“Cavanlıq eşqinlə
çalışanda aldığın qiymət adamı
ruhlandırır”
“Sənət adamına vaxtında qiymət verilməlidir.
Yaş ötüb sənətlə vidalaşmaq zamanı gələndə
dəyərləndirmə nəyimə lazımdır?”
“Yolun ki səhnədən düşdü…”
rubrikasının qonağı aktrisa Xalidə Əliməmmədovadır
Onu çoxdan tanıyıram. Hələ ötən əsrin
doxsanıncı illərində Azərbaycan Dövlət Gənclər
Teatrının səhnəsində tez-tez tamaşalarda,
özü də fərqli rollarda gördüyüm zamandan. Qəribə
də olsa, həmin teatrın, demək olar ki, bütün
tamaşaları barədə yazmışam, bu teatrdan pərvazlanmış
neçə-neçə aktyorla
tanışlığımız sənət dostluğuna
çevrilib. Amma Xalidə xanımla ünsiyyətimiz
olmayıb… Nədən? Səbəbini tapa bilmirəm. Deməli,
qismət indiyə imiş.
İlıq bir yay günündə Xalidə
xanımla çay süfrəsi arxasında əyləşib
söhbət edirik.
– Bizim təzə rubrikamızın ilk və ənənəvi
bir sualı var: necə oldu ki, yolunuz səhnədən
düşdü?
– Teatrı çox sevirdim. Aktrisa olmaq arzum idi. Təsəvvür
edin, 17 yaşımda, 90-cı ilin yayında Xaçmazdan
Bakıya gəldim, İncəsənət İnstitutuna (indiki
Mədəniyyət və İncəsənət Universiteti –
red.) sənədlərimi verdim, amma qəbul ola bilmədim.
Qurbanəli adlı bir müəllimim var idi. Qabiliyyətimə
bələd idi. Atama dedi ki, bu qızı kəndə qaytarma.
Kəndə gedəcək, bir nəfərlə ailə
quracaq, olacaq kənd gəlini, istedadı da batacaq. Qoy
Bakıda qalsın, işləsin, hazırlaşsın, bəxtini
yenə sınasın.
– Və …
– Atam razılaşdı. Rəhmətlik atam heç
bir övladının arzusuna qarşı
çıxmayıb. Mən düz dördüncü il qəbul
oldum. Hətta qohumlarımdan bəziləri mən instituta qəbul
olandan sonra da atama deyirdilər ki, Xalidəni niyə Bakıda
saxlamısan? O nə sənətdir seçib? Birdən yolunu
azar…
– Yolunu azmaq istəyən şəhərə, kəndə
baxmır ki...
– Elə atam da belə suallara kəsə cavab verirdi
ki, övlad mənimdir, mən bilərəm. Mənə
deyirdi ki, sənin arxanda dayanmışam, sevib seçdiyin sənətdir,
çətinliklərinə dözəcəksən də, bu
yolu sonadək gedəcəksən də!...
– Xalidə xanım, sənətə də teatrın,
kinonun böhranlı dövründə, sabaha etibarın
olmadığı bir vaxtda gəldiniz.
– Elədir. İnstitutda böyük aktyorumuz Məlik
Dadaşovun kursunda oxumuşam. Məlik müəllim həm də
böyük insan idi. Bizə təkcə sənəti yox, həyatı
da öyrədirdi. Çətin vaxtlar idi, həmişə
deyirdi ki, insanlarla ehtiyatlı olun, hər kəslə
ünsiyyət qurmayın… Hərəniz bir rayondan gəlmisiniz,
hələ gözünüz açılmayıb,
fırıldaqçılar aldadarlar sizi. Qızlara da həmişə
deyərdi ki, şalvar yox, don geyinin. Yoxsa yerişinizi,
oturuşunuzu itirəcəksiniz; bu sizə səhnədə də,
həyatda da mane olacaq...
– Amma tələbəlik geridə qaldı və siz
peşəkar aktrisa kimi fəaliyyətə
başladınız…
– Rəhmətlik Hüseynağa Atakişiyevin
yaratdığı teatrda böyüdüm, yetişdim. Nə
qədər çətinliklərdən keçdim o kollektivlə
birlikdə. Yadımdadır, Firuz Mustafanın “Qəfəs” əsərini
hazırlayırdıq. Premyeraya bir gün qalmış sonuncu
məşqdə Hüseynağa müəllim dedi ki, hazır
deyilsiniz. Bu gecəni teatrda qalıb məşq edirik, o
nöqsanları düzəldirik. Mən, Rəfael, Coşqun
(Əməkdar artistlər Rəfael İsgəndərov və
Coşqun Rəhimov) … səhərədək məşq etdik.
