Sürətlə
qurulan və böyüyən Füzulinin ikinci “Şəhər
günü”
Füzuli şəhəri “Böyük
Qayıdış” Proqramı çərçivəsində
işğaldan azad olunmuş torpaqlar arasında ən çox
keçmiş məcburi köçkünün məskunlaşdığı
ünvandır. Füzuliyə ilk köç karvanı
2023-cü ilin 18 avqust tarixində olmuşdu. O zaman 90 nəfərdən
ibarət 23 ailə doğma yurda qovuşmuşdu. Bu gün
artıq Füzulidə 822 ailə olmaqla 3132 nəfərin
daimi məskunlaşması təmin edilib.
Oktyabrın 17-də Füzuli sakinləri bayram sevinci
yaşayırdılar. Yenidən qurulan doğma eldə
növbəti “Şəhər günü” qeyd olunurdu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə
imzaladığı sərəncamla ölkəmizin
işğaldan azad edilmiş əraziləri üzrə şəhər
günləri təsis edilib. 17 oktyabr Füzuli Şəhəri
Günü kimi təqvimimizə yazılıb.
Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və
Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı
ilə təntənəli şəkildə növbəti
Füzuli Şəhəri Günü keçirildi.
Füzuli şəhərinin 1-ci yaşayış məhəlləsində
yerləşən parkda Ağdam, Füzuli və Xocavənd
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyi tərəfindən “Ümummilli lider
Heydər Əliyev və Füzuli”, Mədəniyyət
Nazirliyi tərəfindən “Zamanın qanadlarında:
Füzuli” adlı fotosərgilər təşkil olunmuşdu.
Prezident İlham Əliyevin Füzuli rayonuna səfərlərini
əks etdirən və “Füzuli: işğaldan öncə”,
“Füzuli: işğal zamanı”, “Füzuli: işğaldan
sonra” adlı, həmçinin Füzuli şəhəri ilə
qardaşlaşmış Türkiyənin Çorum və
Özbəkistanın Gülüstan şəhərlərinə
aid stendlər quraşdırılmışdı.
Burada həmçinin Mədəniyyət Nazirliyi tərəfindən
təşkil olunmuş “Mənim Füzulim” adlı rəsm sərgisi
də təqdim edilirdi. Sərgi məkanında qurulmuş daha
bir stenddə Mədəniyyət Nazirliyi yanında Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidməti və AMEA-nın Arxeologiya
və Antropologiya İnstitutu tərəfindən Füzuli
rayonunun tarix və mədəniyyət abidələri
haqqında məlumatlar və rayonda aparılan arxeoloji
qazıntılar nəticəsində aşkar olunmuş maddi mədəniyyət
nümunələri nümayiş etdirilirdi.
“ABAD” üçün ayrılmış xüsusi
çadırda isə bir sıra dekorativ-tətbiqi sənət
növləri üzrə ustad dərsləri təşkil
olunmuşdu. Park ərazisində uşaqların əyləncəsi
üçün də şərait
yaradılmışdı.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin
Hüseynov, mədəniyyət nazirinin müavini Murad
Hüseynov, şəhər sakinləri, ictimaiyyət nümayəndələri
sərgi ilə tanış oldular.
Yeri gəlmişkən, qeyd edək ki, builki Füzuli
Şəhəri Günü daha bir əlamətdar hadisə
ilə yadda qaldı. 16-18 oktyabr tarixlərində keçirilən
“Mingəçevir reqatası – 2024” beynəlxalq avarçəkmə
turnirinin növbəti mərhələsi Füzuli şəhəri
yaxınlığındakı Aşağı Köndələnçay
su anbarında gerçəkləşirdi. Yəni bir tərəfdə
incəsənət rüzgarı əsir, digər tərəfdə
idman şöləni yaşanırdı. Avarçəkmə
yarışının Azərbaycan, Estoniya, Gürcüstan,
İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa,
Türkiyə, Ukrayna və Özbəkistandan olan bir qrup
iştirakçısı da sərgiləri ziyarət etdilər.
