“Küçələrə su səpmişəm”
– film-pritça
Mərhum rejissor Nicat Feyzullayevin (1945–2015) “Küçələrə
su səpmişəm” filmi (2004) adındakı lirik-romantik
ovqatı qəribə tərzdə doğruldan kifayət qədər
ağır mətləbli bir ekran işidir. Bu məqamda belə
bir izah da öz yerini tuta bilər: lirik-romantik ad mətləbin
ağırlığını nisbətən yüngülləşdirmək
üçün seçilib. Bu ağırlıq isə
heç də yekcins, birtərəfli səciyyə
daşımır.
İki əmioğlu Xəlillə Bəhmənin
bir-birinə münasibəti son dərəcə
istiqanlıdır, daha doğrusu, Xəlil əmisi oğlu Bəhməni
o dərəcədə çox istəyir ki, Bəhmənin əlindəki
ov tüfənginin təsadüfən açılması nəticəsində
ölüm hadisəsinin həbs cəzasını çəkməyə
belə gedir.
Film-pritça İsi Məlikzadənin (1934–1995)
eyniadlı əsəri əsasında (ssenari müəllifləri
İsi Məlikzadə və Nicat Feyzullayev) çəkilib.
Xəlil Tibb İnstitutunun tələbəsi əmioğlusu
Bəhmənin kəndə gəlməsi münasibətilə
uşaqlıq dostu Tağını da dəvət edib
kiçik bir məclis qurur. Böyüklərdən gizlin araq
da alır: Xəlilin atasının qırxı yenicə
çıxıb, ona görə belə bir məclisin vaqe
olmasını o, əslində, doğru saymır,
böyüklərin, kənd camaatının
qınağından çəkinir. Amma istəkli əmioğlusunun
kənddə keçirəcəyi bir neçə
günü xoş ovqatlı etmək istəyi üstün gəlir.
Yeyib-içmək məclisindən sonra ova çıxmaq təklifi
Xəlilin ürəyincə olmur, çox könülsüz,
tüfəngsiz qoşulur əmisi oğlu ilə dostuna.
Hekayənin bütün kulminasiyası məhz bu
epizoddadır – Xəlillə Bəhmən ali məktəbə
imtahan verməyə birlikdə getmişdilər, Bəhmən
qəbul olub Bakıda qalıb, Xəlil isə kəndə
qayıdıb və ailə üzvlərini məyus edib.
Yeri gəlmişkən, orta məktəb məzununun
ali məktəbə qəbul olmamasını dramatikləşdirmək,
bundan son dərəcə pəjmürdə olmaq, həmin gəncə
qınayıcı münasibəti (bilərəkdən, yaxud
bilməyərəkdən) büruzə vermək nəticədə
faciəyə, bədbəxtliyə yol açan tamamilə
yolverilməz bir davranışdır. Belə də olur: Xəlil təsadüfən adam
öldürmək üstündə beş ilini həbsxanada
keçirib azadlığa çıxdıqdan sonra başqa
bir rayonda məskunlaşır, ali təhsilli həkim olmaq
arzusunu unudub ocaqxanada işləməyə başlayır,
ağlıkəsəndən sevdiyi, gündə iki dəfə
evlərinin yanından keçərkən “Küçələrə
su səpmişəm” mahnısını oxuduğu Sadayı
unutmağa çalışır... Teybə ilə evlənir.
Bəhmən ehtiyatsızlıq üzündən
Tağını öldürdüyü üçün Xəlildən
onun əvəzinə həbsə getməyi xahiş edir,
çünki onu işıqlı gələcək gözləyir
– təhsilini bitirməlidir, həkim fəaliyyətinə
başlamalıdır...
Bu məqamda hadisələrin mərkəzinə eqo
adlı məfhum keçir və aşkar olur ki, Bəhməndə
eqo ifrat dərəcədədir, Xəlildə isə,
ümumiyyətlə, bu hiss yoxdur. Hər iki hal insanın
başını bəlalara salacaq qədər təhlükəlidir.
Məsələn, Xəlildə zərrə qədər eqo
hissi olsaydı, o, əmioğlusunun kənddə olduğu
günlərini xoş ovqatlı etməyin qayğısına
qalıb, nəticədə tamamilə günahsız olaraq həbs
çəkib şəxsi arzularına, niyyətlərinə
“əlvida” demək əvəzinə, artıq tələbə
olan Bəhmənlə təhsillə bağlı söhbətlər
edərdi, növbəti il üçün
hazırlaşdığı qəbul imtahanları fənlərini
daha yaxşı mənimsəmək üçün onunla
fikir mübadiləsi aparıb, tövsiyələr alardı.
