Zamanını
aşan miras – Muzey Mərkəzində sərgi
İpək Yolu motiv-mövzulu əsərlər
nümayiş olunur
Oktyabrın 22-də Muzey Mərkəzinin sərgi
qalereyasında “Zamanını aşan miras – İpək Yolu”
adlı beynəlxalq sərgi açılıb.
Sərgi Türkiyənin “İnsan və Mədəniyyət
Hərəkatı” (İMH) Sənət Birliyinin təşkilatçılığı,
qardaş ölkənin Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycandakı səfirliyi, Konya Böyükşəhər
Bələdiyyəsi, Türk Dünyası Bələdiyyələr
Birliyi, İstanbul Ticarət Universiteti, Xəzər Universiteti,
Muzey Mərkəzi və Bakı Rəsm Qalereyasının dəstəyi
ilə təşkil olunub.
Əvvəlcə iştirakçılar layihədən
bəhs edən videoçarxa baxıblar. Videoçarxda İpək
Yolunun keçdiyi ərazilərdə inkişaf edən mədəniyyət
və sənət dünyasının bu gün də
yaşadıldığı bildirilib.
“İnsan və Mədəniyyət Hərəkatı”nın
sədri Məryəm Güney həyata keçirdikləri
“Zamansız miras İpək Yolu” layihəsi barədə məlumat
verib: “Bu layihə minilliklər boyu keçdiyi bütün
bölgələrin sivilizasiya izlərini daşıyan,
qeyri-adi tarixi-mədəni zənginliyi özündə ehtiva
edən İpək Yolunun tarixi missiyasını xatırlatmaq,
Türk dünyası ilə olan əlaqələrimizin
inkişafına töhfə vermək, gələcək birgə
layihələr üçün zəmin yaratmaq, elm və sənət
dünyamıza yeni əsərlər gətirmək məqsədi
daşıyır”.
Bildirilib ki, layihə çərçivəsində
Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, Çin, Əfqanıstan, Pakistan,
İran və Suriyadan olan sənətkarların mövzuya
uyğun hazırladıqları əsərlər Bakıda sərgilənir.
Həmçinin eyni ölkələrdən qatılan sənət
və elm adamlarının iştirakı ilə təşkil
olunan simpoziumda İpək Yolunun tarixini, mühüm mərkəzlərini,
dil və ədəbiyyatını, elm və incəsənətini,
memarlığını və ticarətini bir çox aspektlərdə
əhatə edən məruzələr dinləniləcək:
“Düşünürəm ki, belə layihələr bizi
bir-birimizə daha da yaxınlaşdıracaq, aramızdakı
sərhədləri aradan qaldıracaq, sivilizasiyaya
baxışımızı qoruyub saxlayacaq, yeni ideya və
texnika mübadiləsi ilə irəli aparacaq”.
Xəzər Universiteti Direktorlar və Qəyyumlar
Şurasının sədri professor Hamlet İsaxanlı layihənin
vacibliyindən və qədim İpək Yolunun keçdiyi ərazilərdə
sənətin inkişafına gətirdiyi yeniliklərdən
danışıb.
Türkiyənın ölkəmizdəki səfiri
Cahit Bağçı layihənin Türk dünyasının
sənət irsinin yenidən tanınması və gələcək
nəsillərə çatdırılması
baxımından böyük əhəmiyyət
daşıdığını söyləyib. Səfir deyib:
“Bu mədəniyyəti qorumaq və yaşatmaq
hamımızın borcudur. İpək Yolu təkcə ticarətin
deyil, həm də mədəniyyətin, sənətin
inkişafına böyük təsir göstərib. Bu mədəni
mirasın indi də yaşadılmasında belə sərgilərin
böyük rolu var. Bu önəmli tədbirdə Türk
dünyasının tarixi və mədəni zənginliyini, mədəniyyətlərarası
bağları və müştərək mirasını
özündə birləşdirən sənət nümunələri
sərgilənəcək”.
Qeyd edilib ki, ekspozisiyada İpək Yolu istiqamətini əhatə
edən 41 sənətkarın xəttatlıq, təzhib,
miniatür, ebru, qələm işi (qrafik xətt),
ağacoyma, sədəf düzmə, keramika, zinət əşyaları
və digər əsərləri nümayiş olunur.
Sonra iştirakçılar sərgi ilə
tanış olublar.
Oktyabrın 26-dək davam edəcək sərgi çərçivəsində
panel müzakirələr də aparılacaq.
Mədəniyyət .- 2024.- 23 oktyabr(¹78).- S.2.