***
Daha sonra park ərazisində qurulmuş səhnədə
Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin
sədri şair Arif Buzovnalının
aparıcılığı ilə “Füzuli – 530” adlı
musiqili-ədəbi kompozisiya nümayiş etdirildi.
Arif Buzovnalı Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə 530 illiyi dövlət səviyyəsində qeyd olunan
dahi şair və mütəfəkkir Məhəmməd
Füzulinin yaradıcılığından söz
açdı. O, Füzulini Azərbaycan, fars və ərəb
dillərində divan bağlayan nadir söz ustadlarından biri
kimi səciyyələndirdi.
Xanəndələr Orxan Hüseynli və Könül
Məmmədli şairin qəzəlləri üstündə
müxtəlif muğam parçalarını ifa etdilər. Bədii
qiraətçilər Əzizəxanım Kazımova və
Ağaəli Kərimli söz ustadının bir neçə
qəzəlini səsləndirdi. Gənc şairlər Kamal
Hüseynzadə və Elsər Qədri isə Füzulinin qəzəllərinə
yazdıqları nəzirələri oxudular. Sonda Füzulinin
“Leyli və Məcnun” poeması əsasında xoreoqrafik
kompozisiya nümayiş olundu.
Böyük maraqla qarşılanan “Füzuli – 530”
musiqili-ədəbi kompozisiyasının ssenari müəllifi
Azərbaycan Yazıçılar Birliyinin katibi
şair-dramaturq İlqar Fəhmi, rejissoru Əməkdar artist
Loğman Kərimovdur.
***
Füzuli sakinləri mərkəzi parkda qurulan səhnədə
əslən bu rayondan olan müğənni və
ifaçıların iştirakı ilə geniş
qala-konserti səbirsizliklə gözləyirdilər.
Çünki həmyerliləri olan ifaçıları bu dəfə
efir-ekrandan deyil, daha yaxından görüb dinləyəcəkdilər...
Əvvəlcə səhnəyə çıxan
Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tədbir
iştirakçılarına əlamətdar gün münasibətilə
təbriklərini çatdırdı. O, Füzuli Şəhəri
Gününün tarixi haqqında məlumat verərək dedi
ki, azad Füzulidə artıq ikinci dəfədir “Şəhər
günü” qeyd olunur: “Bu xoş günləri bizə
canı-qanı bahasına yaşadan şəhidlərimizin
ruhu qarşısında baş əyirəm. Düz dörd il
bundan əvvəl Müzəffər Ali Baş Komandanın rəhbərliyi
ilə şanlı Ordumuz böyük qəhrəmanlıq
göstərərək Füzulini işğaldan azad etdi. Bir
zaman abad, gözəl şəhər olan Füzulidən əsər-əlamət
qalmamışdı”.
Qeyd olundu ki, Prezident İlham Əliyevin bilavasitə
diqqəti və qayğısı ilə digər azad
olunmuş yaşayış məntəqələri kimi,
Füzuli şəhərində də genişmiqyaslı bərpa-quruculuq
işləri aparılır.
Emin Hüseynov çıxışının sonunda
tədbirin yüksək səviyyədə təşkilinə
görə Mədəniyyət Nazirliyinə minnətdarlığını
bildirdi. Dedi ki, nazirlik tərəfindən işğaldan azad
edilmiş ərazilərdə rəngarəng mədəni-kütləvi
tədbirlər təşkil olunur.
Sonra söz musiqiçilərə verildi.
Müğənnilər – Zamiq Hüseynov, Eldəniz Məmmədov,
Elnur Məmmədli, Könül Məmmədli, Zemfira
İbrahimova, Orxan Hüseynli, instrumental ifaçılar –
kamançaçı Pərviz Fərhadov, tarzən Ədalət
Behbudov, gitaraçı Rəhman Məmmədli, oğlu,
pianoçu Tural Məmmədlinin ifasında xalq və bəstəkar
mahnıları səsləndirildi.
