“İlyas Əfəndiyev ideologiyaya deyil, ədəbiyyata xidmət edib”

 

Xalq yazıçısının yenidən nəşr olunan biblioqrafiyasının təqdimatı

 

Oktyabrın 24-də Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin (1914-1996) 110 illik yubileyinə həsr olunmuş tədbir və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan “İlyas Əfəndiyev. Biblioqrafiya” kitabı və “İlyas Əfəndiyev” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmilər, elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər

Tədbiri kitabxananın direktoru professor Kərim Tahirov açaraq qeyd edib ki, İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatında öz yaradıcılıq məktəbi olan görkəmli şəxsiyyətlərdən biridir. Onun yaratdığı ədəbi və teatr məktəbi bu gün də davam edir. Ədibin bir sıra əsərləri teatrlarımızın repertuarını bəzəyir.

Kərim Tahirov Milli Kitabxana tərəfindən yazıçının yaradıcılığına ehtiram əlaməti olaraq “İlyas Əfəndiyev. Biblioqrafiya” kitabının təkmilləşdirilərək yenidən nəşr edildiyini bildirib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında biblioqrafiya kitabının əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd olunub ki, Mədəniyyət Nazirliyi  Milli Kitabxana ilə birgə bir sıra görkəmli yazıçıların, mədəniyyət xadimlərinin biblioqrafiya kitablarının bu salonda təqdimatlarını keçirib.

Nazir müavini bildirib ki, dövlət başçısı tərəfindən ədəbiyyat və mədəniyyət xadimlərimizə hər zaman böyük qayğı və diqqət göstərilir. İlyas Əfəndiyevin 90 və 100 illik yubileylərinin də dövlət səviyyəsində qeyd olunması bunun bariz nümunəsidir.

Bildirilib ki, İlyas Əfəndiyev yaradıcılığında xalqımızın taleyüklü məsələləri öz əksini tapıb. Onun “Xurşidbanu Natəvan”, “Hökmdar və qızı” kimi əsərləri bu mənada diqqətəlayiq nümunələrdir. Bu əsərlər həm də yazıçının cəsarətinin göstəricisidir.

Fərid Cəfərov biblioqrafiya kitabının İlyas Əfəndiyevin zəngin ədəbi irsinin təbliğinə qiymətli töhfə olduğunu deyib, nəşrin ərsəyə gəlməsində zəhməti keçənlərə təşəkkürünü bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu biblioqrafiya kitablarının xüsusilə tarix üçün çox vacib sənəd və sənədlər toplusu olduğunu deyib. Millət vəkili müasir Azərbaycan dramaturgiyasının formalaşmasında yazıçının rolunu xüsusi qeyd edərək “İlyas Əfəndiyev teatrı” anlayışının meydana gəldiyini, əsərləri əsasında hazırlanan tamaşaların böyük rəğbətlə qarşılandığını bildirib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov deyib ki, İlyas Əfəndiyev haqqında danışmaq Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, hətta siyasətinin böyük bir dövrü haqqında danışmaq deməkdir: “İlyas Əfəndiyev maraqlı şəxsiyyət olub. İlyas Əfəndiyev ədəbiyyat üçün yaranmışdı. Ədəbiyyata nəsrlə gələn yazıçının əsərlərində milli kolorit, Qarabağ mühiti, etnoqrafiyası mükəmməl şəkildə öz əksini tapıb”.

Akademik Muxtar Kazımoğlu bildirib ki, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafı İlyas Əfəndiyevin dram əsərləri ilə bağlıdır. Onun əsərləri Azərbaycan teatr sənətinin inkişafında mühüm rol oynayıb.

Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov İlyas Əfəndiyev yaradıcılığını zəngin bir ədəbi-mədəni xəzinə kimi səciyyələndirib, “İlyas Əfəndiyev. Biblioqrafiya” kitabının isə bu xəzinənin qızıl açarı olduğunu söyləyib.

Tədbirdə çıxış edən Xalq yazıçısı Elmira Axundova, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov İlyas Əfəndiyevin zəngin yaradıcılığından geniş söhbət açıblar. Bildirilib ki, ədib təkcə Azərbaycan nəsrində deyil, həm də teatr sənətinin müasir simasının formalaşmasında, eləcə də ölməz səhnə əsərləri ilə bir neçə aktyor və rejissor nəslinin yetişməsində əhəmiyyətli rol oynayıb.

Ədibin oğlu, Xalq yazıçısı Elçin Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya və çıxışçılara öz dərin minnətdarlığını bildirib. Deyib ki, İlyas Əfəndiyev həmişə oxucuları ilə bir yerdə olub. O, əsərlərinin əksəriyyətini sovet dövründə yazsa da, ideologiyaya deyil, ədəbiyyata xidmət edib.

Sonra tədbir iştirakçıları Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Xalq yazıçısı İlyas Əfəndiyev” adlı elektron məlumat bazası ilə tanış olublar.

Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər İlyas Əfəndiyev  haqqında”, “İlyas Əfəndiyev düşüncələrindən sətirlər”, “İlyas Əfəndiyev dünya milli və universitet kitabxanalarında”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir.

 

Mədəniyyət .- 2024.- 25 oktyabr(¹79-80).- S.1;2.