Axır ki, Hüseynağa müəllimi razı sala bildik.
Heç fikirləşmədik ki, bütün gecəni
çalışıb yorğun, yuxusuz halda premyeranı necə
oynayacağıq? Cavan idik, belə çətinliklər bizə
adi görünürdu.
– Maşallah, rollarınız da bol…
– Mənim rol sarıdan heç vaxt
kasadlığım olmayıb. Teatrda hansı tamaşaya daxil
ediblər, öz rolumu canla-başla oynamışam.
Çalışmışam ki, bir rolum digərinə
oxşamasın, xarakterlər seçilsin. Əlbəttə,
Gənclər teatrında işləyəndə rollarım
daha çox idi. Aktyor truppası kiçik idi deyə,
bütün heyət az qala hər tamaşada məşğul
olurdu.
– İki yığcam teatr kollektivinin bir böyük
teatra – Gənc Tamaşaçılar Teatrına birləşdirilməsi
prosesini necə keçdiniz?
– Gənclər teatrından sonra bu teatrdakı qaydalara
rahat uyğunlaşa bilmirdim. Kollektiv böyük, bütün
aktyorlar tamaşada məşğul olmaq istəyirlər. Mən
isə düşünürdüm ki, çox da
yaşlanmamış öz potensialımdan istifadə etməliyəm.
– Bəs hansısa teatra sizi dəvət ediblər?
– Hələ tələbə vaxtı Məlik
Dadaşov məni Akademik Dram Teatrına aparmaq istəyirdi.
Qorxdum, getmədim. Sonralar özüm iş yerimi dəyişmək
istəmədim.
– Səbəb?
– Bilirsiniz, hər təzə kollektivdə
sıfırdan başlamalısan. Məsələn, Gənclər
teatrında mən yüzdən çox irili-xırdalı rol
oynamışdım. Gənc Tamaşaçılar
Teatrında tamaşa quran rejissorlar məni səhnədən
tanıyırdılar, iş prosesindən yox. Odur ki, yenidən
özünü tanıdıb təsdiq edincə xeyli vaxt
gedir. Əslində, bu teatrdakı rol yükümdən
şikayətçi deyiləm. Bir çox tamaşada varam.
Amma gedib truppa müdirindən soruşum ki, niyə filan
rejissor mənə öz tamaşasında rol vermədi, yaxud
direktorun qapısını döyüm ki, niyə
tamaşalarım azdır, demərəm. Mən belə əməllərdən
uzağam. Dəyər verən verir, dəyər verməyən
də yanımdan ötüb keçir.
– Və bu məqamda siz?...
– Heç o tərəfə də baxmıram.
– Sənətlə bağlı çox pozitiv
düşüncəniz var. Dəyər verməyənlərdən
incimirsiniz…
– İnciyəndə nə olacaq ki? Nə dəyişəcək
ki? Görmək istəyən görür. Teatrın cari
repertuarında kifayət qədər məşğulam.
Ən son tamaşalardan “Qaraca qız”da Gülpərini, “Kod
adı: V.X.A.” tamaşasında Xədicə Kəngərlinskaya
rolunu oynayıram. Digər tamaşalarda da məşğulam:
istər uşaq tamaşası, istər böyük, mənim
üçün fərq etməz. Çünki sevdiyim işlə
məşğulam.
– Bəs pedaqoji fəaliyyətlə məşğul
olursunuz?
– Yox. Baxmayaraq ki, universiteti həm də
teatrşünaslıq üzrə magistr pilləsində
bitirmişəm. O zaman “Səhnə danışığı”
kafedrasının müdiri Əzizağa Quliyev məni laborant
kimi kafedrada saxlamaq istəyirdi, razılaşmadım. Daha bir
neçə il valideynlərimin hesabına yaşamaq istəmədim.
Əslində, həm kafedrada, həm də teatrda
çalışa bilərdim. Amma o təklifi qəbul etməməklə
böyük səhv etdim.
– Bəs indi? Səsinizin tembri yerində,
savadınız da, dünyagörüşünüz də, sənət
təcrübəniz də artıb.
