Türk
dünyasının arxeoloq və alimləri Şuşada bir
araya gəliblər
Türk Akademiyası və AMEA-nın Arxeologiya və
Antropologiya İnstitutunun birgə təşkilatçılığı
ilə sentyabrın 14-dən 18-dək Şuşa şəhərində
Türk Dünyası Tədqiqat İnstitutları və
Arxeologiya Mərkəzləri Birliyinin (The Association of Research
Institutes and Centers of Archaeology of the Turkic World – ARICA) ilk rəsmi
toplantısı keçirilib.
Tədbirdə Azərbaycan, Türkiyə,
Qazaxıstan, Qırğızıstan, Monqolustan, Macarıstan,
Özbəkistan (o cümlədən Qaraqalpaq Muxtar
Respublikası) və Tatarıstandan (Rusiya Federasiyası) elmi-tədqiqat
mərkəzlərinin nümayəndələri iştirak
ediblər.
Türk Akademiyasının prezidenti Şahin Mustafayev tədbirin
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada
keçirilməsinin bütün Türk dünyası
üçün simvolik olduğunu vurğulayıb. Bildirib ki,
tədbirin əsas məqsədi Türk dünyasının
arxeologiya mərkəzlərinin, institutlarının əməkdaşlığını
gücləndirməkdir. Bu sahədə müştərək
arxeoloji qazıntıların, müxtəlif tədbirlərin,
o cümlədən müştərək elmi
araşdırmaların aparılması
planlaşdırılır.
Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad
Quliyev işğaldan azad edilmiş Azərbaycan torpaqlarında
aparılan bərpa və quruculuq işləri kontekstində
arxeoloqların üzərinə düşən vəzifələrdən
danışıb. O, gələn ildən etibarən türk
xalqlarının arxeoloji irsinin öyrənilməsi
yönündə böyük layihənin icrasına
başlanılacağını diqqətə
çatdırıb.
Tədbirin “Türk-islam irsinin tədqiqatları” və
“Türk xalqlarının Avrasiyada mədəni təsirləri”
mövzuları üzrə sessiyalarında təqdimatlar olub.
Sonda ARICA-nın Şuşa toplantısının qətnaməsi
qəbul olunub. Qətnamədə Türk dünyasının
arxeoloji irsinin araşdırılmasında
qarşılıqlı əməkdaşlığın
istiqamətləri öz əksini tapıb.
Tədbir iştirakçıları işğal
dövründə erməni
işğalçılarının törətdiyi vandalizm
aktlarını sübut edən qəbiristanlıq və məscidlərin,
yaşayış məskənlərinin
dağıntıları, azad edilmiş ərazilərdəki
bərpa-quruculuq işləri ilə tanış olub, həmçinin
arxeoloji qazıntı aparılan ərazilərə baş
çəkiblər.
Qeyd edək ki, 2023-cü ilin 9-10 noyabrında Özbəkistanın
Səmərqənd şəhərində keçirilən
Türk Dünyası Arxeologiya İnstitutu və Mərkəzləri
Rəhbərlərinin işçi toplantısında bu sahədə
müvafiq qurumun yaradılması
razılaşdırılıb və ARICA təsis olunub.
ARICA-nın məqsədi Türk dünyasının
arxeologiya mərkəzlərinin, institutlarının əməkdaşlığını
təşviq etmək, birgə tədqiqatlar, ekspedisiyalar həyata
keçirmək, mütəxəssislər hazırlamaq və
elmi ədəbiyyat nəşr etməkdir.
Mədəniyyət .- 2024.- 18 sentyabr (№69).- S.4.