Və belə davranış daha normal təsir
bağışlayacaqdı, heç bir
peşmançılıq, birinin özünü günahkar
hiss etmək, digərinin qarşı tərəfdən
baş verənlərdən nəticə
çıxarmağı gözləmək kimi səssiz faciələr
yaşanmayacaqdı...
Kadrarxası məqamlar
Film haqqında yazımızın bu hissəsində Bəhmən
rolunun ifaçısı Rasim Balayevin, Teybə rolunu oynayan
Mehriban Zəkinin, Bəhmənin gəncliyini canlandıran
Elnur Kərimovun, Xəlilin gəncliyini oynamış Amid
Qasımovun xatirə və təəssüratı da ola bilərdi.
Amma, təəssüf ki (bizdən asılı olmayan səbəbdən),
olmadı…
Odur ki, əvvəlcə filmin quruluş müəllifi
Nicat Feyzullayevin oğlu rəssam-dizayner Aqşin
Feyzullayevi dinləyək: “Bu filmin ərsəyə gəlməsi
çox böyük çətinliklərdən keçdi.
Amma çəkilən əziyyətə dəydi – Bakıda
“Şərq-Qərb” kinofestivalında premyerası oldu, sənət
adamları və kinosevərlər tərəfindən çox
yaxşı qarşılandı. Belarusda “Listopad”
festivalında iştirak etdi.
Atam rəssam ailəsində böyüdüyü
üçün bu sahədən başı
çıxırdı. Ona görə hətta filmin
quruluşçu rəssamının babamın tələbəsi,
Xalq rəssamı Rafis İsmayılov olmasına baxmayaraq belə,
onunla da mübahisələri olurdu. Fuad Poladovun filmdəki gənclik
rolunu oynayan aktyoru tapmaq daha asan baş verdi. Rasim Balayevin gəncliyini
canlandıracaq aktyoru tapmaq bir az çətin başa gəldi.
Nəhayət, bir gün atam gəlib dedi ki, Akif Rüstəmov
bir cavan aktyor tapıb, məni qane edir, gözümə duran
problem bu idi, bu da həll edildi. Ssenarini yazanda Fuad Poladovun Xəlili,
Rasim Balayevin Bəhməni oynayacağını özü
üçün yəqinləşdirmişdi. Amma bunu onlara
bildirmədən ssenarini vermişdi ki, oxuyub özlərini
hansı rolda təsəvvür etdiklərini bildirsinlər.
Rasim Balayev özünü Bəhmən obrazında
görmüşdü, Fuad Poladov Xəlil obrazında.
Kürlə Arazın birləşdiyi və
ayrıldığı yeri göstərmək və bununla da
lap kiçik yaşlarından çox mehriban ünsiyyətdə
olan iki əmioğlunun yollarının ayrılmasını
kino dili ilə çatdırmaq üçün vertolyotla
çəkiliş aparılmalı idi. Amma filmə ayrılan
büdcə az olduğundan vertolyot çəkilişini
ixtisar etmək istəyirdilər. Onda atam dedi ki, onun uçun
ayrılmış maşından imtina edir. Beləliklə,
çəkiliş üçün ayrılmış
maşın əvəzinə vertolyot çəkilisi
reallaşdı. İndiyə qədər atamın tamam
başqa sahələrdə çalışan dostları zəng
edib bu filmə baxandan sonra necə təsirləndiklərini
deyirlər. Bu o deməkdir ki, film təsir qüvvəsini
saxlaya bilir. Atam klassik Azərbaycan mahnılarına köklənmiş
silsilə filmlər çəkmək niyyətində idi.
“Küçələrə su səpmişəm” filmindən
sonra “Əgər qismətim olarsa” filmini çəkmək istəyirdi,
ssenarini də yazıb tamamlamışdı, ömür vəfa
etmədi...”.
***
Filmin ikinci rejissoru Akif Rüstəmov: “Nicat Feyzullayevlə
dost idik. Kinoya ürəklə yanaşan rejissorlardan idi. Sənətə
gəldiyi ilk vaxtlardan ona dayaq olmuşam. Bu filmdə də
başqa cür ola bilməzdi. İsi Məlikzadənin bu əsərini
ekranlaşdırmaq onun arzusu idi. Film tamaşaçılar tərəfindən
ilk gündən sevildi. Çünki rejissorun ürəyinin
istisi hər kadrda duyulur. Bəhmən roluna Rasim Balayevin, Xəlil
roluna Fuad Poladovun, Teybə roluna Mehriban Zəkinin çəkiləcəyini
Nicat əvvəldən müəyyən etmişdi. Ona görə
bu rollara başqa aktyor seçimi olmadı. Bədii şura da
bu seçimləri təqdir etmişdi. Yeri gəlmişkən,
Fuad Poladovla Mehriban Zəki üçün Nicat başqa bir
mövzuda ayrıca bir ssenari də yazmışdı. O ssenari
məndədir. Adı belədir: “Əgər qismətim
olarsa”.
