İllər öncə qəzetlər
nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (27)
Bu il Azərbaycan ədəbiyyat və teatr tarixinin
görkəmli siması, böyük dramaturq, istedadlı
şair, yazıçı-publisist Cəfər
Cabbarlının (1899–1934) anadan olmasının 125 illik yubileyidir.
Cəfər Cabbarlının zəngin
yaradıcılığı hələ
sağlığında yüksək qiymət
almışdı. Vəfatından sonra isə yubileyləri,
xüsusilə sovet dövrünün ideoloji ədəbiyyat
meyarları kontekstində geniş şəkildə qeyd olunub.
1969-cu ildə ədibin 70 illiyi Sovet İttifaqının
paytaxtında təntənə ilə keçirilmişdi.
Mətbuat xronikasından növbəti seçmələrimiz
bu barədədir. “Ədəbiyyat və incəsənət”
qəzetinin səhifələrində 55 il əvvələ
qayıdaq...
Xalqlar dostluğunun alovlu tərənnümçüsü
İttifaqlar evinin Sütunlu salonunda C.Cabbarlının
xatirə gecəsi
Alovlu beynəlmiləlçi, sovet adamlarının
dostluğunu və qardaşlığını ilhamla tərənnüm
edən görkəmli Azərbaycan yazıçısı Cəfər
Cabbarlı bütün sovet xalqlarının hörmət və
məhəbbətini qazanmışdır. Azərbaycan sovet
dramaturgiyasının banisi C.Cabbarlının anadan olmasının
70 illiyinə həsr edilmiş şənliklər Vətənimizin
qırmızı ulduzlu paytaxtı Moskvada təntənəli
gecə ilə başa çatmışdır.
İttifaqlar evinin ağ mərmərli Sütunlu salonu
bayramsayağı bəzədilmişdi. Səhnənin dərinliyində
C.Cabbarlının böyük portreti görünürdü.
SSRİ Yazıçılar İttifaqı idarə
heyətinin katibi Anatoli Sofronov gecəni açaraq dedi: hər
şey vaxtla ölçülür... Coşqun, ehtiraslı
ürəyə malik olan, yorulmaq nə olduğunu bilməyən,
xalqının gözəl sifətlərini özündə əks
etdirən Cəfər Cabbarlı az yaşadı... Onun
yaradıcılıq həyatının hər bir ili Azərbaycan
xalqına, Vətənimizin bütün xalqlarına ədəbiyyat
inciləri bəxş edirdi. Gözəl dramaturq və
yazıçı, Azərbaycan ədəbiyyatının
klassiki Cəfər Cabbarlı
qardaşlığımızın təməlini qoyanlardan
biridir. Ona əbədi eşq olsun!
Azərbaycan Yazıçılar İttifaqı idarə
heyətinin birinci katibi, Xalq yazıçısı Mirzə
İbrahimov Cəfər Cabbarlı haqqında söz söylədi.
O dedi: Cəfər Cabbarlı Azərbaycan sovet
dramaturgiyasının banisi, çoxəsrlik Azərbaycan ədəbiyyatının
fəxridir. Xalqımızın yeni həyatı, sosialistcəsinə
dirçəlişi onun zəngin, dərin və orijinal
yaradıcılığında öz əksini
tapmışdır.
SSRİ Xalq artisti Hökümə Qurbanova öz
çıxışında unudulmaz dramaturq ilə
görüşləri haqqında xatirələrini söylədi.
Ukrayna yazıçısı Aleksandr Dyaçenko
dedi: Cabbarlının əsərlərində Azərbaycan
xalqının həyatının ən müxtəlif cəhətləri
öz əksini tapmışdır. Bu gün biz bütün
bunlar üçün yazıçıya
ehtiramımızı bildirir və onu Azərbaycan
xalqını qardaş milli ədəbiyyatların ən
yaxşı nailiyyətləri ilə tanış etmək
üçün çox iş görən bir insan kimi dərin
minnətdarlıqla xatırlayırıq.
Moskva yazıçısı Leonid Lenç dedi:
C.Cabbarlının yaradıcılıq taleyi həqiqətən
heyrətamizdir: o, cəmi 35 il ömür sürsə də,
Azərbaycan ədəbiyyatının klassiki sayılır. Mən
arzu edirəm ki, Moskvada milli pyes teatrı yaradılsın.
Cabbarlının dramları həmin teatrın repertuarına
xüsusi yaraşıq verərdi.
Özbək yazıçısı Rəhmət Feyzi
dedi: Mən Moskvaya Daşkənddən, üç il əvvəl
zəlzələdən zərər çəkən və
dostların köməyi ilə bərpa edilən bir şəhərdən
gəlmişəm. Şəhərimizin bugünkü simasi
xalqlar dostluğunun gözəl təcəssümüdür.
Görkəmli Azərbaycan yazıçısı Cəfər
Cabbarlı bu dostluğun tərənnümçüsü
idi. Daşkənddə Azərbaycan
inşaatçıları tərəfindən ucaldılan evlər
də vardır. Həmin evlər görkəmli özbək
yazıçısı və musiqiçisi Həmzə
Niyazinin adını daşıyan rayonda ucalır. Cəfər
Cabbarlının yubileyi ərəfəsində Daşkənd
Şəhər Sovetinin İcraiyyə Komitəsi həmin
rayonun küçələrindən birinə məşhur Azərbaycan
yazıçısının adını verməyi qərara
almışdır.
Yazıçı M.Qaynullin dedi ki, Cəfər
Cabbarlının yaradıcılığı Tatarıstanda
bir çox illərdir ki, böyük şöhrət
qazanmışdır.
Sergey Vasilyev Cəfər Cabbarlıya həsr etdiyi
şeirini oxudu.
Həmin axşam salona toplaşanlar C.Cabbarlının
yaradıcılığı ilə tanış oldular. Azərbaycan
incəsənət ustalarının bayram konsertində
M.Əzizbəyov adına Akademik Dram Teatrının “Almaz”
tamaşasından, F.Əmirovun M.F.Axundov adına Akademik Opera və
Balet Teatrında göstərilən “Sevil” operasından səhnələr
ifa olundu. “Dönüş”, “Od gəlini” pyeslərindən monoloqlar,
Cəfər Cabbarlının şeirlərinə
yazılmış mahnılar oxundu...
Konsertin axırında respublikanın Əməkdar
artisti N.Rzayevin idarəsi ilə Azərbaycan Radiosunun və
Televiziyasının kamera orkestri bəstəkar Rauf
Hacıyevin “Cəfər Cabbarlıya ithaf” əsərini ilk dəfə
ifa etdi.
“Ədəbiyyat və incəsənət” qəzeti,
25 oktyabr 1969-cu il
Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.6.