“İncilər” Naxçıvanda
azyaşlılardan ibarət ilk rəqs ansamblıdır
Rəqs bədən dili ilə anladılan bir hekayədir.
İnsanın içindəki duyğuların, arzuların
ritmlərlə ifadəsidir. Rəqs ansamblı bu məqsədlə
bir araya gələn, bir-birini tamamlayan fərdlərdən ibarətdir.
Onlar səhnədə parlaq işıqların altında
musiqinin ritmi ilə ahəngdar bir şəkildə
tamaşaçıların estetik zövqünü
oxşayırlar.
Ötən il Ümummilli lider Heydər Əliyevin 100
illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi,
Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin
birgə təşkilatçılığı ilə
keçirilən Uşaq İncəsənət Festivalında
(UİF) nailiyyət əldə edən istedadlar arasında
“İncilər” rəqs ansamblı da vardı. “Uğur
sorağında” rubrikasında bu dəfə
oxucularımıza həmin kollektivi tanıdacağıq.
Həmsöhbətimiz ansamblın yaradıcısı
Fatimə Kazımovadır. O, Naxçıvan Dövlət
Universiteti nəzdində fəaliyyət göstərən
Musiqi Kollecində xoreoqrafiya ixtisası üzrə təhsil
alıb. Hazırda Bakı Xoreoqrafiya Akademiyasında təhsilini
(qiyabi) davam etdirir. 2021-ci ildən pedaqoji fəaliyyətlə
məşğul olur, Naxçıvan şəhər Uşaq
musiqi və incəsənət məktəbində xoreoqrafiya
ixtisası üzrə müəllimdir. “İncilər” rəqs
ansamblını da 2021-ci ildə yaradıb.
Bu barədə deyir: “Naxçıvan Muxtar
Respublikasında azyaşlılardan ibarət rəqs
ansamblı yox idi. Düşünürdüm ki, belə bir
kollektiv yaradılmalıdır. Rəqs sənətinin
inkişafı üçün bu vacibdir. Bu məqsədlə
rəqs ansamblı yaratmağa qərar verdim. İstedadlı şagirdlərimizin
hər birinin bir inci olduqlarını düşünərək
ansamblın adını “İncilər” qoydum. Kollektivimizdə
5-17 yaş arası şagirdlər fəaliyyət göstərir”.
Ansambl 2023-cü ildə Naxçıvanda Heydər
Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqədə
solo və kollektiv nominasiya üzrə I, duet nominasiyası
üzrə I və II yerlərə layiq görülüb.
Ötən il isə UİF-də “İncilər”
(Nuray Fətullayeva, Öznur Bayramlı, Şənay
Bayramlı, Sənay Eylazova, Nuray Mahmudlu, Fatimə
İsmayılova, İradə Vəliyeva, Nərgiz Fərəcli,
Gülay Əlizadə) milli rəqs ansamblı
nominasiyasında 14-17 yaş kateqoriyasında III yeri qazanıb.
Bundan əlavə, ansamblın üzvlərindən
Fatimə Allahyarlı solo milli rəqs nominasiyası üzrə
10-13 yaş qrupunda III, Nuray Fətullayeva isə həmin
nominasiya üzrə 14-17 yaş kateqoriyasında II yerlərə
layiq görülüblər.
“Uşaq İncəsənət Festivalı mən və
kollektivimizin ən çox zövq aldığı, təcrübə
qazandığı müsabiqə idi. Festivala
hazırlaşarkən məqsədimizdə yer tutmaq var idi. Mən
şagirdlərimə, onlar da mənə inanırdı. Gərgin
məşqlərimiz olurdu. Nəticədə çəkdiyimiz
əziyyət dəyərləndirildi və uğur
qazandıq”, – deyə Fatimə Kazımova bildirir.
O, UİF-dən sonra da kollektivin müxtəlif
müsabiqə və tədbirlərdə uğurla iştirak
etdiyini söyləyir: “Naxçıvan Dövlət Milli Dram
Teatrında muxtar respublikasının 100 illik yubileyinə və
8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr
olunmuş sinif konsertimiz oldu. Konsert böyük maraqla
qarşılandı. Bu il kollektivimizin təşəbbüsü
ilə muxtar respublikada ilk dəfə 29 aprel – Beynəlxalq Rəqs
Günü münasibətilə Heydər Əliyev
Sarayında 7 kollektivin iştirak ilə tədbir
keçirildi. “Naxçıvan istedadları” adlı uşaq
incəsənət festivalında “İncilər” rəqs
ansamblı solo və kollektiv nominasiyalar üzrə I yeri
qazandı. Bunlarla yanaşı, iştirak etdiyimiz dövlət
tədbirlərində təşəkkürnamələr və
fəxri fərmanlarla təltif olunduq”.
Kollektivin gələcək fəaliyyəti haqqında
danışan Fatimə xanım “İncilər” rəqs
ansamblının beynəlxalq müsabiqələrdə də
ölkəmizi uğurla təmsil etmək arzusunu dilə gətirir.
O, həmçinin bu sənətin muxtar respublikada
inkişafı üçün daha səylə
çalışacağını söyləyir.
Nurəddin
Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.4.