Rəssam Xəlil Əliyevin 70 illiyi
münasibətilə sərgisi açılıb
Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-sərgi
kompleksində tanınmış rəssam Xəlil Əliyevin
70 illik yubileyinə həsr olunmuş fərdi sərgisinin
açılışı olub. Oktyabrın 16-da keçirilən
tədbirdə təhsil ocağının rəhbərliyi,
professor-müəllim heyəti iştirak edib.
Akademiyanın rektoru Xalq rəssamı Natiq Əliyev
çıxış edərək Xəlil Əliyevin təkcə
memar kimi deyil, eyni zamanda rəssamlığın müxtəlif
sahələrində də fəal şəkildə
yaradıcılıqla məşğul olmasını yüksək
qiymətləndirib. Rəssamın memarlıq ixtisasında təhsil
alan tələbələrə dərs dediyini qeyd edən
rektor fərdi sərgisi münasibətilə təbriklərini
çatdırıb, yeni yaradıcılıq uğurları
arzulayıb.
Xalq rəssamları – akademiyanın elm və
yaradıcılıq işləri üzrə prorektoru Fuad
Salayev, beynəlxalq əlaqələr üzrə prorektor Səlhab
Məmmədov, muzey-sərgi kompleksinin direktoru Əməkdar
incəsənət xadimi Lalə Eldarova Xəlil Əliyevin rəngkarlıq
və keramika işlərinin ideya-sənətkarlıq məziyyətlərindən
danışıblar. Qeyd olunub ki, onun yaradıcılıq
nümunələrinin əsasında sevgi və səmimiyyət
dayanır.
Xəlil Əliyev çıxış edərək
yaradıcılığına göstərilən diqqətə
görə sərginin təşkilatçılarına və
iştirakçılara minnətdarlığını
bildirib. O, həyat yoldaşı, Geyim dizaynı kafedrasında
dərs demiş dosent Sevil Əliyevanı yada salıb, sərginin
bu sənət ocağında təşkil olunmasından, yəqin
ki, onun ruhunun da şad olduğunu vurğulayıb.
Sonra tədbir iştirakçıları sərgi ilə
tanış olublar.
Sərgidə Xəlil Əliyevin qrafika, rəngkarlıq
və keramikadan ibarət müxtəlif növ və
janrları əhatə edən 110 əsəri nümayiş
olunur.
Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan
Memarlar İttifaqının üzvü olan rəssamın
yaradıcılığında monumental və dekorativ-tətbiqi
sənət əsas yer tutur. Bununla yanaşı, o, qrafika və
rəngkarlıq əsərlərinin də müəllifidir.
Onu da bildirək ki, Bakı Metropoliteninin “28 May” (1990-cı illər),
“Sahil” (1993) və “Nəriman Nərimanov” (1994)
stansiyalarının mozaik tərtibatında Xəlil Əliyev
də iştirak edib.
Mədəniyyət .- 2024.- 23 oktyabr(№78).- S.5.