“Yenidən
doğulmuş gözəllik”
Sənaye tullantılarından heykəllər – COP29 ərəfəsində
sərgi
Heydər Əliyev Mərkəzində heykəltaraşlıq
nümunələrinin təqdim olunacağı daha bir sərgi
nümayiş etdiriləcək. Noyabrın 7-də
açılışı olacaq “Yenidən doğulmuş
gözəllik” (“Reclaimed Beauty”) adlı sərgidə
nigeriyalı heykəltaraş Dotun Populanın (Dotun Popoola) əl
işləri yer alacaq.
Müxtəlif ölkələrdə əsərləri
nümayiş olunan müəllifin Bakı sərgisinin COP29 ərəfəsində
açılması təsadüfi deyil, çünki
ekspozisiya bu qlobal iqlim tədbiri ilə səsləşir.
Dotun Popula əl işləri ilə iqlim dəyişiklikləri
problemini də qabardır. Üstəlik, o, heykəlləri ənənəvi
materiallardan deyil, sənaye tullantılarına
çevrilmiş metal hissələrdən hazırlayır.
Qeyd edək ki, 2012-ci ildən ölkəmizdə Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə
geniş ictimaiyyətin diqqətini ekoloji problemlərə cəlb
etmək məqsədi daşıyan “Tullantıdan sənətə”
adlı beynəlxalq festival keçirilir. Festivalda hazırlanan
işlər məişət tullantılarının sənət
əsərinə çevrilməsinin
mümkünlüyünü nümayiş etdirir. 2015-ci ildə
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Tullantıdan sənətə”
adlı muzey yaradılıb.
Nigeriyalı heykəltaraş da tullantı metallardan
hazırladığı əsərləri vasitəsilə
hazırda bəşəriyyət üçün
başlıca problemə çevrilən iqlimin qorunması, ətraf
mühitə qayğının vacibliyinə diqqəti cəlb
etməyi bacarır.
Mədəniyyət .- 2024.- 25 oktyabr(№79-80).- S.8.