Milli Konservatoriyada musiqi təhsili ilə
bağlı müzakirələr aparılıb
Mədəniyyət naziri Adil Kərimli oktyabrın
17-də Azərbaycan Milli Konservatoriyasında olub.
Kollektivlə görüşdə nazir Azərbaycan
milli musiqisinin zənginliyini qeyd edib, bu sahədə tədrisin
yüksək səviyyədə qurulmasının əhəmiyyətli
olduğunu bildirib.
Nazir musiqi təhsili sahəsində fikir mübadiləsi
aparılmasına ehtiyac olduğunu deyib: “Bu mənada, musiqi məktəblərində
tədrisin səviyyəsinin yüksəldilməsi diqqətdə
saxlanılmalıdır. Milli musiqinin məzmunca inkişaf
etdirilməsi önəmlidir. Bu inkişaf isə ilk olaraq
musiqi məktəblərindən başlamalıdır.
Hazırda musiqi və incəsənət məktəblərində
islahat və yenilənmələr davam etdirilir. Xüsusilə
regionlarda fəaliyyət göstərən musiqi məktəblərinin
alətlərlə təminatı sahəsində problemlər
də diqqət mərkəzindədir”.
Söhbət zamanı xalq çalğı alətləri
üzrə yeni tədris proqramlarının
hazırlanmasının da vacibliyi vurğulanıb.
A.Kərimli bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən
mədəniyyət və yaradıcı sənayelər
üzrə kadr potensialının inkişaf etdirilməsi
prioritet hesab olunur. Bu məqsədlə elan olunan təqaüd
proqramı çərçivəsində bakalavriat və
magistratura səviyyələrində xaricdə təhsil və
təlim kursları üzrə sənəd qəbulu
aparılır.
Milli Konservatoriyanın rektoru Xalq artisti Siyavuş Kərimi
musiqi təhsili ilə bağlı müəyyən problemlərin
olduğunu söyləyib. O, son dövrdə musiqi təhsili
sahəsində aparılan islahat və yenilikləri yüksək
qiymətləndirib.
Sonra təhsil ocağının professor-müəllim
heyətinin mədəniyyət və musiqi təhsili üzrə
təklifləri dinlənilib.
Mədəniyyət .- 2024.- 23 oktyabr(№78).- S.3.