Qayıdaq mövzumuza. Bəhmənlə Xəlilin gənclik
yaşlarını canlandıracaq aktyorları seçmək
ikinci rejissorun vəzifəsi olduğu üçün
axtarışlara başladım. Fotosınaqlardan təxminən
40 nəfər keçdi. Nəhayət, Elnur Kərimovla Amid
Qasımovu seçdik. Elnuru bir neçə gün
müşahidə edəndən sonra sınaq çəkilişlərinə
dəvət etdim. Onun gözlərinin rəngi açıq
olduğu üçün linzadan istifadə etməli olduq.
Amidi tapmağıma isə sənət dostum, aktyor və
pedaqoq Vidadi Həsənov kömək etdi. Biləndə ki,
belə bir gənc aktyor axtarıram dedi ki, gəl, mənim
teatrımdakı aktyorları da nəzərdən keçir.
Mən də orda Amid Qasımovu seçdim. Seçim o qədər
uğurlu alınmışdı ki, Amidi kinostudiyada görənlər
Fuad Poladov olduğunu zənn etmişdilər. Bu filmdə
çəkilmək o gənc aktyorların
yaradıcılıq yoluna böyük işıq
saldı...”.
Lentə alınan birinci epizod Bəhmənlə Xəlilin
aynabənddə uzanıb öz aləmlərinə
qapıldıqları səhnə idi. Xəlilin kənddə
seçib-sevdiyi qız üçün oxuduğu
“Küçələrə su səpmişəm”
mahnısı isə plastinkadan səslənir.
***
Filmin quruluşçu operatoru Kənan Məmmədov:
“Küçələrə su səpmişəm” filmi mənim
kino yaradıcılığımda xüsusi yer tutur. Rəhmətlik
Nicat Feyzullayevlə dostluq edirdik və həmişə mənə
deyirdi ki, bir proyektim var, o filmi mütləq səninlə
çəkmək istəyirəm. Nəhayət, 2004-cü
ildə həmin ssenarini mənə verdi. Oxudum, çox bəyəndim
və çəkilişlərə
razılığımı verdim. Ümumiyyətlə, hər
filmdə problemlər olur… Bu filmdə də vardı, əsasən
maddi problemlər...
Çəkilişləri naturada və dekorasiyada
aparırdıq. Ov səhnəsinin finalı Abşeronda,
Masazırda duz gölünün ətrafında çəkildi.
İndi bu göl hasarla əhatə olunub. Biz çəkən
zaman sahil ağappaq duzla dolu idi. Həmin faciəli səhnə
bu məkanda cəkilib. Xəlilin iş yeri olan ocaqxana isə
Balaxanıda lentə alınıb.
Filmdə Azərbaycanın iki böyük aktyoru
iştirak edir - mərhum dostum Fuad Poladov və Rasim Balayev.
Onlarla çəkiliş meydançasında işləməkdən
böyük zövq alırdım. Mehriban Zəki çox
maraqlı bir surət yaratmışdı filmdə. Xüsusilə
gənc aktyorlar haqqında danışmaq istərdim. Elnur Kərimov
və Amid Qasımov, bizim çox istedadlı
aktyorlarımız düzgün oyun ideyasını
tapmış və nəticədə ekranda real xarakterlər
canlandırmışdılar.
Ümumiyyətlə desəm, bu film Azərbaycan
kinosunun, şübhəsiz, uğurudur və mərhum dostum
Nicatın bizə qoyub getdiyi yadigardır”.
Sözardı…
“Küçələrə su səpmişəm”
filmi 2005-ci ildə “Humay” milli mükafatına layiq
görülüb. Ekran işinin birinci epizodunda səslənən
“Küçələrə su səpmişəm”
mahnısı leytmotiv kimi film boyu tamaşaçının
qulağından əskik olmur. Və son epizodların birində
aşkar edirik ki, Xəlil ilk sevgisi Sadayı qətiyyən
unutmayıb – məskunlaşıb ocaqçı işlədiyi,
gözəl ailə qurduğu, bir qız, bir oğul sahibi
olduğu kənddə dəvət edildiyi toyda “Küçələrə
su səpmişəm” mahnısını sifariş edib rəqs
edəcək qədər ilk məhəbbətinə sadiqdir.
Xəlil sevməyi də bacaran, yaxşı ailə
başçısı, güvənli ər olmağın da
öhdəsindən gələn, sədaqətli dost və
istiqanlı qohumdur. Bu qədər müsbət keyfiyyət
arasında qədərində eqosu da olsaydı, nisgil hissinin nə
demək olduğunu bilməzdi…
Samirə Behbudqızı
Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.7.