Moskvada azərbaycanlı
rəssam-heykəltaraşın “Okean röyaları”
Moskvada azərbaycanlı və rusiyalı rəssam,
heykəltaraş Aydın Zeynalovun “Okean röyaları”
adlı fərdi sərgisi açılıb.
Təqdim olunan əsərlər rəssamın təbiətlə
ahəngdar həyat haqqında fəlsəfi fikirlərini əks
etdirir. Layihə Aydın Zeynalovun dəniz hövzələrinə
olan həvəsi və dünya okeanlarının çirklənməsinin
miqyası barədə artan məlumatlılığı ilə
diktə edilib.
Rəssam deyib: “Üç ildən bir 30-40 əsərdən
ibarət silsilə əsər sərgiləyirəm. Əvvəlki
sərgim Yaxın Şərqlə bağlı idi,
çünki atam Rusiya Xarici İşlər Nazirliyində
işləyirdi və ərəbşünas idi. Mən ərəb
ölkələrində çox vaxt keçirmişəm.
Bugünkü sərginin mövzusu okeandakı
tullantılardır. Təxminən 20 ildir ki, dəniz hövzələrinə
həvəsim var. Balıqları öyrənərkən,
onların tez-tez su hövzələrinin plastiklə çirklənməsi
nəticəsində ölməsi faktı ilə
rastlaşdım və anladım ki, sivilizasiya ilə təbiətin
vəhdəti çox mürəkkəb və dərin
mövzudur”.
Aydın Zeynalov hesab edir ki, təbiət özü
insanlarla birgə yaşamağın yollarını
axtarır: “Bu sərginin köməyi ilə demək istərdim
ki, insan da öz hərəkətləri haqqında
düşünməli, təbiətə qayğı göstərməlidir”.
Rəssam qeyd edib ki, Bakıda keçiriləcək
COP29 çox əlamətdar hadisədir: “Azərbaycan nəhəng
təbii sərvətlərə malik ölkə kimi ekoloji
problemlərdən uca səslə danışır, dünya
birliyində layiqli mövqe tutur”.
Aydın Zeynalov V.İ.Surikov adına Moskva Dövlət
Akademik Rəssamlıq İnstitutunu heykəltaraşlıq və
Moskva Memarlıq İnstitutunu dizayner ixtisası üzrə
bitirib. S.G.Stroqanov adına Moskva Dövlət Rəssamlıq və
Sənaye Akademiyası Akademik rəsm kafedrasının dosenti,
Rusiya Rəssamlıq Akademiyasının müxbir
üzvüdür. “INTER-ESSE” Fənlərarası Tədqiqatlar
İnstitutu Elmi və Tədris Fəaliyyətinə Dəstək
Fondunun təsisçisi və direktorudur. 2017-ci ildə Rusiya Rəssamlıq
Akademiyasının həqiqi üzvüdür.
Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.8.