“Muğanda kino
günləri”
Aksiya İmişli, Beyləqan, Saatlı və Sabirabad
rayonlarını əhatə edib
Xəbər verdiyimiz kimi, Azərbaycan
Kinematoqrafçılar İttifaqı (AKİ) bölgələrdə
film nümayişlərini davam etdirir.
21-24 oktyabr tarixlərində keçirilən
“Muğanda kino günləri” adlı budəfəki aksiya
İmişli, Beyləqan, Saatlı və Sabirabad
rayonlarını əhatə edib.
Filmlərin nümayişində məqsəd son illərdə
dövlət sifarişi ilə və müstəqil istehsal
olunan Azərbaycan filmlərini yerli tamaşaçılara
çatdırmaqdır.
Ekran əsərləri İmişli rayon Heydər
Əliyev Mərkəzi, Beyləqan rayon Heydər Əliyev Mərkəzi,
Saatlı rayon Mədəniyyət Mərkəzi və Sabirabad
rayon Mədəniyyət Mərkəzində nümayiş
etdirilib.
Kinosevərlər 4 gün ərzində müasir
kinomuzun seçilmiş nümunələrindən “Suğra və
oğulları” (rejissor İlqar Nəcəf), “Mən burdayam,
İlahi!” (rejissor Qulu Əsgərov) tammetrajlı bədii, “Tənha
insanın monoloqu” (Emin Əfəndiyev), “Titrəmə” (Amil
Amal), “Qırmızı” (Tahir Tahiroviç) qısametrajlı
bədii, “İlkin şəhid”, “Atam, anam, bir də mən” (hər
ikisi İntiqam Hacılı) və “Evsiz qalmış ay”
(Atanur Nəbiyeva) qısametrajlı sənədli filmlərinə
baxmaq imkanı qazanıblar.
Xatırladaq ki, AKİ tərəfindən bundan əvvəl
2022-ci ildə “Cənubda kino günləri”
başlığı ilə Lənkəran, Biləsuvar və
Lerik rayonlarında, bu ilin iyul ayında isə “Şirvanda kino
günləri” başlığı altında Şirvan şəhəri,
Biləsuvar, Neftçala, Salyan və Hacıqabul
rayonlarında film nümayişləri təşkil
edilmişdi.
Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.3.