Təbiət və xalça

 

Hər bir element estetik xarakterlə yanaşı, rəmzi mənalar da daşıyır

 

Məlum olduğu kimi, ölkəmiz 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Qlobal əhəmiyyətli bu mötəbər tədbir çərçivəsində ətraf mühit amillərinin mədəniyyətə təsiri kimi məsələlərə həsr olunan tədbirlər keçiriləcək, təqdimatlar olacaq.

Azərbaycan Milli Xalça Muzeyində bu münasibətlə “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi də təşkil ediləcək. Biz də bu sərginin adından yola çıxaraq xalçalarımızda təbiət mövzusuna nəzər saldıq.

Əsrlərdir insanlar təbiətdə gördüklərini müxtəlif sənət sahələrində əks etdirirlər. Toxucularsa ilmələrin köməyi ilə xalçalarda təbiət təsvirlərinə yer verirlər. Rəngli ilmələr təkrarlanaraq naxış, naxışların ritmi isə ornament yaradır. Təbiətin müxtəlifliyi kimi xalçaların da naxışları müxtəlif olur. Ölkəmizin əlverişli iqlim şəraiti, füsunkar təbiəti burada qədim xalq sənəti olan xalçaçılığın yaranmasında və inkişafında mühüm rol oynayıb. Azərbaycanın zəngin naxışlı, orijinal kompozisiyalı, ekoloji təmiz, rəngarəng xalçaları onun əsrarəngiz təbiətinin bütün gözəlliklərini özündə əks etdirir.

Xalçalarımızın əsas mənbəyi olan yun sapların boyanması üçün müxtəlif bölgələrdə bitən gül-çiçəkdən, ağac qabıqlarından, bitki köklərindən peşəkar boyaçılar təbii rənglər almışlar ki, bu da uzun illər rəngini, əlvanlığını, parlaqlığını itirməyən xalça nümunələrinin yaranmasına səbəb olub.  Xalçaçılığın inkişafı və yayılması əhalinin məişət və estetikası ilə bağlı olduğu qədər də onun təbiəti, mədəni müxtəlifliyi və dünyagörüşünü xarakterizə edib.

Azərbaycan xalçalarında ölkəmizin rəngarəng təbiətinin bütün gözəlliyi – dənizlə səmanın maviliyi, meşələrin yaşıllığı, dağların bəyaz zirvələri və əlvan yamacları əks olunub. Xalçaya nəzər saldığımızda, sözsüz ki, ilk növbədə, onun rəngləri diqqəti çəkir. Eyni zaman rənglər ideyanın çatdırılmasına da xidmət edir. Məsələn, qırmızı, göy və şəkəri rənglər alovun, suyun və torpağın rəmzidir. Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşı Ülkər Rəhimzadə bu mövzuda fikirlərini belə qeyd edir: “Xalça məktəblərinə bir-bir səyahət etsək görərik ki, naxışlarla yanaşı, rəng çalarları da dəyişir. Azərbaycanın şimal-şərq zonalarını əhatə edən Quba qrupu xalçaları xoş rəng ahəngi ilə seçilir. Sanki qar dənələri yerə düşüb ətrafı ağappaq örtüyə bürüyəndən sonra əriyib və torpaqda ilk cücərtilər üzə çıxıb. Bu qəbildən xalçalar evlərdə xoş ab-hava yaradır, sanki qəlbimizi isindirir. Bu hərarət qırmızı, göy, qəhvəyi və s. rənglərlə ifadə olunur. Şirvan xalçalarında nar və sumağın qırmızı dənələri, sünbüllərin qızılı-sarısı, yaşıl məxmər çəmənlər əksini tapıb. Bakı xalçalarında dənizin mavi ənginliyi, atəşin qırmızı rəngi, qumsallıqların qızılı rəngləri ecazkar bir şəkildə qovuşub. Böyük bir bağı xatırladan Qarabağ xalçaları həyat eşqi və parlaq rəng ahəngi ilə seçilir. Daha çox qızılı-sarı, al-qırmızı, palıdı, yaşıl, narıncı və çəhrayı rənglər işlədilir. İslamdan öncə türk xalqları arasında yaşıl təbiətin (çəmənlik, meşə, ağac və s.) rəngi kimi qəbul edilirdi. Necə ki, göy rəngin qaynağı səmadır, eləcə də yaşıl rəngin qaynağı meşə və ağaclardır. Təbiəti əks etdirən ağac, “həyat ağacı” kimi motivlər də yaşıl rənglə əlaqədardır”.

