“Qara qızıl” solmayan rənglərin
işığında
Uşaq yaddaşı iti olar deyiblər.
Bakılıların “nöyüt” dediyi “neft” kəlməsi
işlədiləndə ilk olaraq ağlıma indi müəllifini
xatırlamadığım tünd-göy rəngli “Qara
qızıl” adlı hekayə kitabı gəlir. O zaman hələ
məktəbli deyildim və anam mənə bu kitabdan
neftçilər, Neft Daşları, Bakının “qara
qızıl”ı haqqında hekayələr oxumuşdu...
Asfaltlanmayan küçələrdəki gölməçələrdə
suyun üzərində bərq vuran nefti də
xatırlayıram. Uşaqlar bəzən evdən kibrit gətirib
bu “suya” od vurur, kiçik alovu Novruz tonqalı sanıb üzərindən
atlanardılar. Bir də... nənəmin öz ata və
babalarının neft mədənlərində
çalışmaları ilə bağlı söhbətləri
yaddaşımda iz salıb. İllər keçdi, orta məktəb
dərsliyində Almas İldırımın məşhur
“Əsir Azərbaycanım” şeirindən “Xəbər alsam
Muğanımdan, Milimdən, Nazlı Bakım, o neft qoxan
gülümdən” misraları da bu sıraya qoşuldu...
***
XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycanda
neft bumunun yaşandığı dövrdür. O zaman Avropadan
və çar Rusiyasından neft sənayeçiləri
Bakıda neft hasilatını artırmaq üçün
durmadan çalışırdılar. Bu sahənin
inkişafı ilə əlaqədar Bakıda əhalinin də
sayı ilbəil artır, tikinti-quruculuq işləri geniş
vüsət alırdı. Bu tərəqqi fonunda neft
mövzusu ədəbiyyatda, təsviri sənətdə, kinoda
geniş şəkildə əksini tapırdı. Baxmayaraq ki,
həmin dövrdə ölkəmiz müstəmləkə
olduğundan digər sərvətləri kimi, “qara
qızıl”ının da gerçək sahibi deyildi...
XX əsrin sonlarında ölkəmiz müstəqilliyini
bərpa etdikdən sonra özünün yeni neft erasına qədəm
qoydu. Müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər
Əliyevin rəhbərliyi altında yeni milli neft
strategiyası işlənib hazırlandı. 1994-cü ilin 20
sentyabrında Azərbaycanın xarici neft şirkətləri
ilə imzaladığı “Əsrin müqaviləsi” bu sahədə
həyata keçirilən siyasətin təntənəsinə
çevrildi. Ulu öndər tərəfindən işlənib
hazırlanmış neft strategiyasının uğurla
reallaşdırılması, bu siyasəti layiqincə davam
etdirən Prezident İlham Əliyevin liderliyi ilə gerçəkləşdirilən
qlobal enerji layihələri ölkəmizin davamlı
inkişafının etibarlı təməli oldu.
Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il
tarixində imzaladığı fərmanla 20 sentyabrın Azərbaycanda
“Neftçilər günü” elan edilməsi bu sahədə
çalışan insanlara göstərilən diqqətin təzahürü,
eyni zamanda neft sənayesinin ölkəmizin inkişafında əhəmiyyətinin
bir daha təsdiqidir.
“Əsrin müqaviləsi” Azərbaycanı
dünyanın karbohidrogen bazarının aktiv bir üzvünə
çevirməklə yanaşı, ölkəmizin beynəlxalq
birlikdə etibarlı tərəfdaş imici qazanmasına səbəb
oldu. Azərbaycanın otuz ildən sonra öz ərazi
bütövlüyünü və suverenliyini bərpa etməsinin
də əsasında düzgün neft strategiyası
dayanır.
***
Bu il “Əsrin müqaviləsi”nin imzalanmasının
30 illiyidir. İqtisadi müstəqilliyimizin təməli
olmuş bu müqavilənin yubileyi ərəfəsində
milli təsviri sənətdə neft mövzusundan söz
açmaq istəyirik. Qalereyalarımızda özünəməxsus
dəst-xəttə malik rəssamların neft mövzusunda
müxtəlif janr və texnikalarda yaratdıqları silsilə
əsərlər qorunur.
Neft mövzusuna müraciət edən ilk
fırça ustalarından biri Xalq rəssamı Maral Rəhmanzadə
olub. O, Neft Daşlarına yollanaraq bu mövzuda silsilə əsərlər
ərsəyə gətirib.
