Üzeyir Hacıbəylinin
evində “Sənət akademiyası” istedadlarının
konserti
Sentyabrın 17-də Üzeyir Hacıbəylinin
Bakıdakı ev-muzeyində dahi bəstəkarın doğum
gününə həsr olunan konsert proqramı təqdim
olundu. Konsertdə Əməkdar artist Aybəniz
Haşımovanın “Sənət akademiyası”nın gənc
istedadları çıxış etdilər.
Üzeyir bəyin musiqi müəllifi olduğu
himnimizin möhtəşəm səslənişi ilə
başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin
dahi bəstəkar haqqında fikirləri yer alan videoçarx
nümayiş olundu.
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin rəisi İbrahim Əliyev, Xalq artisti Vamiq Məmmədəliyev,
Əməkdar jurnalist Zemfira Məhərrəmli
çıxış edərək Üzeyir Hacıbəylinin
ömür yolundan, zəngin yaradıcılığından
danışdılar.
Bildirildi ki, bəstəkarın ölməz musiqisi hər
zaman bizimlədir. Azərbaycan musiqi sənətinin belə
yüksək səviyyəyə çatması onun
dühasının məhsuludur.
Aybəniz Haşımova çıxışında
dedi: “Düz bir ildir ki, “Arşın mal alan”ın məşqlərini
edirik. Nəhayət, bu gün – Üzeyir bəyin anadan
olmasının 139-cu ildönümü ərəfəsində
bəstəkarın evində, ocağında, ruhunun
dolaşdığı bu müqəddəs məkanda onun
qonağıyıq. Bu evdə hər şey əvvəlki
kimidir. Təkcə özü yoxdur, əlinin toxunduğu nə
varsa, hamısı danışır.
Biz isə onun əllərinin gəzdiyi,
dolaşdığı hər nə varsa, ona toxunaraq sanki onun
təsəllisini tapırıq. Səni sevirik, Üzeyir bəy.
Nə yaxşı ki, bu dünyaya Azərbaycanda gəlmisən!
Nə xoş mənə ki, sənin kəşf etdiyin
Sarabskinin yetirməsi, özünün də üzərində
hədsiz əməyin olan Şövkət xanım Ələkbərovanın
ilk üç tələbəsindən biri olmuşam. Bu tədbirin
keçirilməsində dəstək olan Mədəniyyət
Nazirliyinə, Üzeyir bəyin ev-muzeyinə minnətdaram.
Ümidvaram ki, proqramı bəyənəcəksiniz”.
Çıxışlardan sonra gənc istedadlar
Üzeyir Hacıbəylinin əsərlərindən ibarət
maraqlı proqram təqdim etdilər.
“Sənət akademiyası”nın yetirmələri
romanslarda, “Arşın mal alan” operettasından ariyaların yer
aldığı kompozisiyada həm vokal, həm də artistlik
bacarıqlarını nümayiş etdirdilər.
Aybəniz Haşımovanın özünün
ifasında “Leyli və Məcnun” operasından parça
(Leylinin ölüm səhnəsi) da alqışlarla
qarşılandı.
Sonda Aybəniz Haşımovaya Türk Ağsaqqallar
İctimai Birliyinin fəxri fərmanı təqdim olundu.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 18 sentyabr (¹69).- S.2.