Görkəmli
pianoçu, pedaqoq Elmira Səfərovanın məzarı
ziyarət olunub
Sentyabrın 16-da görkəmli pianoçu, pedaqoq,
Əməkdar incəsənət xadimi, professor Elmira Səfərovanın
(1934–1997) anadan olmasının 90-cı ildönümü tamam
oldu.
Bu münasibətlə Mədəniyyət Nazirliyinin
rəsmiləri, mədəniyyət xadimləri, sənətkarın
yaxınları II Fəxri xiyabana gələrək Elmira Səfərovanın
xatirəsini yad etdilər, məzarı üzərinə
gül dəstələri qoydular.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov
pianoçunun yaradıcılığından söz
açdı, onun adının musiqi tariximizdə əbədi
yaşayacağını dedi: “Elmira Səfərovanın
yetirmələri bu gün konsert-ifaçılıq və
pedaqoji fəaliyyətləri ilə onun yolunu davam etdirirlər.
Tələbələri dünyanın bir çox ölkələrində
çıxış edərək Azərbaycan musiqisinin təbliğinə
öz töhfələrini verirlər”.
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin tabeliyində fəaliyyət göstərən
L. və M.Rostropoviçlər adına 21 nömrəli
onbirillik Musiqi məktəbinin direktoru Məmməd Quliyev,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
kafedra müdiri Əməkdar artist, professor Samirə
Aşumova və başqaları çıxış edərək
Elmira Səfərova ilə bağlı xatirələrini
bölüşdülər.
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq
yazıçısı Anar sənətkarın ailə
üzvləri adından çıxış edərək
Elmira Səfərovanın xatirəsinə göstərilən
ehtirama görə tədbir iştirakçılarına təşəkkürünü
bildirdi.
Elmira Səfərova 16 sentyabr 1934-cü ildə məşhur
mühəndis-neftçi Yusif Səfərovun ailəsində
doğulub. Elmira xanım uşaqlıq dövründən
musiqiyə həvəs göstərib. Bu sahədə ilk təhsilini
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasının (indiki BMA) nəzdindəki musiqi məktəbində
alıb. K.Səfərəliyeva, T.Qruşko, L.Yeqorova kimi
görkəmli pedaqoqlardan ifaçılığın sirlərini
öyrənib. 1952-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasına (professor M.Brennerin sinfi) qəbul olunub.
1957-ci ildən təhsilini P.İ.Çaykovski adına Moskva
Dövlət Konservatoriyasının aspiranturasında davam
etdirib. Musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində
(1960) laureat adını qazanıb.
1961-ci ildən Azərbaycan Dövlət
Konservatoriyasında müəllimlik fəaliyyətinə
başlayan E.Səfərova respublikamızda musiqi sənətinə
və fortepiano ifaçılığı üzrə peşəkar
kadrların hazırlanmasına töhfələr verib. O,
sonralar məşhurlaşan və bu gün pianoçu kimi Azərbaycan
musiqisini uğurla təmsil edən bir çox
ifaçıların müəllimi olub.
E.Səfərova pedaqoji fəaliyyəti ilə
yanaşı, konsertlərdə də solo və ansambl
ifaçısı kimi çıxış edib. 1995-ci ildə
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil
etdiyi klassik və müasir musiqi festivalı böyük
maraqla qarşılanıb.
Görkəmli pianoçu 1997-ci ildə – pedaqoji fəaliyyətinin
və yaradıcılığının parlaq
çağında dünyasını dəyişib.
Nurəddin
Mədəniyyət .- 2024.- 18 sentyabr (¹69).- S.5.