2014-cü ildə “Əsrin müqaviləsi”nin 20
illiyinə həsr edilən silsilə tədbirlər
zamanı Milli Azərbaycan Tarixi Muzeyində M.Rəhmanzadənin
“Neft” silsiləsindən olan, 1947-ci ildə
hazırladığı 10 orijinal litoqrafiyası
nümayiş etdirilmişdi. Seriya əbədi odlara sitayiş
səhnəsi təsvir edilmiş “Atəşpərəstlər”
kompozisiyası ilə başlayır, neft tankerinin getdiyi dəniz
mənzərəsi ilə tamamlanır.
M.Rəhmanzadə bir il sonra “Sosialist Bakısı”
adlı yenə 10 vərəqdən ibarət seriyanı
başa çatdırmışdı. Bura sənaye və
şəhər mənzərələri, eyni zamanda “Növbənin
təhvili”, “Növbə günü”, “Yeni yaşayış məskəninin
tikintisi” adlı kompozisiyaları daxil edilmişdi. Neft
Daşlarına səyahət zamanı rəssam dəniz
neftçiləri ilə birgə onların adi iş günlərini
müşahidə edərək Xəzərin sənaye mənzərələrini,
estakadaların tikintisini, neft rezervuarlarını, buruqları,
neft emalı prosesini canlandırıb.
Rəssamın neftçilərin əmək həyatının
xarakterik epizodları əks olunmuş sulu boya ilə çəkilmiş
əsərləri də xüsusi əhəmiyyət kəsb
edir. Onun “Bizim Xəzərdə” adlı avtolitoqrafiyası və
“Açıq dənizdə” litoqrafiyasında şaquli
buruqlar, polad estakadalar, parıltılı dəniz səthi təsvir
olunub. Rəssam “Növbətçi kater”, “Ərzaq gətirilib”,
“Tufanda” əsərlərində neftçilərin asan olmayan
zəhmətini, özünəməxsus məişətini əks
etdirib.
***
Azərbaycanın və keçmiş SSRİ-nin Xalq
rəssamı Tahir Salahovun yaradıcılığında neft
mövzusu xüsusi yer tutur. Hələ tələbəlik illərində
“Dalğalar”, “Xəzər axşamı”, “Neft Daşları”,
“Estakada” və s. əsərlər çəkən rəssamın
“Növbədən qayıdanlar” adlı diplom işi ona
böyük şöhrət gətirir. Sankt-Peterburq Rəssamlıq
Akademiyasının kolleksiyasında saxlanılan əsərdə
iş növbəsindən qayıdan gənc fəhlələr
təsvir olunub.
Sənətşünas, Əməkdar incəsənət
xadimi Ziyadxan Əliyev araşdırmasında yazır ki, rəssam
müasir və bir qədər də ənənəvi
mövzuya müraciət etməsinə baxmayaraq, diplom
işində fədakar əməkdən qaynaqlanan, romantikliyin
təminatçısı olan poetik ritmi və dinamikanı
özünəməxsus sərt bədii şərhlə
göstərmək istəyirdi. Tahir Salahov 1957-ci ildə
professor P.D.Pokarjevskinin rəhbərliyi altında “Növbədən
qayıdanlar” (165x368 sm) adlı diplom işini “əla” qiymətlə
müdafiə edərək sovet təsviri sənətində
yeni səhifə açdığını təsdiqlədi.
Bu gün T.Salahovun İçərişəhərdəki
ev-muzeyində nümayiş olunan əsərlər
sırasında biz çoxsaylı neft mövzulu təsvirlərə
də rast gəlirik. Rəssam neftçilərin çətin
əməyini tərənnüm edən müxtəlif
janrlı əsərlər yaradıb. Bu mənada, müəllifin
“Təmirçilər”, “Quraşdırıcı”,
“Neftçi”, “Çənlər parkı” və s. əsərlərini
qeyd edə bilərik.
***
Azərbaycan sovet rəssamlığında sənaye və
əmək mövzulu əsərlərdə neft sahəsi də
diqqət mərkəzində olub. Bu ilin may ayında Milli
İncəsənət Muzeyində “1920–1980-ci illər Azərbaycan
rəngkarlığı və qrafikası” adlı yeni
ekspozisiyanın təqdimatında da biz bunun şahidi olduq. Rəssamlarımızın
tematik tablolarında neftçilərin portret və neft mənzərəli
rəsmləri hər zaman tamaşaçılar tərəfindən
maraqla qarşılanıb.
XX əsrin əvvəllərində Bakıda neft mədənləri
üçün xarakterik olan hadisələrə görkəmli
rəssam Əzim Əzimzadənin “Neft qurbanı” əsərində
şahidlik edirik. Bu rəsmdə XIX əsrin əvvəllərində
qazanc üçün hər cür çətinliyə
razı olan fəhlələrin acınacaqlı taleləri
qabarıq şəkildə təsvir edilib.
