Gələcək üçün dayanıqlı nəqliyyat
ADY ilk “Dayanıqlılıq hesabatı”nı təqdim
edib
Bu gün dünyada qlobal iqlim dəyişikliyinin
doğurduğu fəsadlar və ətraf mühit problemləri
kontekstində qarşıda duran başlıca məsələlərdən
biri atmosferə karbon qazının buraxılmasının
(emissiya) azaldılması (dekarbonizasiya) ilə
bağlıdır. Noyabr ayında Bakıda keçiriləcək
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyası Tərəflər Konfransının 29-cu
sessiyası – COP29-da müzakirələrin mühüm istiqaməti
bu barədə olacaq. Bununla bağlı nəqliyyat sahəsində
dekarbonizasiya hədəfləri də ayrıca önəm kəsb
edir. Nəqliyyat növləri arasında bu xüsusda ən
qabaqcıl mövqedə dəmir yolu nəqliyyatıdır.
Bu barədə oktyabrın 23-də “Azərbaycan Dəmir
Yolları” QSC-nin təşkil etdiyi “Gələcək
üçün dayanıqlı nəqliyyat” mövzulu tədbirdəki
çıxışlarda söhbət açılıb.
Tədbir “Azərbaycan Dəmir Yolları” QSC-nin ətraf
mühit, sosial məsuliyyət və idarəçilik sahəsində
dayanıqlı nailiyyətlərə dair ilk hesabatının
təqdimatına həsr olunub.
2023-cü ili əhatə edən hesabatda Azərbaycanda
dayanıqlı nəqliyyatda,
xüsusilə dəmir yollarında yaşıl
innovasiyalar və qabaqcıl rəqəmsal həllərin tətbiqi
ilə dekarbonizasiya hədəflərinə çatmaq
üçün görülən işlər, bu istiqamətdə
atılacaq addımlardan ətraflı bəhs olunur.
Tədbirdə çıxış edən rəqəmsal
inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov
rəqəmsal innovasiya sahəsində beynəlxalq əməkdaşlıq
və dayanıqlı nəqliyyatın inkişafı
üçün Azərbaycanın strateji
baxışının əsas məqamlarını diqqətə
çatdırıb. Dünyada olduğu kimi, ölkəmizdə
də elektriklə işləyən nəqliyyat vasitələrinin
sayının artdığını bildirən nazir
müavini qeyd edib ki, hazırda ölkə üzrə 184
enerji doldurma məntəqəsi fəaliyyət göstərir
və bu say artırılacaq.
Energetika nazirinin müavini, COP29-un baş
icraçı direktoru Elnur Soltanov və Milli Məclisin Təbii
ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq
Qurbanov qlobal iqlim məqsədləri və dekarbonizasiya hədəflərinin
yerinə yetirilməsində nəqliyyatın önəmi, bu
sahədə beynəlxalq təcrübələr və 2030-cu
ilədək Milli Prioritetlər, həmçinin Azərbaycanın
yaşıl innovasiya sektorunda artan rolu haqqında iştirakçılara
ətraflı məlumat veriblər.
Elnur Soltanov onu da diqqətə çatdırıb ki,
COP29-a ev sahibliyi edəcək Azərbaycan tərəfindən
“milli töhfələr sənədi” hazırlanır və sənəddə
öhdəlikləri və iqlim fəaliyyət planları və
öhdəlikləri ilə bağlı mühüm hədəflər
əksini tapacaq.
Qeyd olunub ki, Azərbaycanda karbon emissiyalarının təqribən
15 faizi nəqliyyatla bağlıdır ki, burada da ən
göstərici (1 faiz) dəmir yollarının payına
düşür. Başqa sözlə, dəmir yolları ətraf
mühit üçün ən təmiz nəqliyyat
növüdür.
Tədbirdə çıxış edən ADY sədri
Rövşən Rüstəmov dayanıqlı nəqliyyatın
qurulmasında dəmir yollarının roluna toxunaraq bildirib ki,
dəmir yolu dayanıqlığının birinci və ən
mühüm aspekti emissiyaların azaldılması və enerji
səmərəliliyidir. Dəmir yolu nəqliyyatı üzrə
qlobal karbon emissiyasının ən az səviyyədə
olması bizim üçün həm də bir məsuliyyətdir:
“Məqsədimiz karbon emissiyalarından tam azad, yəni karbon
neytral dəmir yolu nəqliyyat sistemini qurmaqdır”.
R.Rüstəmov diqqətə çatdırıb ki,
2023-cü ildə sərnişinlərin 100 faizinin, yüklərin
isə 80 faizinin daşınması elektrik enerjisi hesabına həyata
keçirilib.
Tədbirdə ADY-nin tərəfdaşlıq etdiyi
Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Leder
də çıxış edib. O, qlobal miqyasda dəmir yolu
sistemlərinin dekarbonizasiyası istiqamətində
görülən təşəbbüslərdən
danışıb, ADY-də onun
reallaşdırılmasının gətirəcəyi
faydaları qeyd edib.
Çıxışların ardınca ADY-nin ilk
“Dayanıqlılıq hesabatı” ilə bağlı qısa
film-təqdimat olub.
Daha sonra ADY sədri Rövşən Rüstəmov və
Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Leder
tərəfindən iki qurum arasında dəmir yollarında
dekarbonizasiya sahəsində əməkdaşlığa dair
missiya sənədi imzalanıb.
Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.6.