“Tanrı quşu gəlmədi”
Bakıya gələcək
Lənkəran Dövlət Dram Teatrı ölkədaxili
qastrol proqramına uyğun olaraq, 29-30 oktyabr tarixlərində
Bakıda olacaq.
Yaradıcı heyət əvvəlcə Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında yeni səhnə əsərinin
– “Tanrı quşu gəlmədi” tamaşasının
premyerasını keçirəcək. Ertəsi gün isə
Lənkəran teatrının repertuarından “Casus” təqdim
olunacaq.
Yazıçı-dramaturq Cavid Zeynallının
eyniadlı dramı əsasında hazırlanan “Tanrı
quşu gəlmədi” tamaşası öz ilkin və həqiqi
mahiyyətindən qopan, mənəvi xilasını
keçmişdə, uşaqlığında axtaran
Süleyman Əfəndiyevin faciəvi taleyindən bəhs
edir.
Doğulduğu kənddə onun bütün
keçmiş günahlarından xəbərdar sonuncu adam
öləndən sonra Süleyman kəndə qayıtmağa
qərar verir. Kənddə onu çox şey gözləyir:
doğulduğu və indi – ömrünün bu ixtiyar
çağında sığınmaq istədiyi ev,
doğmalarının xatirəsi, həyatını məhv
etdiyi qadının qisası, ondan üz döndərən
Tanrı quşu...
Amma Süleymanın oğlu Mustafa onun kəndə
qayıtmağının əleyhinədir. Süleyman həyatının
acı həqiqətləri ilə üz-üzə qalıb nəhayətdə
qovuşmaq istədiyi Tanrı quşunun qurbanına
çevrilir. Çünki quş dilini də bilmir. Tanrı
quşunu Allahın insana əmanəti olan vicdan hissinin
ümumiləşmiş adı da hesab etmək olar.
Psixoloji-dram janrlı səhnə əsərinə
teatrın baş rejissoru Anar Babalı quruluş verib.
Quruluşçu rəssam Tərlan Sadıqov, bəstəkar
Aydan Əliyevadır. Rolları Xalq artisti Qabil Quliyev, aktyorlar
Qızılgül Quliyeva, Saleh Əzimzadə, Gülər Kərimova, Mələykə Cəfərova,
Elçin Hacıyev, Əlizamin Abbasov, İmaməli Əskərov
və Zeynal Məmmədzadə
ifa edirlər.
Mədəniyyət .- 2024.- 25 oktyabr(№79-80).- S.3.