Bir gecədə dörd film
Azərbaycan Kinematoqrafçılar
İttifaqının ənənəyə çevirdiyi film
nümayişləri yenidən davam edir. İttifaq bu dəfə
(22 oktyabr) kinosevərləri “Nizami” Kino Mərkəzində
“Yeni nəsil, yeni nəfəs, yeni nəzər” adlı kino
gecəsində bir araya gətirdi.
Gənc və perspektivli dörd rejissor
qısametrajlı bədii filmlərini tamaşaçı müzakirəsinə
çıxarmışdılar. Bunlar Azər Quliyevin
“İkinci planetin qırmızı rəngi”, Daniel Quliyevin
“Uzaq”, Teymur Qəmbərovun “İki gün”, Novruz Hikmətin
“Burada hələlik sakitlikdir” filmləri idi.
Kinotənqidçi Sevda Sultanovanın moderatorluğu
ilə keçən tədbirdə nümayişlərin
ardınca hər film ətrafında müzakirə
aparıldı.
Filmlərin yaradıcı heyətləri çəkiliş
prosesi, filmlərin ideya və mövzuları barədə
tamaşaçılara məlumat verdilər, onları
maraqlandıran sualları cavablandırdılar.
Onu da qeyd edim ki, Azər Quliyev və Teymur Qəmbərovun
filmləri Mədəniyyət Nazirliyinin 44 günlük Vətən
müharibəsi ilə bağlı həyata keçirdiyi
“Böyük Qayıdış” layihəsinin qalib işləridir.
“İkinci planetin qırmızı rəngi” filmi
döyüş əməliyyatlarını təsvir edir. Biz
maddi sıxıntılar içində olan və bu vəziyyətdən
də qurtulmaq üçün müharibəyə gedən
Musa ilə tanış oluruq. Onun keçmişi və gələcəyi…
Sözsüz ki, arzuları var. Amma o, şəhid olur və
biz bir gəncin müharibədən öncəki daxili
mübarizəsi, sosial sıxıntıları və sonuncu
monoloqu – ölüm ilə “qələbə”sini
görürük...
“Burada hələlik sakitlikdir” filmi isə gənc
cütlüyün müharibəyə münasibəti fonunda
savaşın dəhşətlərini göstərir. Onlar
şəhərdə sərhədə yaxın yerdə hotel
otağında gecələyir və bu zaman müharibə
haqqında fikirlərini bölüşürlər. Təbii
ki, fikir ayrılıqları, mübahisələr, bəşəri
mövzular az qala savaşın bir addımlığında
qalan iki insanın düşüncələrinə hakimlik
edir.
“İki gün” filmi Bakıda yaşayan kiçik bir
ailənin həyatının iki gününü göstərir.
Atasının qəfil itməsi və ətrafda baş verən
hadisələr fonunda 22 yaşlı Fira bu vəziyyətdən
çıxmağa və anasına kömək etməyə
çalışır. Maraqlıdır ki, biz sona qədər
Firanın atasının harada olmasını bilmirik.
Sözsüz ki, hansısa cinayətə qurban gedə, yaxud da
ailə münaqişəsinin həllini qaçıb yoxa
çıxmaqda da görə bilərdi. Bütün hallarda
biz bir ailənin timsalında müharibə ilə
bağlı məqamları televiziyadakı xəbərlərdən
(fraqmental) görürük. Yəni ailənin müharibəyə
birbaşa dəxli yoxdur.
Dördlükdən ən diqqətçəkən
iş “Uzaq” filmi oldu. Daniel Quliyev bu qısametrajlı işində,
əslində, bir-birinə
doğma insanların – iki qardaşın soyuqluğunu,
etinasızlığını göstərməyə
çalışır.
Elnur (Murad Şükürlü) Bakıda tək
yaşayır, müalicə alır. Şəhərə
iş dalınca gələn qardaşı (Nurlan Rüstəmov)
onun yanında məskunlaşır. Onunla müqayisədə böyük
qardaşı tamam fərqli subyektdir. Bu fərqli xarakterli
insanlar bir yerdə yaşamağa başlayır.
Bu qardaşlar arasındakı soyuqluq, fərqlilik,
bütün hallarda iki doğma insanın yadlaşma səbəbləri
tamaşaçını nigaranlıqda saxlasa da, sonda
onların atası həm də bir körpü rolunu
oynayır.
Filmin mövzusunun mənəvi-psixoloji baxımdan
aydın işlənməsi yaxşı təəssürat
yaradır.
“London Film School” yetirməsi olaraq bundan əvvəl
operator kimi bir neçə filmini maraqla izlədiyim D.Quliyevin
tammetrajlı film rejissoru kimi də özünü
sınayacağına inanmaq olar. Bu filmin mükəmməl
operator işində və rəng həllində Orxan Abbasovun
da əməyi böyükdür.
Sonda onu da bildirim ki, AKİ-nin nümayiş silsiləsi
davam edəcək və hər dəfə müxtəlif
mövzular əhatə olunacaq.
H.Nizamiqızı
Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.5.