– İndi universitetdə Kamilə Mehdiyeva həmin
kafedranın müdiridir. O da Məlik Dadaşovun tələbəsi
olub. Hərdən mənə deyir ki, gəl, pedaqoji fəaliyyətə
başla. Getmirəm…
– Niyə?
– Mən 2014-cü ildə qəfildən insult
keçirtdim. Tam bərpa olsam da, mənə səs-küylü
yerdə çox qalmaq olmaz. İndiki tələbələr də
bizim dövrün tələbələri kimi deyillər.
Çox nazlıdırlar (gülür)…
– Həm də bizlərə baxmış daha səhlənkardırlar…
– Bu da var. Mən heç kimi qınamıram. Yəni
gəncliyin seçimi budur.
– Bildiyim qədər, bir qızınız var. Onda necə,
sənət həvəsini hiss edirsiniz?
– Sənətə meyli var, amma mən istəmirəm.
Mən sənətdə çox əziyyət çəkmişəm.
– Bəlkə siz varsınız deyə,
qızınız o qədər də əziyyət çəkməz.
Hər necə olsa, sizin səhvlərinizi onun təkrar etməyinə
imkan verməzsiniz…
– Yox… Elə deyil. Sənət adamına vaxtında qiymət
verilməlidir. Yaş ötüb sənətlə
vidalaşmaq vaxtı gələndə dəyərləndirmə
nəyimə lazımdır? İnsan cavanlıq eşqi ilə
çalışanda aldığı qiymət onu daha da
ruhlandırır, həvəsləndirir.
– Xalidə xanım, dedikləriniz məndən
ötrü bir qədər mübahisəli olsa da, sizinlə
razılaşıram. Çünki hər kəsin öz həyat
fəlsəfəsi var…
– Bəzən küçədə, ictimai nəqliyyatda
gedəndə səsimi eşidəndə kimsə
dönüb geri baxır, deyir ki, səsiniz mənə
tanış gəlir… Mən də gülümsəyirəm
ki, yəqin bir axşam evinizə qonaq gəlmişəm.
– Yəqin ki, dublyaj səsləndirmələrini nəzərdə
tutursunuz…
– Bəli. Bununla bağlı bir hadisə yadıma
düşdü. İlk dəfə səsləndirməyə
gələndə gördüm ki, müəllimim Xalq artisti
Kamal Xudaverdiyev də oradadır. Sıxıldım. Kamal
müəllim səbrlə izah etdi ki, qızım, bura auditoriya
deyil, biz hamımız burada aktyoruq. Bu gün sən mənim
qızımın səsini yaza bilərsən, sabah isə
sevgilimin, həyat yoldaşımın, düşmənimin,
anamın. Biz bərabərhüquqlu işçilərik.
– Sənətdən başqa həyatınızda nə
var? Hansı işlə məşğulsunuz?
– Qızım, doğmalarım və səhnə.
Başqa heç nə… Hə, bir də uşaq olanda
xalçatoxuyan bacımın yanında əyləşib ondan
ilmə vurmağı öyrənmişəm, parça
üzərində sapla naxış sala bilirəm. Əgər
bunlar da bir istedad sayılırsa, deməli, nəsə
bacarıram.
– Əgər kövrəlməyəcəksinizsə,
sizə bir sual verim. Cavab vermək istəməsəniz, incimərəm...
– Buyurun…
– Bayaq dediniz ki, insult keçirtmisiniz. Doğum
tarixinizlə yaşınızı hesablayanda
çaşdım: axı cavan adam niyə durduğu yerdə
insult keçirtsin? Belə bəlalar adamı boşuna
yaxalamır.
– İnsana bütün nemətləri, gözəllikləri,
mükafatları Allah bəxş edir. Biz gərək xəstəliyi
də, bəlanı da, faciəni də şükürlə
qəbul edək. Mən özüm ibadət əhliyəm.