Respublikanın digər tanınmış təsviri sənət
ustalarından M.Abdullayev, S.Bəhlulzadə, C.Müfidzadə,
R.Babayev, A.Hacıyev, B.Mirzəzadə, T.Nərimanbəyov və
başqalarının yaradıcılığında yer alan
neft mövzulu süjetli tablolar hər birinin fərdi müəllif
yanaşması baxımından qiymətlidir.
Xalq rəssamı M.Abdullayevin “Bakılılar” əsərində
sənaye motivinin cəlbedici görüntüsü
yaradılıb. Xalq rəssamı N.Qasımovun əsərlərində
Neft Daşları, neftçilər mövzusu, əmək
insanlarına baxış xüsusi yer tutur. Sovet dövrü
Azərbaycan təsviri sənətində əməkçilərin
fəaliyyəti rəssamların
dünyagörüşünə, fəlsəfəsinə təsir
göstərən amillərdən biri idi.
Xalq rəssamı C.Müfidzadənin də
yaradıcılığında neft mövzusu ayrıca yer
tutur. Onun sənaye mövzusunda işlədiyi “Abşeronun
tacı”, “Bakı neft paytaxtıdır”, “Polad meşə”,
“Neftayırma zavodu”, “Bakı krujevası”, “Neft məbədi” və
s. lövhələri özünün obrazlı bədii həlli
ilə seçilir.
B.Əliyevin neftçilərin əməyini əks
etdirən “Yeni neft yatağı”, “Növbədən əvvəl”
və “Fasilə zamanı” tablolarında isə neftçilərin
müxtəlif nəsillərinin təmsilçilərini bir
araya gətirən müəllif peşənin çətinliyinə
baxmayaraq, onu yeni nəslin həvəslə davam etdirmək istəyində
olduğunu diqqətə çatdırıb.
Professor Ziyadxan Əliyev bu mövzuda
araşdırmasında qeyd edir ki, zamanında bir çox
xarici əcnəbi, xüsusilə də rus-sovet rəssamlarının
Azərbaycan neft sənayesinin bədiiləşdirilməsi sahəsində
atdıqları ilk addımlar sonradan yerli sənətkarlar tərəfindən
uğurla davam etdirilib. S.Bəhlulzadənin “Xəzər üzərində
axşam”, “Xəzər gözəli”, “Mavi əfsanə” və
“Əbədi məşəl”, B.Mirzəzadənin “Yeddi gəmi
adası”, A.Hacıyevin “Yerin sahibi” və “Fırtınadan
güclü” kimi əsərlərində neft məkanları
və yerin təkindən təbii sərvət
çıxaranlar həm real-gerçəkçi, həm də
obrazlı-fəlsəfi tutumda tamaşaçılara təqdim
olunub.
***
Müasir dövr rəssamlığımızda da
neft mövzulu maraqlı sənət nümunələri
yaradılıb.
Görkəmli rəssamlar Arif Əziz, Arif Hüseynov,
Kamil Nəcəfzadə, Bəxtiyar Yusifov, Arif Ələsgərov,
Elbəy Rzaquliyev, Zakir Hüseynov və başqalarının
yaradıcılığında neft mövzusu öz əksini
tapıb.
Rəssam Sabir Çopuroğlu isə hətta əsərlərini
xam neftlə çəkməyə nail olub. Onun neftlə rəngləri
kətan üzərinə barmaqları vasitəsilə çəkməsi
olduqca maraq doğurur. Rəssam haqqında “Neftin adamı”
adlı qısametrajlı film də lentə alınıb.
Müasir rəssamların neft mövzusunda
yaratdıqları əsərlər içərisində
İrina Eldarovnanın “Qızlar neftçilərə
üstünlük verir” silsiləsi fərqliliyi ilə diqqəti
çəkir.
2021-ci ildə rəssam Səbinə
Şıxlinskayanın “Yaxından” adlı fərdi sərgisi
bütünlüklə neft sahəsinə və neftçilərin
həyatına həsr olunmuşdu. Rəssam neft mövzusunda
monumental rəsm əsərləri ilə yanaşı,
müasir sənəti əks etdirən video və səs
instalyasiyaları da təqdim edir.
Onu da qeyd edək ki, “Əsrin müqaviləsi”nin 20
illiyinə həsr edilən rəssamlıq müsabiqəsində
müəlliflərin neft mövzusunda 143 sənət nümunəsi
təqdim olunmuşdu.
Təsviri sənətimizdə neft mövzusu hər
zaman aktual olaraq qalacaq və fırça ustalarının fərqli
yanaşmaları ilə zənginləşəcək. Amma
etiraf edək ki, Azərbaycan təsviri sənətində neft
mövzusuna aid yüzlərlə əsər çəkilsə
də, Tahir Salahovun obrazlı-fəlsəfi tutumda olan əsərləri
bədiiliyinə görə fərqli və yaddaqalandır.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 18 sentyabr (¹69).- S.6.