“Hələ
yaşamağa dəyər bir az da...”
Görkəmli şair Məmməd
İsmayılın 85 illiyi qeyd olundu
“...Gәzmәk istәyirәm dünyanı yazda
Hardasa, hardasa mәni duyan var,
Hәlә yaşamağa dәyәr bir az da”,
– deyən görkəmli şair, publisist, ədəbiyyatşünas-alim
Məmməd İsmayılın (Məmməd
Mürşüd oğlu İsmayılov) noyabrın 1-də 85
yaşı tamam olacaq.
Bu münasibətlə oktyabrın 23-də Beynəlxalq
Muğam Mərkəzində yubiley tədbiri keçirildi.
Xalq şairi Sabir Rüstəmxanlının
aparıcılığı ilə keçən gecədə
yubilyar şair də səhnədə yerini
almışdı. Sabir Rüstəmxanlı Məmməd
İsmayılın ədəbiyyata gəldiyi illəri yada
salaraq “altımışıncılar” nəslinin nümayəndəsi
kimi onun Azərbaycan poeziyasında məxsusi yeri olduğunu
diqqət çatdırdı.
Yubilyarı təbrikə gələnlər çox
idi. Şairin söz dünyası haqqında
duyğularını bölüşmək istəyənlər
sırasında ilk olaraq Azərbaycan Yazıçılar
Birliyinin (AYB) katibi, yazıçı-dramaturq, Əməkdar
incəsənət xadimi Elçin Hüseynbəyli səhnəyə
çıxdı. O, Məmməd İsmayılın “Gənclik”
jurnalını yaratması və özündən sonrakı ədəbi
nəslə dəstəyindən söz açdı, AYB-nin fəxri
diplomunu şairə təqdim etdi.
Milli Məclisin İctimai birliklər və dini qurumlar
komitəsinin sədri Fazil Mustafa Məmməd
İsmayılın yüksək bədii təfəkkür
sahibi olmaqla yanaşı, ölkəmizdə milli
şüurun formalaşması prosesindəki müstəsna
rolunu da vurğuladı.
Folklorşünas-alim, akademik Muxtar İmanov Məmməd
İsmayılın yaradıcılığı barədə
geniş məruzə ilə çıxış etdi,
şeirlərinin ideya-bədii məziyyətlərindən
danışdı. Bildirdi ki, şair yaşadığı
mühitin, ünsiyyətdə olduğu insanların
könül dilini mükəmməl bilir və şeirlərini
də bu qəlb dilinin ritmi və ahəngi ilə yazır.
Onun şeirləri xalq deyimləri ilə zəngindir. Belə
deyimləri şair elə məharətlə seçir ki,
onlar şeirin həm mənasını, məzmununu dərinləşdirir,
həm də onun dilini xalq dilinin ən mükəmməl
nümunəsinə çevirir. Mifoloji düşüncədən
qaynaqlanan deyimlər də onun poeziyasına əlavə rəng
qatır.
Millət vəkili, ədəbiyyatşünas Elnarə
Akimova Məmməd İsmayılın yaradıcılıq
özünəməxsusluğundan danışdı və
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad
Bülbüloğlunun təbrik məktubunu sənətkara təqdim
etdi.
Tədbirdə millət vəkili Aydın Hüseynov,
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan,
yazıçı Şərif Ağayar, şairlər Akif
Əhmədgil, Əkbər Qoşalı, Aysel Səfərəliyeva
və digərləri çıxış edərək Məmməd
İsmayılın yaradıcılığından söz
açdılar.
Müğənnilər – Xalq artisti Gülyaz Məmmədova,
Rövşən Əziz, Ayşən Mehdiyeva şairin sözlərinə
yazılmış mahnıları ifa etdilər. Bədii qiraətçilər
– Əməkdar artist Ağalar Bayramov və Xəzər
Süleymanlı müəllifin bədii nümunələrini
səsləndirdilər.
Gecənin sonunda Məmməd İsmayıl tədbirin
təşkilatçılarına və qonaqlara minnətdarlığını
bildirdi.
Qeyd edək ki, Məmməd İsmayıl Tovuz rayonunun
Əsrik Cırdaxan kəndində anadan olub. 1964-cü ildə
Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada
SSRİ Yazıçılar İttifaqı nəzdindəki
ikiillik Ali ədəbiyyat kursunu bitirib. 1966–1973-cü illərdə
Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində,
1975–1976-cı illərdə “Ədəbiyyat və incəsənət”
qəzetində, 1976–1980-ci illərdə Cəfər
Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında
çalışıb. 1980–1983-cü illərdə
“Yazıçı” nəşriyyatında şöbə
müdiri və baş redaktorun müavini, 1983–1987-ci illərdə
“İşıq” nəşriyyatının direktoru, 1988–1992-ci
illərdə “Gənclik” (“Molodost”) jurnalının baş
redaktoru, 1992–1993-cü illərdə Azərbaycan Televiziya və
Radio Verilişləri Komitəsinin sədri olub.
Bədii yaradıcılıqla yanaşı, elmi-tədqiqat
işi ilə də məşğul olan Məmməd
İsmayıl 1998-ci ildə “Çağdaş Azərbaycan
poeziyasında aşıq şeiri” mövzusunda namizədlik (fəlsəfə
doktorluğu) dissertasiyası müdafiə edib.
Müxtəlif illərdə “Ana əlləri”,
“Dünyaya baxıram”, “Axşamlar, səhərlər”,
“Söz vaxtına çəkər”, “Qoymayın
dünyanı adiləşməyə”, “Bəxtimə
düşən gün”, “Hələ yaşamağa dəyər”,
“Dünya bizim evimizdir”, “Aman təklik əlindən” və s.
kitabları nəşr olunub.
Şair 1996-cı ildə Türkiyəyə
köçüb və Çanaqqala Universitetində pedaqoji fəaliyyət
göstərib.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 25 oktyabr(№79-80).- S.3.