuşadakı
Yaradıcılıq Mərkəzinin əməkdaşları
ilə görüş, “Heydər Əliyev və Qarabağ” sərgisinə
baxış keçirildi. Direktor Fəxrəddin Hacıbəyli
mərkəzin fəaliyyəti barədə məlumat verdi.
Firəngiz Əlizadə Bəstəkarlar
İttifaqının layihələri əsasında nəşr
olunan “İlham Əliyev və musiqi mədəniyyəti”,
“Heydər Əliyev və musiqi mədəniyyəti” və digər
kitabları mərkəzə hədiyyə etdi.
Səyyar plenumun xüsusi anlamlı məqamı
Üzeyir bəyin ev-muzeyinin ziyarəti oldu. Bu müqəddəs
ocaq nümayəndə heyətini çox təsirləndirdi.
Prezidentin Şuşadakı xüsusi nümayəndəsinin
müavini Elşad Əliyev ittifaqın üzvlərini
maraqlı eksponatlarla tanış etdi.
Daha bir ziyarət ocağı isə Azərbaycan vokal
sənətinin banisi ölməz Bülbülün
Şuşadakı ev-muzeyi oldu.
Bununla da səyyar plenum öz işini başa
çatdırdı, Bəstəkarlar İttifaqının
üzvləri xoş hisslərlə Bakıya
qayıtdılar. Əminik ki, bu hisslər, Şuşa ilə
bağlı zəngin təəssürat onların yeni əsərlərində
də əksini tapacaq.
Səadət Təhmirazqızı
Əməkdar mədəniyyət işçisi
Mədəniyyət .- 2024.- 23 oktyabr(№78).- S.4.