“Aysedora” festivaldan qayıdıb
Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının “Aysedora” monotamaşası (rus dilində)
Belarus Respublikasının Brest şəhərində
keçirilən 28-ci “Belaya Veja” Beynəlxalq Teatr
Festivalında uğurla nümayiş olunub.
Belarus, Danimarka, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan
və digər ölkələrin təmsil olunduğu
festivalda Musiqili Teatrın aktrisası Olqa Georgiyevanın
oynadığı tamaşa alqışlarla
qarşılanıb.
Rus yazıçı-dramaturqu Zinovi Saqalovun
“Aysedoranın üç həyatı” pyesi əsasında
hazırlanan tamaşa ötən mövsüm teatrın
repertuarına daxil edilib. Məşhur amerikalı rəqqasə
Aysedora Dunkan (1877–1927) haqqında tamaşanın quruluş
müəllifi və bədii redaktoru teatrın baş rejissoru
Cavid İmamverdiyevdir.
“Aysedora” festivalın təşkilatçıları
tərəfindən laureat diplomuna layiq görülüb.
Mükafat tamaşanın quruluşçu rejissoruna təqdim
olunub.
Səhnə əsərinin bədii rəhbəri
Əməkdar incəsənət xadimi Əliqismət Lalayev,
musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin
Atayev, quruluşçu rəssamı Əməkdar rəssam
Nabat Səmədova, baletmeysteri Əməkdar artist Nigar
Şahmuradova, musiqi redaktoru Nigar Süleymanovadır.
Qeyd edək ki, ötən il Akademik Musiqili Teatr bu
festivalda F.Dostoyevskinin “Utancaq qız” əsərinin
monotamaşası (rejissor Cənnət Səlimova,
ifaçı Şövqi Hüseynov) ilə uğurla təmsil
olunmuşdu.
Mədəniyyət .- 2024.- 18 sentyabr (¹69).- S.5.