“Arşın mal alan” yenidən Ankara
səhnəsində
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettası yenidən Türkiyə səhnəsinə
çıxıb.
Türkiyə Cümhuriyyəti Mədəniyyət və
Turizm Nazirliyi Dövlət Opera və Balet Teatrları Baş
İdarəsinin məlumatına görə, dünya
miqyasında ən çox oynanılan operettalardan olan
“Arşın mal alan” Ankara Dövlət Opera və Balet
Teatrının repertuarına qayıdıb.
Üzeyir Hacıbəylinin şedevr əsəri 19
oktyabrda Ankara səhnəsində nümayiş olunub.
Operettanın növbəti tamaşaları 28 oktyabr,
4, 13, 25 noyabr tarixlərinə nəzərdə tutulub.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının baş
rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Qeyd edək ki, 1913-cü ildə Bakıdakı
premyerasından sonra dünyanın bir çox səhnələrini
bəzəyən “Arşın mal alan” Ankara Dövlət Opera
və Balet Teatrında da yeni quruluşda sənət
ömrünü yaşayır.
Yeni quruluşda ilk nümayişi bu il yanvarın 13-də
olan tamaşada orkestri Ankara teatrının dirijoru, Türkmənistan
əsilli Rüstəm Rahmetov idarə edir. Librettonun mətnini
türkcəyə uyğunlaşdıran Hacettepe Universiteti
Konservatoriyasının müəllimi Şenol Talınlı,
dekor və kostyum üzrə rəssam Yusuf Toker, işıq
üzrə rəssam Ali Gökdemir, xoreoqraf Özge Ay,
konsertmeyster Erkin Onaydır.
Qeyd edək ki, rejissor Hafiz Quliyev bundan əvvəl 2003
və 2013-cü illərdə də “Arşın mal alan”a
Ankara teatrının səhnəsində quruluş verib.
Mədəniyyət .- 2024.- 23 oktyabr(¹78).- S.1.