Tarixi Zəfərə
sənət töhfəsi – “Qarabağnamə” simfonik
balladası
Sözləri Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynova,
musiqisi Xalq artisti Faiq Sücəddinova məxsus “Qarabağnamə”
adlı simfonik ballada ərsəyə gəlib.
Simfonik ballada haqqında məlumat verən akademik
Rafael Hüseynov bildirib ki, solist, xor və simfonik orkestrin
ifası üçün nəzərdə tutulmuş bu əsər
Zəfərimizin növbəti ildönümünə hədiyyə
olacaq. Əsər Xalq artisti Yalçın Adıgözəlovun
rəhbərlik etdiyi simfonik orkestrin ifasında təqdim
olunacaq, solo hissəsini Əməkdar artist Ramil Qasımov ifa
edəcək.
Gözəl Qarabağımızın tarixi,
başından keçənlər, bu füsunkar məkanın
məşhur insanlarının hekayətləri “Qarabağnamə”
adı verilmiş silsilə kitablarda əbədiləşib.
Mirzə Adıgözəl bəyin, Mirzə Camal
Cavanşirin, Mir Mehdi Xəzaninin, Mirzə Yusif Qarabağinin,
Rzaqulu bəy Mirzə Camal oğlunun, Mirzə Rəhim Fənanın,
Həsən İxfa Əlizadənin, Həsənəli
Qaradağinin “Qarabağnamə”ləri bu gün bizə
yaxın əsrlər içərisindəki Qarabağımızın
yox olmuşlarını aydın görməyə imkan verir.
Söz yox ki, yeni Qarabağ, xüsusən də Zəfər
yolunu keçmiş Qarabağın tarixi barədə hələ
bundan sonra da cild-cild kitablar yazılacaq. “Qarabağnamə” sərlövhəli
tarixi əsərlərimiz vardı, indi musiqimizin də öz
“Qarabağnamə”si olacaq. Niyyətimiz və istəyimiz
“Qarabağnamə” simfonik balladasının Zəfər
Günü astanasında səslənməsidir”, – deyə
Rafael Hüseynov qeyd edib.
Mədəniyyət .- 2024.- 23 oktyabr(¹78).- S.5.