Alman tədqiqatçıdan
“Bakı memarlıq bələdçisi”
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində
Azərbaycan səfirliyi tərəfindən alman memarlıq
mütəxəssisi Hayke Maria Yohenninqin (Heike Maria Johenning)
“Bakı memarlıq bələdçisi” kitabının təqdimatı
keçirilib.
Mərasimdə çıxış edən səfir
Nəsimi Ağayev Şərq ilə Qərbin
qovuşuğunda, sivilizasiyaların təmas nöqtəsində
yerləşən Bakının coğrafi mövqeyinin onun bənzərsiz
memarlıq üslubuna mühüm təsir göstərdiyini
vurğulayıb. Diplomat Bakının memarlıq incilərinin
yaradılmasına alman memarların da öz töhfələrini
verdiklərini xüsusi vurğulayıb. Bu xüsusda 1898-1902-ci
illərdə Bakı şəhərinin meri olmuş alman mənşəli
memar Nikolaus fon der Nonnenin şəhərin özünəməxsus
memarlıq üslubunun formalaşmasında göstərdiyi
xidmətlər qeyd edilib.
On il ərzində Bakının memarlıq üslubunu
araşdırdığını deyən nəşrin müəllifi
Hayke Maria Yohenninq Avropa memarlığının şəhərdəki
izləri barədə geniş məruzə edib. Tədqiqatçı
XIX əsrin sonu – XX əsrin əvvəllərində neft bumu
dövründə sürətlə inkişaf edən
Bakıda tikilən gözəl memarlıq inciləri barədə
danışıb. Bu dövrdə “Art Nouveau” memarlıq
üslubunun Bakı şəhərində
yayıldığı vurğulanıb. H.Yohenninq ən
müxtəlif memarlıq üslublarını özünəməxsus
və ahəngdar şəkildə birləşdirən
Bakının nadir gözəlliyi ilə daim fərqləndiyini
bildirib.
Berlindəki “DOM“ nəşriyyat evi tərəfindən
nəfis tərtibatda çap edilən kitabda Bakı şəhərinin
memarlığının tarixi, inkişafı, görkəmli
memarlıq nümunələri, alman memarlarının töhfələri
barədə ətraflı məlumat verilir. Nəşrdə
Bakının bənzərsiz memarlıq üslubunun
tanınmış nümunələrinin fotoşəkilləri
də oxuculara təqdim edilir.
Mədəniyyət .- 2024.- 25 oktyabr(№79-80).- S.2.