Gəncədə
“Nizami günləri” rəngarəng tədbirlərlə yadda
qalıb
Xəbər verdiyimiz kimi, 11-15 sentyabr tarixlərində
Mədəniyyət Nazirliyi və Gəncə Şəhər
İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan
şairi Nizami Gəncəvinin xatirəsinə həsr
olunmuş “Nizami günləri” layihəsi keçirilib.
Layihə çərçivəsində “Qiraət
axşamı” adlı tədbir təşkil edilib. Gəncə
Dövlət Kukla Teatrı aktyorlarının ifasında
Nizaminin “Yeddi gözəl” poemasından ərsəyə gətirilən
“Xeyir və Şər” tamaşası, Gəncə Dövlət
Milli Dram Teatrının təqdimatında “Sələflər
və xələflər” kompozisiyası, “Leyli və Məcnun”
operasından Leyli və Məcnunun səhrada görüş
səhnəsi təqdim edilib.
Bədii qiraətçilər şairin “Sənsiz”,
“Sevgili canan”, “Yenə tövbə evimi eşq xərab etmədədir”
və başqa qəzəllərini oxuyublar.
Gəncə şəhər 31 nömrəli tam orta məktəbin
ibtidai sinif şagirdlərinin ifasında Nizaminin şeirlərindən
ibarət kompozisiya da maraqla qarşılanıb.
“Qiraət axşamı”nın quruluşçu
rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Layihənin daha bir tədbiri “Nizami klassik musiqidə”
adlı gecə olub. Gəncə Dövlət Filarmoniyası
Kamera orkestrinin (dirijor Xalq artisti Rafael Bayramov) müşayiəti
ilə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Tural
Abdullayev, solistlər Rüstəm Cəfərov, Elmir
Pişnamazzadə, Samir Məmmədov, Vasif Bayramov, Zəminə
Mustafayeva dahi şairin sözlərinə bəstələnmiş
əsərləri ifa ediblər.
Üzeyir Hacıbəylinin “Arazbarı” zərbi
muğamı ilə başlayan gecədə bəstəkarın
“Sənsiz”, “Sevgili canan”, Fikrət Əmirovun “Gülüm”,
Cahangir Cahangirovun “Gül camalın”, Tofiq Quliyevin “Gözüm
aydın, gözümə...”, Süleyman Ələsgərovun
“Sərvi xuramanım mənim” əsərləri ifa olunub. Qiraətçilər
Lalə Həsəncan və Məhəmməd Hacıyev
Nizaminin qəzəllərini səsləndiriblər.
***
“Nizami muğam dünyası” adlı konsert
proqramında Beynəlxalq Muğam Mərkəzinin solistləri
– xanəndələr Sevinc Sarıyeva, Elgiz Əliyev və
Nisbət Sədrayeva tarda Rəşad İbrahimov,
kamançada Təbriz Yusubovun müşayiəti ilə
“Dumanlı Təbriz” tamaşasından “Qönçələbin
mahnısı”, “Şikəsteyi-fars” təsnifi, “Gəncədən
fayton gəlir” mahnısını ifa ediblər.
Gecədə həmçinin Göygöl Dövlət
Mahnı və Rəqs Ansamblının müşayiəti,
Sahil Quliyevin bədii rəhbərliyi ilə Şirxan Cahangirov
və Azər Verdiyev “Küçələrə su səpmişəm”,
Ələkbər Tağıyevin “Sənə qurban”
mahnılarını oxuyublar.
***
Sentyabrın 15-də Nizami məqbərəsinin
önündə layihənin bağlanış mərasimi
keçirilib. Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrı və Fikrət Əmirov adına Gəncə
Dövlət Filarmoniyasının təqdimatında Xalq artisti
Əfrasiyab Bədəlbəylinin “Nizami” operası
nümayiş etdirilib.
Əvvəlcə tamaşanın bədii rəhbəri,
Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəyli
çıxış edərək “Nizami günləri” layihəsini
yüksək qiymətləndirib, layihənin nəinki Gəncə,
ölkəmiz üçün mədəni hadisəyə
çevrildiyini vurğulayıb.
Açıq havada nümayiş olunan tamaşada
Əməkdar artistlər Ramil Qasımov (Nizami), İnarə
Babayeva (Rəna), Tural Ağasıyev (Lal), solistlər Mahir
Tağızadə (Atabəy), Taleh Yahyayev (Qızıl Arslan),
Elmir Rüstəmov (Sərkərdə) çıxış
ediblər.
Tamaşanın quruluşçu rejissoru Əməkdar
artist İnarə Babayeva, dirijoru Əməkdar artist Əyyub
Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil
Hacıyeva, quruluşçu baletmeysteri Əməkdar artist
Yuri Lobaçevdir.
Beş gün davam edən “Nizami günləri” layihəsi
atəşfəşanlıqla yekunlaşıb.
Mədəniyyət .- 2024.- 18 sentyabr (¹69).- S.4.