Reanimasiyada yatanda anam, bacılarım hamısı
yığışıb gəldi. Bacım mənə dedi ki,
yataqda olsan da, namazını qıl, hərəkət edə
bilmirsənsə, heç olmasa, sözlərini de. Cavab verdim
ki, unutmuşam. O da dedi ki, eybi yoxdur, nə yadındadırsa,
onu da təkrar et. Düz üç gün gecə-gündüz
“bissimillah-rəhmani-rəhim”, bir də “əlhəmdüllah”
dedim. Palataya keçəndən sonra bacım soruşdu ki, nəsə
yadına düşür? Dedim ki, hə, bir-bir sözlər
yadıma düşür. Amma mənim bir tərəfim
iflicdir, hərəkət edə bilmirəm, nə vaxt
ayağa qalxacağımı da bilmirəm, necə dəstəmaz
alım? Bacım sakitcə dedi ki, sən yadına düşənləri
təkrar et, əlini divara sürt, təhəmmül et,
namazını qıl. İnanırsınız, mən yataq xəstəsi
olduğum halda da ümidimi Allahdan heç kəsmədim, ibadətimdən
qalmadım, bütün dualarımda da Allahıma
şükür etdim. Müalicə həkimim
doğmalarıma deyirmiş ki, hazırlıqlı olun…
– Yəni hər cür sonluq ola bilərdi?...
– Bəli. Deyilənə görə, mən çox
ağır formada insult keçirtmişdim. Altı ay yataqda
qaldım. Təxminən bir ilə yenidən yeriməyi
öyrəndim, orqanizmimdəki fizioloji funksiyalar bərpa
olundu.
– O zaman qızınızın neçə
yaşı var idi?
– Dörd yaşı var idi. Özü də
uşağın gözünün qarşısında oldu hər
şey. Küçədə getdiyimiz yerdə hiss etdim ki, sol
ayağım dartılır, elə bil addım atmaq istəmir.
Gözlərimdən sel kimi su axırdı. Həmin hadisədən
10 il keçib. Bu gün mən ayaq üstəyəm.
Sağlamam. İşləyirəm. Övladımı
böyüdürəm. Öz gücümə mənzil sahibi
olmuşam. Min şükür! Allah hər kəsə hər
şeyi onun istədiyi qədər vermir.
– Şükür ki, elə ağır xəstəlik
fəsadsız ötüşdü və siz bu gün də səhnədəsiniz.
– Əgər anam, qardaşım, bacalarım, yaxın
rəfiqələrim olmasaydı, mən bu gün ayaq üstə
olmazdım. Həkimlərim Təranə xanıma, Lalə
xanıma bu gün də minnətdaram.
– Səhnəyə qayıdışınız necə
oldu?
– Xəstəlikdən ayağa qalxandan sonra əvvəlcə
xırda rollarla, epizodlarda səhnəyə
çıxırdım ki, çox yorulmayım. Sağ olsun
teatrın rəhbərliyi, rejissorlarımız ki, mənim vəziyyətimə
anlayışla yanaşdılar. “Ünvansız qatar”da Bələdçi
obrazı ilə səhnəyə qayıtdım.
– Serial seyr etməyi sevənlər sizi müxtəlif
rollarda görüblər. Bu cəbhədə vəziyyət
necədir?
– İlk çəkildiyim serial “Sirr” adlanırdı.
Sonralar “Muradına çatan günəş”, “Bir ovuc torpaq”,
“Həyat varsa”, “Ata ocağı” seriallarında çəkildim.
Hələlik ən son təhvil verdiyim serial “Vətəndaş
A” serialıdır. Cəfər Cabbarlının “Almaz” pyesinin
motivləri əsasında çəkilib. Gənc rejissor Elvin
Rüstəmzadə ekranlaşdırıb. Mən orda
savadsız, rüşvətxor biologiya müəllimi rolunu ifa
edirəm. Bu günlərdə efirə
çıxmalıdır. “Tilov”, “Sara” seriallarında məşğulam.
Teatr da məzuniyyətdən qayıdıb. Yeni
tamaşalarımız olacaq. Gəlin, sizi də
tamaşalarımızda gözləyirik.
***
Xalidə Əliməmmədova ömrünü sevdiyi
sənətə, ona çox əziz olan teatra həsr edib.
Peşmandırmı? Yox. Olsaydı, müsahibədən hiss
edərdim. Axı çox vaxt hər kəsə təqdim edilən
müsahibə əsl söhbətin dörddə biri olur, ya
olmur… Xoşbəxtdirmi? Məncə, hə. Çünki
Xalidə xanım həyatının, sənətinin ən
xoş anları ilə yaşamağı bacarır. Əslində,
onu xoşbəxt edən sənət və insan sevgisi,
övladı qarşısında valideyn məsuliyyəti,
doğmaları, dostları ilə münasibətində səmimiyyəti
və sədaqətidir.
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2024.- 18 sentyabr (¹69).- S.7.