Qazaxıstan Respublikasının hədiyyəsi olaraq
Füzulidə tikilib istifadəyə verilmiş Kurmanqazı
adına Uşaq Yaradıcılıq Mərkəzinin
şagirdləri öz rəqsləri ilə konsert
proqramına əlavə rəng qatdılar. Füzuli sakinləri
və şəhərin qonaqları bütün
ifaçıların çıxışlarını
alqışlarla qarşıladılar.
***
Füzuli Şəhəri Gününün daha bir tədbiri
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində
gerçəkləşdi. “Vətənim Füzuli” adlı
konsert proqramı Qarabağ Regional Mədəniyyət İdarəsi
tərəfindən təşkil olunmuşdu.
Mərkəzin böyük zalında keçirilən
konsertdən öncə Dövlət Himni səsləndirildi.
Sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Füzuli Dövlət Dram Teatrının direktoru
Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universiteti Təsviri sənət tarixi və nəzəriyyəsi
kafedrasının müdiri sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov
çıxış edərək Füzuli Şəhəri
Gününün doğma yurda qayıtmış sakinlərdə
əsl bayram ab-havası yaratdığını bildirdilər.
Tədbirdə əslən Füzulidən olan
müğənnilər tərəfindən təsnif, xalq və
bəstəkar mahnıları ifa olundu, şeirlər qiraət
edildi. Füzuli Dövlət Dram Teatrı aktyorlarının
iştirakı ilə vətənpərvərlik motivli səhnəcik
göstərildi.
Uşaq Yaradıcılıq Mərkəzinin
“Qarabağ fidanları” rəqs kollektivi “Şən Azərbaycan”,
konsertə qonaq qismində dəvət olunan “Asiman” rəqs
qrupu isə “Zaqatala” və “Yallı” rəqslərini təqdim
etdilər. Bu ilin mart ayında açılışı
keçirilən mərkəzdə gerçəkləşən
ilk böyük tədbir-konsert maraqla qarşılandı.
***
“Şəhər günü”ndə uşaqlar da
unudulmamışdı. Mirzə Uluqbəy adına Füzuli
şəhər 1 nömrəli tam orta məktəbində
Füzuli Dövlət Dram Teatrının repertuarından
“Ayı balası” uşaq tamaşası göstərildi.
Vüqar Haqverdiyevin pyesi əsasında
hazırlanmış tamaşanın quruluşçu rejissoru
Emin Abışov, quruluşçu rəssamı Ellinaz
Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.
Səhnə əsərinin əsas ideyası sevimli
heyvanların dili ilə uşaqlara dostluq, həmrəylik kimi əxlaqi-mənəvi
dəyərləri aşılamaqdır. Rolları Vüqar
Babayev, Sevinc Məmmədova, Sahilə Abbasova, Emin
Abışov, Şəbnəm Baxışova, Aygün Cəfərova,
Gülnar Quliyeva, Vüqar İsmayılov və Vüsal Həsənov
ifa edirdilər.
Səhnə əsəri uşaqlara unudulmaz anlar
yaşatdı.
***
Füzuli Şəhəri Günü axşam
saatlarında əfsanəvi müğənni və bəstəkar
Müslüm Maqomayevin ifasında lentə alınmış
“Azərbaycan” (“Baharlı yurdum”, sözləri Nəbi Xəzrinin)
mahnısının sədaları altında möhtəşəm
atəşfəşanlıqla başa çatdı.
Rəngarəng sərgilər, tamaşa və
kompozisiyalar, konsertlər doğma yurda qayıdışın
sevincini yaşayan Füzuli sakinlərinin yaddaşında
silinməz izlər qoydu.
Fariz Yunisli
Bakı-Füzuli-Bakı
Mədəniyyət .- 2024.- 23 oktyabr(№78).- S.1;3.