Xalçalarda təbiət mövzusu təkcə rəngarənglik, göz oxşamaq üçün deyil, eyni zamanda insanların sağlamlığına, əhvali-ruhiyyəsinə də təsir edir. Məsələn, yaşıl rəng sağlamlıq, göy rəng isə səma cisimlərinə inam və sitayişlə bağlıdır. Göy rəngin çalarları da müxtəlif təbiət hadisələrini işarə verir. Mavi rəngli naxışlar  səma kimi genişliyi və sonsuzluğu, tünd-göy isə dənizlərin dərinliyini ifadə edir. Bu fikirləri ifadə etmək üçün xalçalarımızda, xüsusən Bakı məktəbində (“Zili”, “Xilə əfşan”, “Xilə buta”) Gəncə, Qazax məktəbində (“Samux”, “Faxralı”, “Şıxlı”), Qarabağ (“Qasımuşağı”, “Malıbəyli”) mavi və göy rəngin yanaşı işlədildiyini görə bilərik. Bütün dünyada məşhur olan, xalçaçılıq sənətinin şah əsərlərindən sayılan Təbriz məktəbinin “Şeyx Səfi” xalçasının ara sahəsi sürməyi rəngdədir. Bununla yanaşı, xalçada göy rəngin müxtəlif çalarları da işlənib. Ülkər Rəhimzadə bildirir ki, xalının mərkəzində yerləşən qönçə günəşi, ətrafında yaşıl, qırmızı, sarı rəngli kiçik qübbələr isə onun şüalarını əks etdirir. Ətrafdakı saysız-hesabsız əlvan naxışlar kainatdakı ulduzların rəmzidir. Xalçada kainat tünd-göy, sürməyi rəngdə verilib. Sarı rəng bütün dünyada günəşin rəngi və rəmzi kimi qəbul olunur. Eyni zamanda qədim türk xalqlarında dünyanın mərkəzini və dörd ünsürdən biri – havanın rəmzi sayılır (torpaq-yaşıl, hava-sarı, od-qırmızı, su-mavi).

Xalçaçılıqda sarı rəng günəşin haləsi kimi xalçalarda verilir və istilik, hərarət yayır. Sarı rəng bəzən quraqlığın, qıtlığın, xəstəliyin, mövsümlərdən payızın da mücərrəd ifadəsidir.

Azərbaycan xalçaları istehsal olunduğu yerin bədii ənənəsindən, xammalından (yun, ipək, pambıq və s.) asılı olaraq müxtəlif kompozisiyalara, bəzəklərə malikdir. Bədii xüsusiyyət və məzmun toxunan xalçanın rəsmində, ornamentində və rəngində öz əksini tapır. Xalçalarımızın bədii xüsusiyyəti və məzmunu əsasən onları bəzəyən ornamentlərdən asılıdır. Çünki ornament tətbiq olunduğu sənət nümunəsini bəzəməklə bərabər, onun məzmununu da üzə çıxarır.

Araşdırmalar göstərir ki, xalça üzərindəki bu və ya digər təsviri elementlər təkcə estetik xarakter daşımayıb, eyni zamanda onların hər biri xüsusi rəmzi mənalar da kəsb edir. Bu mənada, heyvan elementləri qoç, qoyun təsvirlərini qeyd edə bilərik. Azərbaycan xalqının mənəvi dəyərlər sisteminin ayrılmaz bir parçasına çevrilmiş qoç inancı təsadüfən yaranmayıb. Toxuculuğun, o cümlədən xalçaçılığın əsas xammallarından birini məhz qoyun yunu təşkil edir. Qədim sənətkarlar toxuculuq üçün yararlı, keyfiyyətli yuna malik qoyun cinslərinin yetişdirilməsində həmişə maraqlı olublar. Burada, ilk növbədə, təbii-coğrafi şərait də mühüm rol oynayıb. Xalçalarımızdakı qoç elementləri dəyanəti və qəhrəmanlığı rəmzləşdirir. Təbiət motivləri elə xalçanın mənbəyi, bütövlükdə xalçanın özü deməkdir. Çünki ilk ilməsindən son ilməsinə qədər xalça sanki bir təbiət möcüzəsidir. Bu baxımdan, müxtəlif mövzularda toxunan milli xalçalarımız elə Azərbaycan təbiətinin bir parçası, vətənin sərvətidir.

 

Lalə Azəri

Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.6.