Musiqimiz Norveçdə
səsləndirilib
Norveç Televiziya və Radiosu Simfonik orkestrinin
zalında Azərbaycan musiqisinə həsr olunmuş kamera
konserti keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən
bildiriblər ki, konsert soydaşımız, skripka
ifaçısı Narın Musayeva Folgerö və onun
musiqiçi həmkarlarının təşkilatçılığı
ilə baş tutub.
Sumqayıt şəhərində doğulan,
hazırda Norveçdə yaşayan həmyerlimiz bir sıra
müsabiqə və festivallarda iştirak edib, mükafatlara
layiq görülüb. 10 ildən çoxdur ki, Norveç
Televiziya və Radiosunun Simfonik orkestrində skripka
ifaçısıdır.
N.Musayeva Folgerö və həmkarlarının
konsertində Ü.Hacıbəylinin “Arazbarı”,
“Aşıqsayağı”, Q.Qarayevin simli kvarteti, skripka və
fortepiano üçün sonatası, “İldırımlı
yollarla” baletindən miniatürləri, “Don Kixot” simfonik
qravürlərindən “Səyahət”, F.Əmirovun
“Muğam-poema”, “Məhəbbət rəqsi”, həmçinin
“Bayatı-Şiraz” muğamının solo skripka
üçün işləməsi səsləndirilib.
Muğamı solo skripka üçün Mirhəşim Həşimov
və Azad Əliyev işləyib.
Yerli sakinlərlə yanaşı qonşu ölkələrdən
də dinləyicilərin olduğu konsert böyük maraqla
qarşılanıb.
Mədəniyyət .- 2024.- 18 sentyabr (¹69).- S.2.